"Əgər onlar buna cürət etsələr…" - Hərbi Hava Qüvvələrinin komandanı

 "Əgər onlar buna cürət etsələr…" -


"Biz ermənilərdən tam üstünük". Trend xəbər verir ki, bunu müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Ramiz Tahirov ANS-ə müsahibəsində deyib.

Nazir müavini bildirib ki, ermənilərin Dağlıq Qarabağ ərazisində heç bir hərbi hava qüvvələri yoxdur, ancaq Ermənistanda var: “Ermənistanda “Su-25” tipli təyyarələr, “Mi-24” helitopterləri var. Bizdə isə “Mi-24”-lər modernizasiya edilir. Ermənilərin Dağlıq Qarabağda yerləşdirdikləri hava hücumundan müdafiə sistemlərinin tərkibində “Kruq”, “KUP” və “Osa” zenit-raket kompleksləri var. “Kruq” və “KUP” köhnə nəsil zenit-raket kompleksləridir. Sovet dönəmində onların əvəzinə “BUK” müasir zenit-raket komplekslərinin istehsalına başlanmışdı. Hazırda Azərbaycanın Hava Hücumundan Müdafiə sisteminin arsenalında “BUK”, ermənilərdə isə “Kruq” və “KUP” var. Hava müdafiəsi zamanı “Kruq” və “KUP” sistemlərindən istifadə etmək çox çətindir, tez-tez sıradan çıxır və s. Ermənistanda “S-300” PS və PT zenit-raket kompleksləri var. Bu raketlər Dağlıq Qarabağda yerləşdirilməyib. Azərbaycan Ordusunda isə “S-300 PMU2” “Favorit” zenit-raket kompleksləri var. 1980-ci illərdə istehsal olunan “S-300” PS və PT zenit-raket kompleksləri hədəfi maksimum məhv etmə məsafəsi 75 km-dir. “S-300 PMU2” “Favorit” zenit-raket komplekslərinin hədəfi məhvetmə məsafəsi 200 km-dir. Sadəcə, müqayisədə görə bilərsiniz ki, texnikanın səviyyəsində biz üstünük. Şəxsi heyətin bacarığı isə daha da güclüdür. Bunun sübutu olaraq, ötən il Azərbaycanın zenit-raket atıcısı düşmənin bir ədəd “Mi 24” döyüş helikopterini Qarabağda məhv etdi. Hazırda Azərbaycan Ordusunun arsenalında olan “BUK” və “S-125" zenit-raket kompleksləri ilə Ermənistanın pilotsuz uçuş aparatları məhv edilir. Amma Ermənistan Azərbaycanın pilotsuz uçuş aparatlarını vura bilmir. Halbuki, hər gün Azərbaycanın pilotsuz uçuş aparatları uçuşlar həyata keçirir. Onların bununla bağlı məlumatları var. Əlimizdə onlarla bağlı bütün məlumatlar var. Məlumatlar əsasında lazımi tədbirlər görülür”.

General-mayor deyib ki, ötən ilin noyabr ayında vurulmamışdan əvvəl düşmənə məxsus 12 ədəd “Mi-24” helikopteri vardı, indi isə onların sayı 11-dir.

O, həmçinin qeyd edib ki, həmin hadisədən sonra işğal olunmuş ərazilərdə döyüş helikopterlərinin uçuşu qeydə alınmayıb: “Həmin vaxt, yəni helikopter məhv edilən zaman ərazidə ermənilər təlim keçirdilər. Vurulandan sonra ermənilər bütün helikopterləri meydançada saxlayaraq uçuşları dayandırıblar. Ermənilər uçmağa qorxurdular. Məlum təlimlərdən sonra döyüş təyinatlı helikopterlərin Qarabağ ərazisində uçuşları qeydə alınmayıb”.

HHQ komandanı ermənilərin Azərbaycan Ordusu tərəfindən vurulan pilotsuz uçuş aparatlarının “kitayski” olması fikrinə də münasibət bildirib: “Vurulan pilotsuz uçuş aparatı televiziya vasitəsilə nümayiş etdirilib. Siz dediyiniz satışda olan pilotsuz uçuş aparatıdır. Hər bir kəs onu alıb, öz məqsədləri üzrə istifadə edə bilər. Ermənistan, əlbəttə ki, kasıb ölkə olaraq ucuz qiymətə satışda olan pilotsuz uçuş aparatlarını alır və təmas xəttində ondan istifadə etməyə çalışır. Amma nəzərə alsaq ki, bu, hərbi təyinatlı pilotsuz uçuş aparatı deyil, məhz bu aparatları biz atıcı silahlar vasitəsilə çox asanlıqla məhv edirik. Bundan başqa, Ermənistan “Kruk-25” tipli pilotsuz uçuş aparatları istehsal edir. Bu aparat həcmcə böyükdür, tam olaraq kəşfiyyat tapşırıqlarını yerinə yetirir. Bu aparatlar da gecə-gündüz kameralarla təhciz olunub. Azərbaycan Ordusunun silahlanmasında olan “BUK” və “S-125” zenit-raket kompleksləri ilə Ermənistan istehsalı olan “Kruk-25” tipli pilotsuz uçuş aparatları da məhv edilib”.

R.Tahirov Ermənistan müdafiə nazirinin sərt bəyanatlarına və düşmənin Silahlı Qüvvələrinin Azərbaycanın neft və qaz kəmərlərini vura bilməsi haqqında səslənən fikirlərə isə belə cavab verib: “Bu, yalnız siyasi bəyanatdır, hədə-qorxu gəlməkdir. Amma biz bilirik ki, onlarda hansı vasitələr var. Məsələn, onlarda “Nöqtə-U” və “Elbrus” köhnə nəsil taktiki-balistik raketləri var. Hədəfi maksimum vurma məsafəsi 280 km-dir. Biz onların yerləşdirildiyi ərazini bilirik. Manevr edib atəş mövqeyinə çıxarsa, onların harada duracaqları yeri biləcəyik. Onu yerindəcə məhv etmək üçün vasitələrimiz var. Əgər onlar buna cürət etsələr, onlardan istifadə etsələr, Hava Hücumündan Müdafiə Qüvvələrimizin imkanları o qədərdir ki, həmin raketləri məhv etmək onlar üçün heç bir cətinlik yaratmayacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2248 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...