Suriyada katolik Milad bayramı istirahət günü elan edildi
Suriyanın yeni hakimiyyət orqanları katoliklərin Milad bayramına təsadüf edən dekabrın 25 və 26-nı istirahət günləri elan edib. Bir gün əvvəl Dəməşqdə xristianların sıxışdırılmasına qarşı mitinqlər keçirilib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Əl-Vətən" qəzeti məlumat yayıb.
"Dövlət orqanlarının əməkdaşlarına 2024-cü il dekabrın 25-i və 26-sı çərşənbə və cümə axşamı günləri istirahət veriləcək. "Fəaliyyəti zəruri olan nazirliklər və dövlət qurumları fəaliyyətini davam etdirəcək", - "Əl-Vətən" qəzetinin Facebook-da dərc etdiyi hökumətin bəyanatında deyilir.
Qeyd edək ki, etirazlar dekabrın 23-də Hama əyaləti yaxınlığında bir qrup şəxsin Milad ağacını yandırdığını əks etdirən videonun internetdə yayılmasından sonra başlayıb. Onların "Ənsar ət-Tövhid” islamçı qruplaşmasından olan əcnəbilər olduğu güman edilir. Suriyada hakimiyyəti ələ keçirmiş "Həyat Təhrir əş-Şam” qruplaşmasının dini lideri ağacı yandıranların "suriyalı olmadığını” deyib və onların cəzalandırılacaqlarına və ağacın bərpa olunacağına söz verib.
"Həyat Təhrir əş-Şam” dekabrın 8-də Suriyada hakimiyyəti ələ keçirib. Ölkə prezidenti Bəşər Əsəd istefa verib və Rusiyaya qaçıb. Suriyanın yeni lideri Əhməd əl-Şaraa 2013-cü ildə Suriyada xristianlara, kürdlərə və ələvilərə yer olmayacağını desə də, sonradan bu sözlərini geri götürüb.
48 dəfə oxundu