“Vəziyyətdən çıxış yolu inhisarçılığa, məmur özbaşınalığına, harınlaşmağa son qoymaqdır” - MÜSAHİ

 “Vəziyyətdən çıxış yolu inhisarçılığa, məmur özbaşınalığına, harınlaşmağa son qoymaqdır” -


“Geninə-boluna xərcləməyə öyrəşən hökumət modelindən imtina etmək lazımdır”


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli manatın devalvasiyası və onun Azərbaycan iqtisadiyyatında törətdiyi fəsadlarla bağlı Modern.az saytının suallarını cavablandırıb.


O, əvvəlcə hökumətin bundan sonra görə biləcəyi işləri sadalayıb:

“Hökumətin “neftin qiymətinin 40 dollar ətrafına endiyi halda nə etməli” sualına cavab verən tədbirlər planı var. Artıq neftin qiyməti həmin həddən aşağıya enib. Ona görə də hökumət indi “neftin qiymətinin bundan da aşağı - 30, 25, 20, 15 dollara düşməsi şəraitində nə etməli” sualına cavab verən tədbirlər planı da hazırlamalıdır.

Bundan da pis vəziyyət yaranmasın deyə, hökumətin və Mərkəzi Bankın nisbətən kiçik, məsələn, məbləği 10 min manatadək olan kreditlərin köhnə məzənnə ilə ödənilməsi məsələsini həll etməsi məqsədəuyğun olardı. Bu addım dollarla kredit götürənlərin xərclərinin ifrat dərəcədə artmasının qarşısını alar”.

- Bir müddət əvvəl müstəqil ekspertlər növbəti devalvasiya olacağı barədə proqnozlar verirdilər. Amma rəsmilər, müvafiq qurumlar heç bir halda ikinci devalvasiyanın baş tutmayacağı fikrində israrlı idilər. Proqnozlar özünü doğrultdu... İqtisadçı deputat olaraq Mərkəzi Bankın “üzən məzənnə” siyasətinə keçidi və ardınca ikinci devalvasiyaya getməsi sizin üçün gözlənilən idi?

- Bu il fevral ayının 17-də Mərkəzi Bank çevik məzənnə siyasətinə və “yumşaq devalvasiya”ya keçmək barədə qərar qəbul edəndə, biz onun tərəfdarı olduq. Amma 3 gün sonra, fevralın 21-də şok devalvasiya qərarı veriləndə bunun əleyhinə çıxdıq. Çünki ödəniş balansında 11 milyard dollara yaxın müsbət saldo, ixracı idxalından 2,5 dəfə çox, büdcə kəsiri 1 faizin altında, 50 milyard dollardan artıq valyuta ehtiyatına sahib və Mərkəzi Bankın valyuta ehtiyatlarının manatın nisbi sabitliyini saxlamaqdan ötrü zəruri olan məlum normativdən 4 dəfə çox olan bir ölkədə 34 faizlik “şok devalvasiya” ağlasığan bir şey deyildi. Bunun iqtisadi məntiqi yox idi və yalnız qeyri-iqtisadi amillərin hesabına törədildi. Ona görə də devalvasiyanın labüdlüyü fakt olsa da, yetərincə hazırlıq görmədən məhz 21 fevral devalvasiyası formasında çox qaba bir variantda şok səviyyəsində həyata keçirilməsi bizim üçün gözlənilməz və qəbuledilməz idi. 21 fevralda yox, hələ ondan bir neçə il əvvəldən başlayaraq iqtisadi fəallığı artırmaq, idxalı əvəz edən yerli istehsalı inkişaf etdirmək, beləliklə də idxalı məhdudlaşdırmaq, ixracı isə stimullaşdırmaq zəruri idi. Bundan sonra yumşaq devalvasiyaya gedilməli idi.

Mərkəzi Bank 21 dekabra qədər yeritdiyi valyuta tənzimlənməsi siyasətini uzun müddət davam etdirə bilməzdi. Çünki qısa zaman kəsimində Mərkəzi Bank öz valyuta ehtiyatlarının yarısını bazara intervensiyaya xərcləmişdi. Belə şəraitdə həmin siyasət davam etdirilsəydi, Mərkəzi Bankın əlində olan-qalan 6 milyard dollar da bir neçə aya, uzağı gələn ilin ortalarına əriyib gedəcəkdi və daha ağır şəraitdə devalvasiyaya getmək zorunda qalacaqdı. Ona görə də Mərkəzi Bankın devalvasiyaya getməklə “üzən məzənnə” siyasətinə keçidi bizim üçün gözlənilən idi. Amma bizə elə gəlirdi ki, 34 faizlik “şok devalvasiya”dan sonra bu dəfə devalvasiya 20 faiz ətrafında olacaq.

- Siz daha çox hansı amillərə əsasən bunu əsaslandırır və sonra ikinci devalvasiyanı təxmin edirdiniz?


- Ona görə ki, iqtisadi əsası olmayan 21 fevral “şok devalvasiya”sından sonra ondan da sərt devalvasiyanın dərin iqtisadi səbəbi olsa da, məntiqə uyğun deyildi. Sualın ikinci tərəfinə gəldikdə, biz çıxışlarımızda tez-tez deyirdik ki, 21 fevral “şok devalvasiyası” yeni situasiya yaradıb, manatın neftin qiymətinə həssaslığı artıb. Ona görə də neftin qiyməti 50-55 dollardan 30 dollara doğru gedəndə, növbəti devalvasiya qaçılmaz olacaq. İndi elə bir situasiyadır.

Digər tərəfdən, artıq ödəniş balansımızdakı 11 milyardlıq müsbət saldo neftin qiyməti 40 dollardan aşağı endikcə, sıfıra doğru gedir və mənfi rəqəmlərlə ifadə olunacaq. Dolların möhkəmlənməsi, ABŞ FES-in qərarından sonra bu prosesin psixoloji təsiri daha çox ticarət etdiyimiz Rusiya, Türkiyə, İran və digər region ölkələrində milli valyutaların dəyərdən düşməsi ya Mərkəzi Bankın bir neçə ay sonra əlindəki valyuta ehtiyatları tükənəndə daha ağır bir durum şəraitində devalvasiyaya getməsini, ya da birmənalı şəkildə ölkəmizdə də üzən məzənnə sisteminə keçidlə bağlı qərar verilməsinə gətirib çıxarmalı idi. İkinci variant seçildi.

- İkinci devalvasiyadan daha çox əziyyət çəkənlər kommersiya banklarına kredit borcu olanlardır. Həmin insanların gərgin situasiyadan az zərərlə çıxması üçün hökumət hansı addımları atmalıdır?

- Prinsip etibarilə devalvasiya zamanı gəlirləri dollarla, xərcləri isə manatla olanlar udur, gəlirləri manatla, xərcləri dollarla olanlar isə uduzur. Bu baxımdan, devalvasiya nəticəsində əmanətləri dollarla olan 78 faiz əmanətçiyə ziyan dəymədi. Əmanətləri manatla olan 22 faiz əmanətçi isə manat-dollar məzənnəsinin nominal nisbətində uduzur. Daha pis vəziyyətə düşənlər isə dollarla borcu olanlardır. Ona görə ki, əgər bu il 21 fevrala qədər 15 min dollar kredit götürən vətəndaşın borcunun manatla ifadəsi 11766 manata ekvivalent idisə, 21 fevralda 34 faiz, 21 dekabrda isə 48 faiz artaraq hazırda bu məbləğ 29748 manata ekvivalent bir həddə çatıb. Bu o deməkdir ki, kreditin yalnız əsas məbləği son bir ildə 2 dəfəyə yaxın artıb. Bunun üzərinə də bankların qoyduğu, məsələn, ildə 25 faizi əlavə etsək, məbləğ borclunu çıxılmaz vəziyyətə salacaq haldadır.

Bu il 2 dəfə kəskin devalvasiya olması həm bank sistemini, həm də bankdan kredit alanları pis vəziyyətə salıb. Dollarla kredit götürən vətəndaşlar, əgər 21 fevral devalvasiyasından sonra borclarını ödəməkdə çətinliklə qarşılaşırdılarsa, 21 dekabr devalvasiyasından sonra daha ağır duruma düşüblər. Ona görə də dövlətin və Mərkəzi Bankın bu vəziyyətə müdaxiləsinə ehtiyac yaranıb. Məsələn, Qazaxıstan və bir sıra digər ölkələrin təcrübəsindən yaradıcılıqla istifadə edərək həmin uduzan kateqoriyaların əlavə xərclərinin bir hissəsi kompensasiya edilsə, yaxşı olar. Bundan da pis vəziyyət yaranmasın deyə, hökumətin və Mərkəzi Bankın nisbətən kiçik, məsələn 10 min manatadək olan məbləğli kreditlərin köhnə məzənnə ilə ödənilməsi məsələsini həll etməsi məqsədəuyğundur. Bu addım dollarla kredit götürənlərin xərclərinin ifrat dərəcədə artmasının qarşısını alar.

Eyni zamanda, ciddi təhlillərdən sonra dövlət, ödənilməsi mümkünsüz vəziyyətdə olan kreditlərin müddətini uzatmaq üçün banklara kompensasiya ödəyə bilər və ya həmin kateqoriyadan olan kreditlərin ödənilmə müddətini artıra bilər. Bundan əlavə, bayaq dediyimiz kimi, banklarda manatla saxlanılan əmanətlər 21 dekabr devalvasiyasından sonra 48 faiz dəyər itirib. Bu vəsaitin Mərkəzi Bank tərəfindən və ya ağırlığın bir hissəsini Mərkəzi Bank öz üzərinə götürməklə əmanətlərin indeksləşdirilməsi yolu ilə kompensasiya edilməsinə ehtiyac var. Məntiqlə, əgər bank hətta məişət texnikası alana belə krediti dollarla verirsə, niyə vətəndaşın banka qoyduğu manat həm də dollar nisbətində indeksləşdirilməsin? Bu əmanətlərin devalvasiyanın fəsadlarından qorunmasına imkan verər. Yaranmış fərq indekləşdirmə yolu ilə bərpa edilərsə, hələ sonu görünməyən bu qeyri-müəyyən vəziyyətdə əhalinin manata olan inamı tədricən bərpa oluna bilər. Bu da bankların manatla vəsait cəlb etməsinə şərait yaradar. Nəzərə alaq ki, 21 dekabr devalvasiyasından sonra təkcə dollarla deyil, həm də manatla kredit götürənlər də əziyyət çəkməyə başlayıb. Qiymətlərin artması bu qəbildən olan vətəndaşların çox hissəsinin maddi vəziyyətinin çətinləşdirdiyindən, onların aldığı kreditə görə, məsələn, bir il bundan əvvəl hər ay ödədiyi 300 manatı iki devalvasiyadan sonra ödəyə bilmirlər. Ona görə də kreditləri restrukturizasiya etmək, kreditə görə aylıq ödənişi məsələn, 300 manat olanların aylıq ödənişini 200 manata endirmək yaxşı olar.

- Dolların manat qarşısında 50 faizə yaxın möhkəmlənməsi Azərbaycanda idxaldan asılılıq səbəbindən hiss olunacaq bahalaşmaya gətirib çıxarıb. Vəziyyətdən istifadə edənlər isə həmişəki amplusındadır. Vətəndaş isə əziyyət çəkir...

- 21 fevral devalvasiyasından sonra biz Milli Məclisdəki çıxışlarımızdan birində hökumətə xitabən demişdik ki, devalvasiyanın mənfi yükünü azaltmaqdan və onun müsbət cəhətlərindən faydalanmaqdan ötrü 9-10 ay vaxtınız var, bundan bəhrələnməsəniz, həmin şans itəcək. Hökumət həmin müddətdə devalvasiyanın yaratdığı şans və fürsətdən yetərincə faydalana bilmədi. Yararlana bilsəydi, devalvasiyadan sonra ixrac artacaq, idxal isə azalacaqdı. Əksinə oldu: bəzi epizodlar istisna olmaqla ixrac azalır, idxal isə artır...

İkinci devalvasiya qiymətlərin, ilk növbədə xaricdən gətirilən malların bir hissəsinin qiymətlərinin artmasına gətirib çıxarır. Əgər bu sahədəki təcrübədən və rəsmi statistikadan çıxış eləsək, 34 faizlik birinci devalvasiya əhalinin daha çox işlətdiyi malların qiymətini orta hesabla 7-8 faiz artırmışdısa, 48 faizlik ikinci devalvasiya orta hesabla 16 faiz artırmalıdır. Amma bəzi monitorinqlərin nəticələri artıq indidən 20-30 faiz və daha çox artımdan xəbər verir. Dünən mən də hər şeyin şahidi olmaq üçün daha çox istifadə etdiyim supermarketə getdim. Malların bir qismi köhnə qiymətə satılsa da, digərlərinin qiymətləri nəzərəçarpacaq dərəcədə artmışdı. Bu məsələnin təbii tərəfi ilə süni qiymət artımını bir-birindən fərqləndirmək lazımdır. Deməli, süni qiymət artımına qarşı təsirli tədbirlər görülməsə, əhalinin bu sahədə itkiləri devalvasiyanın törətdiyi real itkilərdən də çox ola bilər. Qiymətlərin bu cür artımı əhalinin real gəlirlərini aşağı salacaq. Azərbaycanda qiymətlərin süni surətdə artırılmasının hər faizinə görə ailə büdcələri ildə 180 milyon manat pul itirir. Süni qiymət artımı 5-6

faizə çatanda bu itki artıq milyard manatla ölçülür. Əhalinin təbii qiymət artımından itkilərini kompensasiya etməkdən ötrü kompleks tədbirlər görmək lazımdır. Eyni zamanda, maaşların, pensiyaların və digər ödənişlərin artırılması istiqamətində konkret addımların atılmasına zərurət yaranıb. İlk növbədə əhalinin aşağı və orta maaşlı hissəsinin maaşlarının artırılması istiqamətində addımlar atılmalıdır.

Süni qiymət artımının qarşısını almaq üçün isə İqtisadiyyat və Sənaye Nazirliyi monitorinqlər təşkil edir. Kənd təsərrüfatı nazirliyi isə yarmarkaların sahəsini genişləndirmək niyyətindədir. Kənd təsərrüfatı məhsullarının bazara çıxarılması orta həlqələri, xüsusən də spekulyativ mahiyyət daşıyan həlqələri ləğv etməklə, alternativ bazarlar təmin etməklə süni qiymət artımının qarşısını xeyli dərəcədə ala olar.

- Müvafiq dövlət orqanları “hər şey nəzarətdədir” deməklə kifayətlənirlər. Sizcə, bu situasiyada hər şeyi nəzarətdə saxlamaq mümkündürmü?


- Düzü, bilmirəm, “hər şey nəzarətdədir” deyəndə daha çox nə nəzərdə tutulur, nə başa düşülür. Amma onu bilirəm ki, eyni siyasəti yeritməkdə davam etdirməklə indikindən yaxşı nəticəyə ümid etmək olmaz. Həm də hazırkı şəraitdə hər şeyi yox, lazımı olanı nəzarətdə saxlamaq, inkişafı isə illüziyalardan uzaq, azad bazar münasibətlərinin fundamental prinsipləri, xüsusən də azad sahibkarlıq əsasında qurmaq, yönəltmək, idarə etmək, tənzimləmək və stimullaşdırmaq lazımdır.

- Bir həftə əvvəl 2 manat 30 qəpiyə satılan çay bu gün 3 manat 60 qəpiyə satılır. Çörəyin çəkisi azaldılıb. Sadə vətəndaşı nə gözləyir? Bu, insanlar üçün ən pis durumdur, yoxsa daha betəri ola bilər?

- Bir həftə əvvəl 2 manat 30 qəpiyə satılan çayın indi 3 manat 60 qəpiyə satılması devalvasiyanın törətdiyi qiymət artımından daha çox süni qiymət artımıdır və belə halların qarşısı alınmalıdır.

2015-ci il ərzində dollara nisbətdə manatın məzənnəsi 0,78 manatdan 1,55 manata enməklə 2 dəfə aşağı düşüb. Bununla da Azərbaycanın maliyyə-bank sistemi çox ağır bir dönəmə qədəm qoyub. “Üzən məzənnə” siyasətinin beynəlxalq praktikadan məlum olan öz müsbət və mənfi cəhətləri var. Mərkəzi Bank üzən məzənnə siyasətinə keçməklə uzunmüddətli perspektivdə valyuta siyasətində geniş manevr imkanları əldə edəcək. Azərbaycanın ixrac etdiyi malların ucuzlaşması müqayisəli üstünlük yaradacaq. Ondan faydalanmaq isə avtomatik əldə olunmur, bu iş böyük bacarıq tələb edən məsələdir.

“Üzən məzənnə” siyasinə keçidlə bağlı bu cür kəskin devalvasiyaya gedilməsi, ölkənin ÜDM-nin, əhalinin gəlirlərinin artım tempini zəiflədən, inflyasiyanı artıran amillərdən biri olacaq. Ona görə də enerjidaşıyıcısı olan ölkələrin əksəriyyətindəki kimi, 2015-ci il kimi, 2016-cı il də Azərbaycan üçün də ağır il olacaq.

Manatın bundan sonrakı dinamikası xeyli dərəcədə dünya bazarında, xüsusən də maliyyə bazarında gedən proseslərdən, neftin qiymətindən, ölkədən kapital axının səviyyəsindən, Azərbaycanın əsas ticarət partnyorlarının valyuta bazarındakı hərəkətlərindən, Mərkəzi Bankın panikaları və dollar ajiotajlarını səngitmək bacarığından və sair bu kimi amillərdən asılı olacaq. Həmin amillərdən asılı olaraq manatın məzənnəsi enmələrin prioritetliyi şəraitində hələ bir müddət də qalxıb-enəcək.

- Dünya bazarında neftin qiyməti sürətlə enməkdədir. Azərbaycanın neftdən asılılığını azaltmaq, ölkədə qeyri-neft sektorunu inkişaf etdirmək üçün şərait varmı?

- Azərbaycanın əhalisi ilə sərvəti, potensialı tərs mütənasibdir. Azərbaycanın neftdən asılılığını azaltmaq, ölkədə qeyri-neft sektorunu inkişaf etdirmək üçün yetərincə imkan var, amma şəraiti də həmin imkanlar səviyyəsinə çatdırmaq lazımdır. Hazırda düşdüyümüz vəziyyətin səbəblərinin bir hissəsi bizdən asılı deyil, digər hissəsinin məsuliyyəti isə özümüzün üzərindədir. “Üzən məzənnə” siyasinə keçidlə bağlı bu cür kəskin devalvasiyaya gedilməsi, ölkənin bir sıra sosial-iqtisadi göstəricilərinə mənfi təsir göstərəcək. Bir il ərzində 2 dəfə kəskin devalvasiyaya gedən ölkəyə xarici sərmayə qoyuluşu sahəsində müəyyən tərəddüdlər yarana bilər. Texnologiya bahalaşacaq, bu da sərmayə gəlişinə əlavə problem olacaq və s. Amma siyasət düzgün qurulsa, belə hallar keçici xarakterli olacaq və iqtisadiyyatımızın neftdənkənar real hissəsini rəqabət qabiliyyətli səviyyəyə gətirib xeyli uduş əldə edə bilərik. Ona görə bu sualın cavabı xeyli dərəcədə bundan sonra görüləcək işlərin mahiyyət və keyfiyyətindən, eləcə də nə qədər sistemli və davamlı xarakter daşımasından asılı olacaq.

- Necə düşünürsünüz, bu saat çətin vəziyyətdən çıxmaqdan ötrü hansı sahələrin inkişaf etdirilməsi daha perspektivlidir?

- Məsələyə fundamental yanaşsaq, düşdüyümüz vəziyyətdən çıxışın alternativsiz yolu korrupsiya, inhisarçılıq, məmur özbaşınalıqlarına və daha çox bunlardan qaynaqlanan harınlaşmalara son qoymağa imkan verən ciddi, sistemli və sürətli islahatlardan keçir. Eyni zamanda, həm də “geninə-boluna xərcləməyə öyrəşən hökumət modeli”ndən, “yaxşı qazanmağı və qənaət etməyi bacaran çevik hökumət modeli”nə keçmək lazımdı. Hökumətin neftin qiymətinin 40 dollar ətrafına endiyi halda “nə etməli” sualına cavab verən tədbirlər planı var. Artıq neftin qiyməti həmin həddən aşağıya enib. Ona görə də hökumət indi neftin qiymətinin bundan da aşağı- 30, 25, 20, 15 dollara düşməsi şəraitində “nə etməli” sualına cavab verən tədbirlər planı da hazırlanmalıdır. Bundan ötrü yaxşı olar ki, hökumət iqtisadiyyatın və sosial sektorun prioritet sahələrinin inkişaf etdirilməsindən, xüsusən də bankları və əhalini belə kəskin devalvasiyanın mənfi təsirindən qorumaqdan ötrü 2016-2017-ci illəri əhatə edən proqram hazırlayıb həyata keçirsin.

Həmin proqramda ölkədə struktur islahatların dərinləşdirilməsi, prioritet sahələrə xarici və daxili sərmayədarlar tərəfindən sərmayə qoyuluşunun təşviqləndirilməsi üçün əlavə tədbirlərin görülməsi, sahibkarlığın qarşısında duran maneələrin aradan qaldırılması, kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi və ölkə iqtisadiyyatında onun payının hazırkı 5-6 faizdən 30 faizə çatdırılması, sosial proseslərin tənzimlənməsinin səmərəliliyinin artırılması, işsizliyin qarşısının etibarlı şəkildə alınması yolu ilə əmək bazarında yaranmağa başlayan gərginliyin azaldılması, əmək bazarının sabitləşdirilməsi və məşğulluğun səmərəliliyinin artırılması, regionlarda layiqli əmək haqqı olan iş yerlərinin açılması, inflyasiyanın səngidilməsi və ən çox sosial əhəmiyyət kəsb edən malların qiymətlərinin kəskin surətdə artmasının qarşının alınması, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi və devalvasiya nəticəsində əlavə itkilərinin kompensasiyası, kəndlərin dirçəlməsinə və kənd əhalisinin yoxsullaşmasının qarşısının alınmasına yönəldilmiş tədbirlərin genişləndirilməsi, bütün sahələrdə, xüsusən də maliyyə, kredit, gömrük və vergi sistemində şəffaflığın təmin edilməsi, lüzumsuz dövlət xərclərinin aşkarlanması və azaldılması, maliyyə resurslarının daha çox prioritet sahələrə və hökumətin sosial öhdəliklərinin yerinə yetirilməsinə yönəldilməsi, ictimai nəzarətin işlək mexanizminin yaradılması və tətbiq edilməsi kimi məsələlərə xüsusi yer vermək lazımdır.

Həmin islahatlar nəticəsində ölkədə bazar münasibətlərinin tələblərinə cavab verən inkişaf etmiş maliyyə, qiymətli kağızlar, valyuta bazarları, digər tərəfdən isə neft-qazdan əlavə ölkəyə çoxlu valyuta gətirə bilən şirkətlər, strukturlar və sair şəbəkəsi yarananda, manat iqtisadiyyatın güzgüsü kimi daha çox xarici yox, öz iqtisadiyyatımızın durumundan asılı olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
430 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...