Əli Hüseynli: "Ulrike Lunaçek siyasi yaramazlığı ilə tanınıb”

Əli Hüseynli: "Ulrike Lunaçek siyasi yaramazlığı ilə tanınıb”

“Avropa Parlamentinin sessiyasının açılışı zamanı Azərbaycanda həbs edilmiş bəzi şəxslərin fotosundan ibarət köynəklərin bir qrup şəxs tərəfindən geyinilməsi kampaniyası elə adam tərəfindən təşkil edilib ki, o, daim siyasi yaramazlığı ilə tanınıb”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iyunun 8-də Avropa Parlamentinin vitse-prezidenti, Avropa Yaşıllar Partiyasının üzvü Ulrike Lunaçek və bir sıra avropalı parlamentarların qurumun sessiyasının açılış iclasına azərbaycanlı hüquq müdafiəçilərinin şəkilləri olan köynəklərlə qatılmalarına münasibət bildirərkən deyib.

Ə. Hüseynli qeyd edib ki, Lunaçekin missiyası əvvəldən bəllidir, onun ermənilər tərəfindən ruhlandırılması hamıya məlumdur: “Onların geyimlərində azadlıqlarını tələb etdikləri şəxslər burada konkret maddələr üzrə ittiham olunublar. Hansı ki, burada dövlətin, xalqın təhlükəsizliyindən, milli maraqlarından söhbət gedir. Əgər Lunaçek və onun yanındakılar həqiqətən demokratik prinsipləri əsas götürürlərsə, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, milli təhlükəsizliyi niyə onları düşündürmür? Ona görə ki, əməkdaşlıq etdikləri erməni lobbisi bunu onlara icazə vermir? Azərbaycanda insan haqları, söz azadlığı, demokratik prinsiplər kifayət qədər inkişaf edib və Lunaçek kimilərin burada nöqsan axtarması yersiz və xoş olmayan niyyətdən başqa bir şey deyil.

Azərbaycanın Avropa tarixində ilk və möhtəşəm tədbirə, Avropa Oyunlarına ev sahibliyi ərəfəsində dünyanın nəzərinin bura cəmləşməsindən istifadə edərək özünü narahat hiss edən erməni lobbisinin təşkilatçılığı ilə bu şəxslərin insan haqları adı ilə Azərbaycana qarşı belə aktivləşməsinin özü hüquqi prinsiplərə tamamilə ziddir, Avropa dəyərlərinə qarşı hörmətsizlikdir. Çünki bu tədbir Avropa tarixini yazır. Bütün bunlara, onların insan haqları adı altında pozucu cəhdlərinə baxmayaraq Azərbaycan Avropa Oyunlarını yüksək səviyyədə keçirərək Avropa tarixində öz sözünü deyəcək, bu şəxslər isə vaxt gələcək əməllərinə görə cavab verəcəklər”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1271 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...