“Kamerada boğuluram, bişirəm...” Abdulla Abdullayev

“Kamerada boğuluram, bişirəm...”


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Virtualaz.org saytının məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsinə başlanılıb. Abdulla Abdullayevin vəkili Əkbər Bağırov çıxış edərək bildirdi ki, nə ibtidai istintaq zamanı, nə də məhkəmədə normal araşdırma aparılmadı: “Məhkəmə də bu formada keçirildi. Abdulla Abdullayev elə hey dedi ki, məhkəməni tez bitirin, cəzamı verin gedim. Yanvarın 29-dan bəri məhkəmə gedir, amma biz hələ də heç nə başa düşməmişik. İbtidai istintaq necə oldusa, məhkəmə də onun təkrarına çevrildi. İstintaqda da üzləşmə olmadı, burada da. Dəfələrlə vəsatət qaldırdıq, amma onlar qaldı kənarda, heç biri təmin olunmadı. Abdulla Abdullayevin bizim yanımızda oturması nə idi ki?! Amma bu vəsatəti də təmin etmədiniz. Bununla da təqsirləndirilən şəxsin də, bizim də məhkəməyə olan inamımızı ilk gündən məhv etdiniz. Heç bir məsələyə aydınlıq gətirmədiniz”.

A.Abdullayev vəkilinin bu çıxışına yerindən replika verdi: “Ən yaxşısı bu işi bağlayaq, qurtarsın getsin. Heç bir şeyə ehtiyac yoxdur. Nə etsəniz də xeyri yoxdur”.

Dövlət ittihamçısı Fərid Nağıyev isə vəkilin tənqidi çıxışına cavab olaraq bunları dedi: “Mən vəkili başa düşürəm. Abdulla Abdullayev keçən dəfə onun fəaliyyətindən narazı olduğunu demişdi. Əgər vəsatətiniz varsa, verin. Yoxdursa, burada yanlış ictimai fikir formalaşdırmayın. Əgər məhkəməyə inanmırsınıza, burada nə edirsiniz?”

Vəkil isə cavabında belə dedi: “Abdulla Abdullayevin haqqı var, mənim xidmətimdən imtina da edə bilər. Burada söhbət işin gedişindən gedir. Abdullayev bir vəkil kimi mənə hər hansı irad tutursa, deməli, mənə hələ də inanır, məndən gözləntisi var”.

Sonra Abdulla Abdullayev çıxış etdi: “Mən dünya tarixini və fəlsəfəni yaxşı bilirəm. Ən acınacaqlı hal laqeydlikdir. Məndə artıq laqeydləşmə gedir. Fikirləşirəm ki, iş versinlər, gedək “zon”a. Çünki qaldığımız kamerada işıqlar hər dəqiqə sönür, ventilyator işləmir, biz orada qaynayırıq, boğuluruq. Bir azdan orada bişəcəyik. Ona görə də işi tez bağlayın, qurtarsın getsin”.

Bundan sonra hakim məhkəmə istintaqının tamamlandığını elan etdi. Çıxış üçün söz dövlət ittihamçısına verildi. F.Nağıyev çıxış üçün 10 gün vaxt istədi.

Bu da A.Abdullayevin etirazına səbəb oldu: “Möhtərəm hakim, qərarı siz verəcəksiniz. Dövlət ittihamçısı isə gəlib deyəcək ki, ittiham öz təsdiqini tapıb. Belə olan halda axı işi niyə uzadırsınız?”

Məhkəmə prosesi avqustun 18-də davam etdiriləcək.

Qeyd edək ki, Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.

Təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədir.

A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. İstintaq müəyyən edib ki, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib.

İstintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu “A.M.A.Y” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib. Özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün ciddi əsaslar olduğundan A.Abdullayevə Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1145 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...