Bakıda Avropa Paytaxt Polis Rəislərinin növbəti konfransı keçirilir

Bakıda Avropa Paytaxt Polis Rəislərinin növbəti konfransı keçirilir


Avqustun 28-də Daxili İşlər Nazirliyinin “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində Avropa Paytaxt Polis Rəislərinin növbəti 37-ci konfransı öz işinə başlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyirmi beş ölkədən 70-ə yaxın nümayəndənin qatıldığı konfransda Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan daxili işlər naziri qonaqları salamlayıb, paytaxt şəhərlərində təhlükəsizliyin təmin olunmasına, cinayətkarlığa qarşı mübarizənin effektivliyinin artırılmasına həsr olunmuş bu mötəbər tədbirin gələcək əməkdaşlığın inkişafına yeni imkanlar açması baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Daha sonra cənab Ramil Usubov konfrans iştirakçılarına polisin təyinatı, Daxili İşlər Nazirliyinin strukturu, funksiya və vəzifələri, ölkəmizdəki kriminogen durum barədə ətraflı məlumat verib.
Həmçinin qeyd olunub ki, son on ildə 5 mindən çox əməkdaş BMT, NATO, Avropa Şurası və ATƏT-in təşkil etdiyi tədbirlərdə iştirak edib, təcrübə mübadiləsi aparılıb. Artıq onların bir çoxu xarici dövlətlərdə ekspert qismində təlimlər keçir, xüsusi layihələrə cəlb olunurlar. Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə beynəlxalq əlaqələrimiz də tərəflərin maraqlarına uyğun inkişaf edir. Bu formatda 40-dan çox ölkənin müvafiq qurumları ilə 94 beynəlxalq sənəd imzalanıb.

Çıxışının sonunda general-polkovnik Ramil Usubov Avropa Paytaxt Polis Rəislərinin 37-ci Konfransında aparılacaq müzakirələrin əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirəcəyinə, iştirakçılara öz həmkarlarının təcrübəsindən faydalanmaq imkanı, bütövlükdə, cinayətkarlığa qarşı mübarizəyə layiqli töhfələr verəcəyinə əmin olduğunu bildirib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tədbir iştirakçılarını salamlayaraq şərq və qərb sivilizasiyalarını, tarixiliyi və müasirliyi özündə əks etdirən qədim paytaxt haqqında qısa məlumat verib.

Avqustun 30-dək davam edəcək konfransda cinayətkarlıqla mübarizənin bir sıra prioritet istiqamətləri, o cümlədən şəxsiyyət və mülkiyyət əleyhinə olan cinayətlər, həmçinin, meqapolislərin təhlükəsizliyi mövzularında ayrı-ayrı dövlətlərin nümayəndələrinin çıxışları dinləniləcək, maraqlı müzakirələr aparılacaq.
Avropa Paytaxt Polis Rəislərinin 37-ci konfransının sonunda birgə bəyannamə qəbul olunacaq.
Konfransın sonuncu günü iştirakçılar DİN-in «102», «Təhlükəsiz Şəhər» xidmətlərinə, Çevik Polis Alayına və Polis Akademiyasına, həmçinin, Bakı Şəhər Baş Polis İdarəsinə baş çəkəcəklər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
914 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...