“Mən bəyəm bilmirəm ki, ölünün adına işıqpulu yazmaq olmaz?”

“Mən bəyəm bilmirəm ki, ölünün adına işıqpulu yazmaq olmaz?”


Qubadan seşilmiş millət vəkili Yevda Abramov martın 15-də hökumətin 2015 - ci ildə gördüyü işlərin hesabatı zamanı "Azərişıq" ASC sədri Baba Rzayevin parlamentin plenar iclasında oturmasından istifadə edərək qurum haqqında kəskin ittihamlar səsləndirərək hətta ölüyə və diriyə fərq qoymadan hamıya ucdantutma işıqpulu borcu yazıldığını bildirmişdi.

Moderator.az mövzunun aktuallığını nəzərə alaraq parlamentin 18 mart iclasında millət vəkilindən məsələyə yenidən münasibət öyrənib:

- Yevda müəllim, parlamentdə "Azərışıq" haqqında səsləndirdiyiniz ittihama qurumun mətbuat katibi belə bir cavab verdi ki, işıqpulu borcunu onlar düzgün hesablayıblar, kimsəyə artıq borc yazılmayıb.

- Mənim adıma Qubada ev var və mən sayğacda yazılan məbləği yüz faiz ödəyirəm. Bilirsiniz, əhaliyə paylanılan, daha doğrusu, camaatdan tələb edilən sayğac pulu deyil. “Azərişıq” rəsmiləri başa düşməyib mən nə demişəm. Məsələ burasındadır ki, bu insanlara sayğaca dəxli olmayan borc yazılıb. Yəni təsəvvür edin ki, təkcə Qubada əhaliyə 11 milyon manat belə borc yazılıb. Özü də adambaşına və belə demək mümkünsə hər adamın “ves”inə görə ona borc yazılıb. Bax mən bunu deyirəm. Sumqayıta mənə yazılan işıqpulu borcuyla bağlı adam da göndərdim, oradan xəbər gəldi ki, doğrudan da sizin adınıza yazılan pul düzgün deyil. Amma ümumiyyətlə kompüter və dəftərxana xərci kimi 50 manat ödəsəniz, borcdan azad olunursunuz. Mən də dedim ki, adımın işıqpulu borcu olan adam kimi orda-burda hallanmasındansa 50 manat verməyim daha doğru olar. Halbuki mənim bir qəpik də borcum yoxdur, amma mən dediyim kimi bunu ödəməyə məcbur oldum.

- Çox maraqlıdır ki, "Azərişıq" rəhbəri Baba Rzayev Siz həmin ittihamları səsləndirəndə iclasda oturumuşdu və qeydlər aparırdı. Amma nədənsə deputatın parlamentin tribunasından bu cür kəskin ittiham səsləndirməsinə baxmayaraq sonradan hansısa formada cavab verməyi lazım bilmədi...

- Özü cavab vermədi, Tanrıverdi Mustafayevi qabağa verib. Mən bəyəm bilmirəm ki, ölünün adına işıqpulu yazmaq olmaz? Həmin ölünün evinin qapısı 20 ildir bağlı olmasına baxmayaraq ona da borc yazıblar, mən onu deyirdim. Parlamentdəki həmin çıxışımdan sonra mənə yüzlərlə zəng gəlib və insanlar təşəkkür edir ki, Yevda müəllim, çox sağ olun. Deməyim odur ki, çoxunun belə dərdi var və bu dərd həllini tapmalıdır. Mən bunu başçıya da demişəm. Baba müəllim Qubaya dəvət edilməlidir. Çünki bu, qlobal məsələdir. Əhalini hökumətdən bax belə şeylər narazı salır. Elə mən onu çatdırmaq istəyirdim ki, bəzi nazirlər, məmurlar güclə xalqı ayağa qaldırırlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
938 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...