“Məkkədə şəxsiyyəti müəyyən edilməmiş 21 konteyner cəsəd qalır” -

“Məkkədə şəxsiyyəti müəyyən edilməmiş 21 konteyner cəsəd qalır” -


İran səfiri Mina qurbanları ilə bağlı başsağlıqlarını qəbul edir. Xəbər verdiyimiz kimi, İranın Azərbaycandakı səfirliyi bu il Həcc mövsümü zamanı Mina vadisində baş verən qəzada həlak olan iranlı zəvvarlarla bağlı səfirliyinin 1-ci binasında mərasim təşkil edib. Sentyabrın 30-da və oktyabrın 1-də keçirilən mərasim zamanı dövlət rəsmiləri və Azərbaycanda fəaliyyət göstərən xarici diplomatların başsağlığı mesajlarını yazmaları üçün xüsusi xatirə kitabı da açılıb.

Ötən gün biz səfirliyə gedəndə səfir və səfirlik əməkdaşları başsağlığı vermək üçün gəlmiş şəxsləri qarşılayırdılar. Biz orada olduğumuz zaman Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi kimi iqtisadiyyat və sənaye naziri, eləcə də İran və Azərbaycan arasında hökumətlərarası komissiyanın həmsədri Şahin Mustafayev səfirliyə gələrək, başsağlığı verdi. İranın Azərbaycandakı səfiri Möhsin Pakayin musavat.com-a verdiyi qısa açıqlamada Məkkədə həlak olan iranlı zəvvarların sayının elan olunduğundan daha çox olduğunu bildirdi: “Bizdə olan son məlumatlara əsasən 239 nəfər iranlı zəvvar həlak olub, 241 nəfərdən isə xəbər yoxdur, onlar itkin hesab olunur, 29 nəfər isə hazırda xəstəxanadadır. Dünənə olan məlumata əsasən Səudiyyə hökuməti rəsmən 4700 nəfərin həlak olduğunu etiraf edib. Ancaq dünəndən onlar ümumiyyətlə, statistika və rəqəmləri elan etməyi dayandırıblar. Biz güman edirik ki, itkin düşənlər də həlak olublar.

Bu faciə nəticəsində ən çox Nigeriya vətəndaşının vəfat etdiyi güman olunur. Onların sayı 600 nəfərdən çoxdur. Məlumatlara əsasən 21 konteyner cəsəd var ki, hələ də onlar tanınmayıb. Bütün bunlar belə deməyə əsas verir ki, ümumi rəqəm 5 min nəfərdən də çox ola bilər”. O da məlum olub ki, Minada itkin düşən və ölənlər arasında İranın bir sıra yüksək rütbəli diplomatları da olub. Səfir Pakayin deyib ki, Ərəbistan hökuməti İranla itkin düşənlərin tapılması, cəsədlərin müəyyən olunması ilə bağlı aktiv əməkdaşlıq etmir: “İtkin düşənlər arasında İranın bir neçə diplomatı da var. Bunlar İranın Livandakı sabiq səfiri və eləcə də İran Xarici İşlər Nazirliyi Protokol Baş İdarəsinin müdir müavini, Vatikanda daha əvvəl səfir işləmiş Əhməd Fəhima da var. İranın Sloveniyadakı keçmiş səfiri Mir Ağayi də vəfat edənlər arasındadır.

Səudiyyə hökumət nümayəndələri çox danışır, təbliğat aparırlar, amma az iş görürlər. Bizdə olan son məlumata əsasən onlar ümumilikdə cəsədlərin təhvil verilməsi, cəsədlərin tanınmasında çox ləng işləyirlər. Çox maneələr, əngəllər yaradılır. Yalnız İran narazı deyil, eyni zamanda Nigeriya, Pakistan, İndoneziya kimi ölkələr də öz etirazlarını bildiriblər ki, Ərəbistan onlarla əməkdaşlıq etməkdən ya boyun qaçırır, ya da çox ləng işləyirlər. Biz təkidlə tələb edirik ki, Məkkədə həlak olan İran vətəndaşlarının cəsədləri ölkələrinə qaytarılmalı və İranda dəfn olunmalıdırlar. Ümid edirik ki, Ərəbistan bu vəzifəsinə əməl edəcək”.

Səfir deyir ki, İran hökuməti Həcc ziyarətinin təşkili ilə bağlı İslam Əməkdaşlıq Təşkilatına müraciət edib. Məqsəd Mina faciəsinin araşdırılması ilə bağlı müştərək komissiyanın yaradılmasıdır: “Biz Həcc ziyarətinin gələcək taleyindən də narahatıq. 4-5 min nəfərin ölümü çox böyük rəqəmdir. Əgər bu, gələcək illərdə də təkrar olunsa, bunun axırı necə olacaq? Hazırda Qərb mediası Məkkədə ölənlərdən yazmaq əvəzinə, daha çox Səudiyyə Ərəbistanının Həcc ziyarətinə xərclədiyi pulları qabardır. Biz inkar etmirik ki, Ərəbistan dövləti Həcc ziyarətinə böyük məbləğdə pul xərcləyir. Ancaq bu da həqiqətdir ki, Ərəbistan Həcc ziyarətindən həm də böyük pullar götürür. Buna görə də onlar hacılara minnət qoymamlıdırlar. Yəni xidmət göstərirlər və bunun əvəzində pul qazanırlar. Səudiyyə Ərəbistanı neftdən sonra ən böyük gəliri Həcc ziyarətindən qazanır. Olmazmı ki, onlar aldıqları pulun müqabilində elə şərait yaratsınlar ki, Həcc ziyarətinə gələnlər həlak olmasınlar?”

Səfir bildirdi ki, iki gün ərzində müxtəlif ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin təmsilçiləri, səfirlər, eləcə də Azərbaycan xalqının müxtəlif təbəqələrindən olan insanlar, o cümlədən, universitet müəllimləri, ziyalılar, incəsənət və din xadimləri səfirliyə gələrək, başsağlığı diləklərini çatdırıblar, xatirə kitabına ürək sözlərini yazıblar.

M.Pakayin ümid edir ki, İran və Səudiyyə Ərəbistanı hökumətləri dil tapacaqlar və bu mübahisənin beynəlxalq məhkəməyə çıxarılmasına gərək olmayacaq: “Ümid edirik ki, Ərəbistan hökuməti bizimlə əməkdaşlıq edəcək, məhkəməyə gərək qalmayacaq. Lakin bizim əsas tələbimiz İslam Əməkdaşlıq Təşkilatına ünvanlanıb. Biz müraciət etmişik ki, İƏT tərəfindən müştərək komissiya yaradılsın və bu komissiya Məkkədə baş verən faciənin səbəblərini araşdırmaq üçün Məkkəyə ezam olunsun”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1040 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...