İçməli su bazarında dövr edən pullar: Zirzəmilərdə doldurulan suları necə müəyyən etmək olar? - ARAŞDIRMA

İçməli su bazarında dövr edən pullar:
Yayda ən çox tələbat olan və mağazalarda satışa çıxarılan içməli su ilə bağlı şikayətlər gündən-günə artır. Çeşid-çeşid müxtəlif adda satılan suları içən istehlakçıların çoxu bu cür suların insan sağlamlığında hansı fəsadlar törətməsindən xəbərsizdir. Market rəflərini fərqli adlarla bəzəyən suların əslində paytaxtdakı sexlərdə, zirzəmilərdə yerləşən məntəqələrdə doldurulub satışa buraxılması barədə uzun illərdir, məlumatlar paylaşılır. Əhaliyə içirdilən bu cür məhsullar, təəssüf ki, “bulaq suyu” adı altında təqdim olunur. “Od qiyməti”nə satılması da məsələnin digər tərəfidir.



Pravda.az içməli su problemi ilə bağlı araşdırma aparıb.



Bir neçə mağaza və marketlərdə keçirilən sorğulardan aydın olub ki, satıcılar içməli suların sexlərdə, qeyri-şəffaf şəraitdə doldurulub “bulaq suyu” adı ilə insanlara sırınmasından məlumatlıdırlar. Hətta məşhur “Sirab”, “Slavyanka”, Damla” və bu kimi brendlərin saxta variantlarının olduğu da yalan məlumat deyilmiş. Məlumatlardan belə aydın olur ki, müxtəlif adlar altında satılan məşhur suların satışda təmiz olanları çox azdır. Belə halda qiymət fərqi də aydın hiss olunur.



Badamlı”, “Sirab”, “Slavyanka”, “Damla” zavodları bağlana bilər



“Sirab” kimi su brendlərinin 5 litrlik plastik bidonlarının çox vaxt ağzına qədər dolu olması da istehlakçılarda bu suyun təmizliyinə şübhə yaradır.



Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ildə 2 milyondan çox insan təhlükəsiz hesab etdiyimiz sular ucbatından zəhərlənərək ölür. Bir il ərzində 1 milyarddan çox insan isə içməli su vasitəsilə müxtəlif xəstəliklərə yoluxur.



Uzağa getməyək, elə ölkəmizdəki şikayətlər deməyə əsas verir ki, qablaşdırılmış bir çox içməli suların dadı mətbəx kranından gələn suyun dadından heç də fərqlənmir. Təmizlik baxımından da məsələ acınacaqlıdır. Market rəflərinə nəzər saldıqda görərik ki, “Böyük Qafqaz sıra dağlarının bulaqlarından gələn ekoloji təmiz su” devizi bir çox şirkətlərin etiketində həkk olunub. Araşdırmalarımızdan isə aydın oldu ki, bu devizlə satışa çıxarılan sular aidiyyəti qurumlar tərəfindən araşdırılıb və mərkəzləşdirilmiş su sistemindən gələn suların filtr edilməsi ilə qablaşdırıldığı üzə çıxıb. Təəssüf ki, günümüzdə müxtəlif adda fəaliyyət göstərən içməli su şirkətlərindən evlərə edilən sifarişlər on minlərlədir. Həmin müəssisələrin çoxu qida sahəsində normativ hüquqi aktların tələblərinə cavab vermir, qanunvericiliyə zidd olaraq məhsulların üzərində “müalicəvi” sözü qeyd olunur, ehtiyat su çəni, filtrləri, qablaşdırma avadanlıqları müvafiq qaydalara uyğun təmizlənmir, mexaniki filtrlər, kömür və qum filtrlərinin dəyişilməsi ilə bağlı qeydiyyatın aparılmasına dair təsdiqedici sənədləri yoxdur. Qida məhsulları ilə təmasda olan avadanlıqların yuyulması üçün nəzərdə tutulmayan kimyəvi maddələrdən istifadə olunur. Bir daha təəssüflə qeyd edirik ki, bu cür su şirkətləri “moyka”lara bitişik, binaların altında, piyada yolunun üstündə, “Qida təhlükəsizliyi haqqında” Qanunun müvafiq tələblərini kobud şəkildə pozaraq müvafiq normalara cavab vermədən fəaliyyət göstərirlər. Ekspertlər dəfərlərlə çağırış edirlər ki, bu kimi məhsulların satışı dayandırılmalı və şirkət rəhbərləri barəsində müvafiq tədbirlər həyata keçirilməlidir.



Problemi mütəxəssislərlə də müzakirə etdik.



Kimya elmləri doktoru, professor Məhəmməd Babanlı deyib ki, içməli suyun tərkibində müəyyən intervallar nizamlı olmalıdır:



AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı: “Əsas vəzifəmiz gənc tədqiqatçıların dünya elmi səviyyəsinə qalxmasına dəstək verməkdir”



“İçməli su nə distillə olunmuş sudur, nə də yağış suyu. Eyni zamanda ağır su olmamalı, çay sularından götürülmüş, xüsusi həddə gətirilərək emal olunmuş su olmalıdır. Təəssüf ki, su problemi bütün dünyada getdikcə kəskinləşən həddə çatıb. Azərbaycanda da artıq içməli su ilə bağlı problemlər yaranır. Məlumdur ki, adi su və içməli su ehtiyatlarımızın əksəriyyəti iki böyük çaydan götürülür. Həmin çaylar isə mənbələrini başqa ölkələrdən götürürlər. Türkiyədən, Gürcüstandan... Orada çayın suyu istifadə olunur, çirklənir. Bu ciddi problemdir, təkcə məişət problemi deyil. Zirzəmilərdə “içməli su” adı ilə doldurulan sularla mübarizə aparmaq lazımdır. Plastik qablara doldurulub satılan sulara inam çox azdır. Onların heç də hamısı standartlara cavab vermir. İçməli suyun tərkibi ilə bağlı müəyyən olunmuş və dünyada qəbul olunmuş dövlət standartları var. İstehlakçılara satılan içməli sular bu standartlara cavab verməlidir. Bu suların tərkibində komponentlər eyni olmalıdır. Həll olmuş duzlar, kationlar... Elə maddələr olmalıdır ki, insan sağlamlığına ziyanı olmasın. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin vəzifələrindən biri də bu sahəyə nəzarət etməkdir. İçməli sularla bağlı problemi nəzarətdə saxlasınlar”.

Qida eksperti Fərid Səfərov da qeyd edib ki, içməli su bazarında həqiqətən də ciddi problemlər mövcuddur:

Qlobal problemə çevrilən PİYLƏNMƏ: Qida seçimi ilə bağlı TÖVSİYƏLƏR - Yeni Çağ

“Problemlərdən biri mənbənin qeyri-müəyyənliyidir. Bəzi qablaşdırılmış və ya sifarişlə gətirilən sularda etiketdə göstərilən bulaq, artezian və ya dağ suyu mənbəyi real olmaya bilər. İnsan sadəcə ad və dizayna aldanır. İstehsalat şəraitinin qeyri-şəffaflığı da əsas məsələdir. Təəssüf ki, bəzən zirzəmidə, nəzarətsiz məkanlarda, sadəcə, kran suyunu filtrləyib qablaşdıraraq satışa çıxarırlar. Bu isə böyük təhlükədir. Laboratoriya yoxlanışının olmaması məsələsi də vacib amildir. Çox nadir hallarda istehsalçı istehlakçıya müstəqil laborator nəticələr təqdim edir. İnsanlar suyun keyfiyyətini necə anlaya bilərlər? Etiketə diqqət etməklə. Etiketdə mənbə göstərilməlidir ki, su doğrudan da artezian quyusu, bulaq və s. suyudurmu. Həmçinin “AZS” və ya beynəlxalq keyfiyyət sertifikatları qeyd olunmalıdır. Tanınmış brendlər istehsal prosesini ictimaiyyətə açıq göstərməlidirlər. Məsələn, zavod ünvanı, laborator test nəticələri saytda olmalıdır. İstənilən istehlakçı su nümunəsini Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunmuş laboratoriyaya aparıb analiz etdirə bilər. Xüsusən, uşaqlar və xəstələr üçün istifadə olunan sudan əmin olmaq vacibdir. Bütün bunların olması üçün dövlət nəzarəti gücləndirilməlidir. Qablaşdırılmış suların hər partiyası mütləq dövlət laboratoriyasında test olunmalı, nəticələr açıq paylaşılmalıdır. Qanunsuz istehsalın qarşısı alınmalıdır. Zirzəmidə, qeyri-qanuni şəraitdə hazırlanan sular üçün ciddi cərimə və məsuliyyət tətbiq edilməlidir. İnsanlara su seçimi qaydaları öyrədilməlidir, yəni maarifləndirmə də vacibdir. Etiket oxumaq, saxlama şəraitinə baxmaq, şübhəli hallarda istifadə etməmək...”.

Ekspert bildirib ki, evdə əlavə təhlükəsizlik baxımından sertifikatlı su filtrlərindən istifadə etmək olar: “Belə olduqda, ən azı suyun təmizliyinə nəzarət insanın öz əlində olur. İstehsalçıların şəffaflığı mühüm məsələdir. Şirkətlər də mütəmadi olaraq rəsmi saytda laborator analizlərin nəticələrini paylaşmalıdırlar. Evdə sadə üsullarla da suyun keyfiyyətini yoxlamaq mümkündür. Keyfiyyətsiz su tez özünü büruzə verir. Əgər duzlu, metal dadı, plastik qoxusu varsa, deməli, bu su içilməməlidir. Keyfiyyətli içməli su tam şəffaf olmalıdır. Bulanıq, çöküntülü, içində kiçik hissəciklər olan su içilməməlidir. Keyfiyyətli su heç bir qoxuya malik olmur. Xlor, pas, plastik və ya çürük yumurta, kükürd qoxusu varsa, bu, suyun təmizlənmədiyini göstərir. Normal içməli su yüngül və xoşagələn dadlı olur. Acı, şor, metal - dəmir, mis kimi dad hiss olunursa, belə suyu içmək təhlükəlidir. Su qaynadıldıqdan sonra dibində ağ təbəqə və ya çöküntü qalırsa, deməli, sərtlik yüksəkdir. Yəni bu suyun tərkibində kalsium, maqnezium çoxdur. Əgər qabın divarında pas rəngli iz qalırsa, onda həmin suda dəmir duzları çox ola bilər. Məsələn, suyu bir az sabunlu su ilə qarışdırın. Əgər köpük az əmələ gəlirsə, deməli, bu su sərtdir, duzlu mineralları çoxdur. Eyni zamanda su şüşəsini soyuducuya qoyun. Keyfiyyətli su donanda tam şəffaf buz əmələ gətirir. Əgər buz bulanıqdırsa, içində hava qabarcıqları və ya çöküntü qalıbsa, bu, qarışıqların çox olduğundan xəbər verir. Ən dəqiq üsul su nümunəsini akkreditasiya olunmuş laboratoriyaya aparmaqdır. Orada mikrobioloji və kimyəvi göstəricilər yoxlanılır. Yəni nəticə belədir ki, insanlar yalnız marka adı ilə yox, mənbə, laborator nəticə və istehsal şəraitinə görə seçim etməlidirlər. Dövlət isə bu sahədə həm nəzarəti gücləndirməli, həm də ictimaiyyəti maarifləndirməlidir”.

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı isə bildirib ki, ölkənin su bazarında problemlər çoxdan var və kəskindir:

Elçin Bayramlı: "Bu, Firdovsi Əliyevi kənardan çəkib, gördüyü işi möcuzə, şou kimi qələmə verənlərin problemidir" - VİDEO Pravda.az

“Təsəvvür edin ki, adi şəbəkə suyunu qablaşdırıb, hətta bir çox ərzaq məhsullarından da baha qiymətə camaata satırlar. Böyük biznes qurulub və milyonlarla gəlir var. İnanılmaz vəziyyət yaranıb. Müftə götürülən təbiətin suyu benzindən baha başa gəlir. Suların üzərinə bər-bəzəkli sözlər yazsalar da, məşhur bulaqların adını qoysalar da, hamı bilir, özləri də etiraf edirlər ki, bunlar adi şəbəkə suyudur. Sadəcə böyük filtir aparatlarından keçirirlər. Ucuz başa gəlməsi üçün bu cür filtrləri tez-tez dəyişmədiklərinə görə su uzun müddət saf olmur. Yəni satıldığı qiymətə dəyməz. Suyun təmizliyini yoxlamaq üçün çox üsullar var. Amma əmin olmaq üçün sadə üsul Ph metr aparatıdır. Bu kiçik cihazın satış həyata keçirən qlobal internet satış şəbəkələri var. Cihaz suyun Ph səviyyəsini göstərir. Təəssüf ki, bu cihazla ölçdüyümüzdə çox aşağı göstərici verir. Suyun artıq təbiiliyi qalmayıb. Üstəlik, su plastik qablarda həftələrlə saxlanır və faktiki zəhərlənir. Plastik partikullar tədricən suyun tərkibinə keçir. Beləliklə, su ölü suya çevrilir. Mağazadan içməli su almağın heç bir mənası yoxdur. Bu, pulu çölə atmaq deməkdir. Evdə müxtəlif təmizləyici vasitələrdən, filtr aparatından istifadə etmək daha etibarlıdır. Pambıqdan, daşdan süzülən suyun da kimyəvi tərkibi tam təmizlənmir. Sadəcə, kobud çöküntülər təmizlənir. Suyun tərkibindəki ağır metallar, kimyəvi maddələr, xlor və s. qalır. Düzdür, filtr aparatından keçən su da faydalı minerallar götürüldüyü üçün ölü su sayılır, amma ən azından zərəri neytrallaşdırırıq. Evlərə verilən şəbəkə suyu da çox bərbad vəziyyətdədir. Yalnız bir üsul qalır - kimsə özünə muxtar rayonlardan, kəndlərdən su gətizdirə bilirsə, bunu su saymaq olar. Bakıda təmiz içməli su əldə etmək imkanı konkret sıfıra bərabərdir. Qaynanmış su da effektli deyil, ölü sudur. Beləliklə, ölkənin su bazarında dövr edən milyonlarla manat xalqın cibindən oğurlanmış, aldadılaraq alınan pullardır. Bu suyun heç bir formada insanlara xeyiri yoxdur. Bu pulları batmış saymaq olar. Meyvə-tərəvəz əkənlər necə əziyyətlə məhsul əldə edirlər, il boyu xərc qoyurlar, məhsulun kilosunu sonda 50 qəpiyə satırlar. Su şirkətləri isə heç bir xərc çəkmədən müftə suyu 1 manata satırlar. Südün litri belə 1 manatdır. Su isə hazırda qızıl qiymətinə satılır. İçməli su maya dəyərindən on dəfələrlə yüksək qiymətə satılan məhsul formasına gəlib. Sadəcə müxtəlif bəzəkli adlarla biznes qurublar. Bu suları almağı məsləhət görmürəm. Özüm də heç vaxt almıram”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
34 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...