Nardaranda növbəti əməliyyat: daha 5 nəfər saxlanıldı

Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları növbəti əməliyyat keçirir. Trend-in məlumatına görə, bu gün səhər saatlarında Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə ərazisindən silah-sursat, narkotik maddələr aşkar edilib. Əməliyyat zamanı hadisədə təqsirli bilinən daha 5 nəfərin saxlanıldığı bildirilir.
Sabunçu Rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. İdarədən bildiriblər ki, hazırda əməliyyat qrupu Nardaran qəsəbəsindədir və əməliyyat davam edir. Nardaran sakini Məşədi Natiq Kərimov isə sayta bildirib ki, qəsəbədə əməliyyat dünən axşam saatlarından başlayıb və bir neçə nəfər saxlanılıb. Onun sözlərinə görə, saxlanılan şəxslərdən birinin adı Rəşiddir. Saxlanılan şəxslər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb.
Xatırladaq ki, Nardaran qəsəbəsində bundan əvvəl noyabrın 26-da əməliyyat keçirilib. Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri həmin əməliyyat zamanı "Müsəlman Birliyi" adı ilə tanınan təşkilatın 14 üzvü saxlanılıb. Hadisə nəticəsində baş verən qarşıdurma zamanı ikisi polis əməkdaşı olmaqla 7 nəfər həlak olub. Həmin əməliyyatdan sonra hüquq mühafizə orqanları əməkdaşları Nardaran qəsəbəsini nəzarətə götürüb.
* * *11:50
Bakının Nardaran qəsəbəsində növbəti dəfə silah-sursat tapılıb. “Report” xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin keçirdiyi birgə əməliyyat nəticəsində Nardaran qəsəbəsi, “Bağlar yolu” massivində yolun kənarında ağ mələfəyə bükülmüş 1 ədəd qundağı kəsilmiş və lüləsi kəsilmiş 12 çaplı, 1 ədəd 16 çaplı, 1 ədəd nömrəsi silinmiş 12 çaplı ov tüfəngləri və 12 ədəd təyinatı üzrə ov tüfənginin patronları aşkar olunaraq götürülüb.
397 dəfə oxundu