AZAL-ın vəzifəli şəxsi gömrük ödənişlərinin ödənilməsindən yayınıb - MƏHKƏMƏ

AZAL-ın vəzifəli şəxsi gömrük ödənişlərinin ödənilməsindən yayınıb -
Ali Məhkəmədə gömrük ödənişlərinin ödənilməsindən yayınmada təqsirləndirilən İlqar Bayramovunun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İttiham aktına görə, İlqar Bayramov müxtəlif vaxtlarda “Buta Elektroniks” MMC-nin direktoru vəzifəsinə cinayətdən və gömrük öhdəliklərindən xəbərsiz 3 nəfər şəxsi təyin etməklə, faktiki olaraq cəmiyyətin fəaliyyətinə rəhbərlik edib.

O, dövlət büdcəsinə ödənilməli olan gömrük ödənişlərindən yayınmaq məqsədi ilə 2022-ci ilin fevral və may aylarında vahid niyyətlə “Buta Elektroniks” MMC adına Özbəkistan Respublikasında fəaliyyət göstərən “Techno Export” və “ALP Texno Servis” şirkətlərindən idxal olunmuş, ümumi gömrük dəyəri 838 093,2 manat olan “televizor” yükləri ilə bağlı gömrük orqanına düzgün olmayan, təhrif edilmiş məlumatlar təqdim edib.

Təqsirləndirilən şəxs malların həmin şirkətlər tərəfindən istehsal olunduğunu sübut edən saxta “CT-1” formalı sertifikatlarını və yalnız ikitərəfli müqavilələri təqdim etməklə, Bakı Baş Gömrük İdarəsində malların gömrük ödənişləri ödənilmədən rəsmiləşdirilərək sərbəst dövriyyəyə buraxılmasına nail olub.

Daha sonra İlqar Bayramov gömrük bəyannamələrinin 11-ci qrafasında “ticarət edən ölkə” kimi Özbəkistan qeyd edilməsinə baxmayaraq, malların dəyəri Özbəkistan bank hesablarına ödənilməli olduğu halda, təqsirləndirilən şəxs ödənişlərin “Kapital Bank” ASC vasitəsilə Çin Xalq Respublikasında olan müxtəlif şirkətlərin hesablarına köçürülməsini təmin edib.

Bu yolla təqsirləndirilən şəxs ümumilikdə 155 286,09 manat məbləğində gömrük ödənişlərini dövlət büdcəsinə ödəməkdən yayınıb.

Qaradağ Rayon Məhkəməsinin hökmü ilə o, Cinayət Məclləsinin 209.1-ci (gömrük ödənişlərinin ödənilməsindən yayınma) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən barəsində cəza təyin edilməyib. Mülki iddia təmin edilərək İlqar Bayramova 155 286,09 manat pulun tutularaq Dövlət Gömrük Komitəsi vasitəsilə dövlət büdcəsinə ödənilməsi, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 300 manat pulun ondan tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi hökm edilib. Həmin hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirmədən saxlayıb.

Qeyd: Cinayət materiallarında göstərilib ki, İlqar Bayramov "Buta Elektroniks” MMC-nin faktiki rəhbəri olmaqla yanaşı, "Azərbaycan Hava Yolları” QSC-nin Aviasiya təhlükəsizliyi Baş idarəsində inspektor vəzifəsində işləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
70 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...