İran nefti 30 dollar olsa da, satacaq, bəs Azərbaycan?

İran nefti 30 dollar olsa da, satacaq,


Fikrət Yusifov: “Qiymət 20 dollara ensə belə, Azərbaycan neft satışını davam etdirəcək”


İlham Şaban: “1998-ci ildə Azərbaycanın nefti 10 dollardan satdığı vaxtlar nə tez yaddan çıxdı”


Qərbin sanksiyalarının ləğvindən sonra dünya neft bazarına qayıdan İran nefti hətta qiymət 30 dollardan da aşağı düşsə, satacaq. Bu barədə ölkənin neft nazirik Bican Zəncani bildirib.

“Qiymət hətta 30 dollardan da aşağı ensə, bu, İranın neft sənayesini dayandırmayacaq. Sanksiyaların götürüldüyü ilk günlərdə hasilatın həcmi sutkada 500 min barel olacaq. Sonrakı aylarda həcm daha 500 min artırılaraq sutkada 1 milyon barelə çatdırılacaq” – deyib Zəncani. Nazirin sözlərinə görə, İranın neft hasilatının və “qara qızıl”ın ixracının həcmini Tehran müstəqil şəkildə özü müəyyən edəcək. Zəncani onu da əlavə edib ki, İran dünya bazarlarında öz mövqelərini qaytarmaq niyyətindədir və ümid edir ki, OPEC üzvləri bu məsələdə ona yardımçı olacaq.

Digər tərəfdən, ABŞ Konqresi xaricə xam neft ixracına embarqonu ləğv edən qanunlar paketini müzakirəyə çıxartmağa və qəbul etməyə hazırlaşır. Bu barədə Demokratlar və Respublikaçılar partiyalarından olan konqresmenlərin bəyanatlarına istinadən qadağan edən “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, Vaşinqtonda Ağ Evdə müzakirə olunan sənədlər paketində bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi və ətraf mühitin qorunması ilə bağlı tədbirlər görülməsini nəzərdə tutur. Prezident Obama administrasiyasında neftin xaricə ixracı ilə bağlı fikir ayrılığı olsa da, müzakirələr nəticəsində bütün tərəfləri razı salan qərarlar qəbul oluna bilər. Konqres bu qanunlar paketini artıq həftənin üçüncü günü qəbul edə bilər. Amma neft embarqosunun qaldırılması ilə bağlı danışıqlar hələ ki, ilkin mərhələdədir və onun sonda Konqresə təqdim olunan qanun layihələri paketinə daxil ediləcəyi tam dəqiqləşməyib. Senator Haydi Haytkampa “The Wall Street Journal”a açıqlamasında bildirib ki, “bizdə ehtiyatlı nikbinlik var ki, neft embarqosunun qaldırılması sövədləşmənin bir hissəsi olacaq”.

Əgər neft embarqosu qaldırılsa ABŞ dünyada ən böyük neft ixracatçısı olacaq. Son 4 ildə ölkədə neft hasilatı 70% artıb. Ekspertlərin fikrincə, ABŞ neft ixracına başlasa, onda “qara qızılın” qiyməti daha da düşəcək və uzun müddət 25-30 dollar səviyyəsində qalacaq.

Belə bir vəziyyət isə sözsüz ki, Azərbaycanı da ciddi şəkildə qayğılandırır. Çünki ölkəmizin növbəti il üçün qəbul etdiyi büdcəsində neftin qiyməti 50 dollardan götürülüb və büdcədə neftin xüsusi çəkisi var. Belə olan situasiyada Azərbaycan nə etməlidir, neft hasilatının azaldılması çıxış yolu sayıla bilərmi, yoxsa satışa və eyni qaydada istehsala “davam” deyilməlidir?

Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusibov “Yeni Müsavat”a dedi ki, neftin qiymətlərinin ətrafında baş verənlərin kökündə siyasi motivlər dayanır: “Biz bu barədə fikirlərimizi mətbuat səhifələrində kifayət qədər açıqlamışıq. İran neftinə illər boyu qoyulmuş qadağanın birdən götürülməsini də siyasi oyunların tərkib hissəsi kimi dəyərləndiririk. Bir məsələni unutmaq olmaz ki, ABŞ başda olmaqla Qərb Rusiyaya nə qədər etibar edirsə, onun İrana etibarı da bundan artıq deyil. Bəs, onda nə baş verir? Nə üçün İran neftinin dünya bazarlarına çıxarılmasına “yaşıl işıq” yandırıldı? Məqsəd məlumdur. Qərb əsil həqiqətdə İranı heç vaxt bütün dünyaya təqdim etdiyi kimi güclü və təhlükəli bir dövlət hesab etməyib. Sadəcə, İranın itaətsizliyi Qərbə bu ölkənin təhlükəli obrazını yaradıb sanksiyalar tətbiq etmək yolu ilə onu sıxışdırmaq üçün lazım olub. O ki, qaldı İranın nüvə silahı istehsalı ilə bağlı yaratdığı təhlükəyə, Qərb bu təhlükənin real olduğunu bildiyi anda İrana hərbi müdaxilə edərdi və deyək ki, ABŞ bunun üçün indiyə qədər dəfələrlə sınaqdan çıxardığı təcrübəsinə istinad edərək heç BMT Təhlükəsizlik Şurasının qətnaməsini də gözləməzdi”.

F.Yusifovun fikrincə, ABŞ bu məsələdə çox həssas bir oyun oynayır: “O, artıq bu yolla keçmiş sovetlər birliyinin çöküşünə nail olub. Gözlənilən nəticəni verən bir təcrübə ortada olduğu halda, bu təcrübədən bu gün bütün Qərbi özü ilə hesablaşmağa məcbur edən Rusiyaya qarşı nə üçün istifadə edilməsin? Əgər hədəfə çatmaq yolunda ən eybəcər siyasi oyunların altından imza atılırsa, onda nə üçün İran nefti kartından istifadə olunmasın? Neft qiymətlərinin aşağı salınması hesabına sovetlər birliyini valyuta gəlirlərindən məhrum etməklə onun çökməsinə nail olan ABŞ həmin vaxt Səudiyyə Ərəbistanı kartından məharətlə istifadə etmişdi. O zaman ABŞ-ın təkidi ilə Səudiyyə Ərəbistanı neftin hasilatını artırmaq yolu ilə onun dünya bazarlarında qiymətlərinin kəskin şəkildə aşağı düşməsinə nail olmuşdu”. Sabiq nazir deyir ki, indi də tarix bir başqa formada təkrar olunur: “İran neftinin bazara çıxarılması və yaxın bir-iki il ərzində bu ölkədə gündəlik neft hasilatının 6 milyon barellə qədər çatdırıla bilməsi şansları dünya enerji bazarındakı mənzərəni kökündən dəyişə bilər. ABŞ-ın hesablamaları bunun üzərində qurulub. İllərdir leqal yolla neft gəlirləri əldə etməkdən məhrum olmuş İranın isə əlinə yaxşı fürsət düşüb. İran Rusiya ilə siyasi müstəvidə nə qədər yaxın olsa da, bu müstəvidə dost olmur. Bu müstəvidə hər bir tərəfin ən yaxın dostu onun maraqlarıdır. Bu maraqlar da hər şeyi həll edir. Odur ki, İran bu nefti bazara çıxartdıqca, getdikcə onun həcmini artırdıqca yalnız öz mənfəətini düşünəcək. Ona Rusiyanın taleyi az maraqlı olacaq. Hətta neftin bir barelinin qiyməti 20 dollar və ondan bir qədər aşağı olsa da, İran nef satışının həcmini azaltmayacaq. Onu az mənfəət də qane edəcək. ABŞ bax, bunu hesablayıb. Ona “Rusiya problemini” həll etmək yolunda nəinki İran, lazım gəlsə, Şimali Koreya da müttəfiq ola bilər”.

Ölkəmizə gəldikdə, F.Yusifov qeyd etdi ki, Azərbaycan neftinin bir barelinin maya dəyəri bu gün 15 ABŞ dolları səviyyəsindədir: “Yəni bundan aşağı ola biləcək qiymət neftin ziyanla başa gəlməsi demək olardı. Hesab edirəm ki, qiymətlər 20 dollara ensə belə, Azərbaycan neft satışını davam etdirəcək. Neftin qiymətlərinin aşağı düşməsi səbəbindən hökumətin daha az gəlirlər əldə etməsini isə fəlakətə çevirmək çox böyük yanlışlıqdır. Azərbaycanın 2016-cı il dövlət büdcəsinin gəlir və xərclərinin strukturuna nəzər salan hər kəs büdcənin neftsiz gəlirlərinin bütün sosial xərcləri artıqlaması ilə bağlaya bildiyinə şahid olar. Bəli, neft qiymətlərinin aşağı düşməsi səbəbindən gəlirlərin azalması baş verəcək. Necə ki, bu, indi baş verir. Bu vəziyyətdən çıxış yolu isə bəzi iri, vacib olmayan layihələrin maliyyələşdirilməsinin dayandırılması və bir sıra ikinci, üçüncü dərəcəli xərclərin ixtisarından keçir. Bu da yaranmış vəziyyət üçün çox adi bir haldır. Valyuta gəlirlərinin və mövcud valyuta ehtiyatlarının azalması isə manatın məzənnəsi ilə bağlı siyasətə yenidən baxmağı zəruri edir. Daha doğrusu, milli valyutanı tədricən üzən məzənnəyə keçirməyə hazırlamaq lazımdır. Bu keçidin daha yumşaq nəticələrlə baş verməsi isə ilk növbədə Mərkəzi Bankın onu nə qədər ölçülüb-biçilmiş bir şəkildə hazırlamasından asılı olacaq”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə neftin qiymətinin düşməsi şəraitində satışın dayanmamasında təəccüblü bir şey görmür: “1998-ci ildə Azərbaycanın nefti 10 dollardan satdığı vaxtlar nə tez yaddan çıxdı? O zaman bir müddət neftin qiyməti hətta 9 dollara düşdü. Ancaq 2014-də neftin orta qiyməti 14 dolları keçmədi. Yəni deməyim odur ki, indi də istəyir həmin qiymətlər təkrarlansın, lakin neft də hasil ediləcək, ixracımız da davam edəcək”. İ.Şaban bunu da təbii sayır: “Çünki əvvəla, bizim qlobal bazara başqa ixrac edəcəyimiz nə var axı neftdən başqa? İkincisi də adətən, bazarda bu cür aşağı qiymətlər çox qısa müddətdə olur, sonra yüksəlir. Hələ ki, heç bir enerji agentliyi gələn il üçün neftin qiymətini 50 dollardan aşağı həddə hesablamayıb. Orta qiymət 55 ətrafında proqnoz edilir”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
770 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...