Ağır xəstələr 3 aydır dərmansız qalıb – Azərbaycanda "Dimerast" böhranı

Ağır xəstələr 3 aydır dərmansız qalıb –
Azərbaycanda dağınıq skleroz (MS) xəstələri üçün həyati vacib sayılan "Dimerast" dərmanı artıq üç aydır ki, tapılmır. Dövlət qurumları da dərmanın çatışmadığını təsdiqləyib. Apteklərdə satılan ehtiyatlar tükənib və xəstələr dərmansız qalıb.

MS diaqnozu ilə yaşayan pasiyentlərdən biri Medicina.az-a danışaraq bildirib ki, sonuncu dəfə dərmanı may ayında ala bilib:

“Axırıncı dəfə mayda götürmüşük. İyun ayında getdik, dedilər ki, yoxdur. Ondan sonra özümüz axtarmağa başladıq. "Dimerast" heç yerdə tapılmır, əvəzedicisi "Tekfidera" var. "Dimerast" gəlmədiyi üçün apteklər onun da qiymətini qaldırır. Birinci ay 350 manata almışdım, ikinci ay 400, üçüncü ay 450 manat ödədim. İndisə ümumiyyətlə, tapa bilmirik. Xüsusi apteklər satır, amma hər adama vermirlər. Bu, dəhşətdir, xəstələri üç ay dərmansız qoymaq nə deməkdir?!”

Digər pasiyentlər də dərmanın tapılmaması səbəbindən müalicələrinin yarımçıq qaldığından şikayətlənirlər. Bəziləri maddi imkanına görə həbləri gündəlik yox, günaşırı qəbul edir:

“Axır vaxtlar bir həb qəbul edirəm ki, heç olmasa, yola verim. Öz pulumuzla belə dərmanı tapa bilmirik”.

Qiymətlər qalxır, dərman isə yoxdur

Əvvəllər dövlət təminatı ilə yanaşı, "Dimerast" bəzi apteklərdə də satılırdı. Hazırda isə nə dövlət xəstəxanaları, nə də apteklər bu dərmanı verə bilir. Əvəzində pasiyentlərə təklif olunan "Tekfidera" bahadır, həm də əlçatan deyil. Qiyməti hər ay artmaqla yanaşı, bəzi apteklərdə yalnız tanışlıq vasitəsilə satıldığı iddia olunur.

TƏBİB: Problem istehsalçı ilə bağlıdır

TƏBİB-dən Bakupost.az-a bildirilib ki, dərman təminatında yaşanan problem istehsalçı ilə bağlıdır və yaxın zamanlarda həllini tapmalıdır.

Maraqlıdır, TƏBİB-dən yaxın zaman deyərkən hansı müddəti nəzərdə tuturlar? Bir həftə, bir ay yoxsa, daha uzun müddət? Bəlli deyil. Vəziyyət isə doğrudan da acınacaqlı və dözülməzdir. Məsələ burasındadır ki, Azərbaycanda 2 minə yaxın pasiyent dağınıq sklerozdan əziyyət çəkir. Onların arasında 13 yaşdan aşağı uşaqlar da var. Uzun müddət dərmanın tapılmaması bu xəstəlikdən əziyyət çəkənlərin səhhətində ciddi ağırlaşmalara yol aça bilər. Çünki dağınıq sklerozun müalicəsində fasiləyə yol verilə bilməz. Hər keçən gün xəstələrin vəziyyətini daha da ağırlaşdırır.

Sistemdəki boşluqlar

Qeyd edək ki, dövlət tərəfindən təmin olunan preparatlarla bağlı oxşar problemlər mütəmadi olaraq gündəmə gəlir. Hər dəfə aydın olur ki, bir sıra həyati vacib dərmanlarla bağlı ehtiyatlar yoxdur, səhiyyə qurumları belə vəziyyətlər üçün "B" planına malik deyil və bu cür məsuliyyətsiz yanaşma nəticəsində xəstələrin həyatı riskə altındadır.

Ötən ilin statistikasına görə, Azərbaycanda 1867 dağınıq skleroz xəstəsi rəsmi qeydiyyatdadır və onların hər biri mövcud dərman böhranının birbaşa təsiri altındadır.

Qanunvericiliyə görə, dağınıq skleroz xəstələrinin müalicəsi üçün nəzərdə tutulan preparatlar dövlət tərəfindən tam qarşılanmalıdır. Yəni bu dərmanların apteklərdə kommersiya məqsədilə satılması qanunsuzdur. Əslində bu, yalnız dövlət tədarükü əsasında xəstələrə pulsuz paylanmalıdır. Ancaq xəstələr hazırda öz hesablarına belə bu dərmanı əldə edə bilmirlər...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
32 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...