Tale Bağırov qalmaqallı videodan danışdı

Tale Bağırov qalmaqallı videodan danışdı


Son günlər sosial şəbəkələrdə bu yaxınlarda ölkəmizdə səfərdə olmuş İranın tanınmış din xadimi Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədaninin keçirdiyi görüşlər müzakirələrə səbəb olub. “Qafqazinfo” xəbər verir ki, belə görüşlərin birində “Müsəlman Birliyi Hərəkatı” nın sədri, bu yaxınlarda həbsdən çıxmış Hacı Tale Bağırzadənin Ayətullah üzma Həmədaniyə Azərbaycan barədə şikayətlənməsi xüsusilə etirazlara səbəb olub. Belə ki, görüşlərin birində T. Bağırov din xadiminə onun Azərbaycana gəlişi ərəfəsində daha üç islamçının həbs olunması barədə narazılığını bildirir.


T. Bağırovun Azərbaycanın daxili işi ilə bağlı İranın din xadiminə şikayətlənməsi birmənalı qəbul edilmir.
“İranda insan hüquqları və demokratiya baxımından vəziyyət heç də ürəkaçan deyil. Əgər hər hansı Avropa ölkəsinin nümayəndəsinə həbslərlə bağlı şikayət olunsaydı, bu etirazımıza səbəb olmazdı” –deyə sosial şəbəkədə gedən müzakirələrdə istifadəçilər bu sözləri dilə gətirirlər.

“Qafqazinfo” sözügedən tənqidlərlə bağlı Hacı Tale Bağırzadənin fikirlərini öyrənib. O bildirib ki, İslam konsepsiyası olaraq haqqın müdafiəsi və zülmə qarşı mübarizəni öz əsas təməl prinsipi hesab edir: “Heç şübhəsiz ki, bu dinə inanclı olan şəxslərdə mövcud prinsiplər əsasında öz əqidə və həyat yaşamlarını tənzim etməlidirlər. Bir də, bir müsəlman olaraq bu təlimlərdən qaynaqlanan haqqın müdafiəsi və zülmə, zalıma, haqsızlığa qarşı etiraz etməyi özümüzə borc bilirik. Xüsusilə, vətənimiz Azərbaycanda mövcud hakimiyyətin xalqımıza, milli mənəvi dəyərlərimizə qarşı haqsızlığına göz yummamış, hətta həbsi belə göz önünə almışıq. Yəni, zülmü və zalımı daima ifşa etməyə səy göstərmişik. Məsələyə bu konteksdən yanaşdıqda bizim neqativ halları Ayətullahul-uzma Nuri Həmədaninin diqqətinə çatdırmağımız apardığımız mübarizənin tərkib hissəsidir. Əslində biz xarici bir dövlətin nümayəndəsinə deyil, əksinə, İslam dünyasının tanınmış təqlid müctehidi olan bir şəxsə müraciət edib müsəlmanların problemlərindən birini işıqlandırmışıq”.
T. Bağırzadə əlavə edib ki, İslamda təqlid müctehidinin nüfuzu coğrafi sərhədlərlə məhdudlaşmır: “Onları hansısa bir dövlətə də mənsub etmək doğru deyil. Deməli, kimlərsə bizim bu addımımızı düzgün dəyərləndirə bilmirsə, ya islamdan anlayışı yoxdur, ya da ki qərəzlidir. Bir daha bildirirəm ki,Təqlid müctehidlərinin İrana və yaxud hansısa bir dövlətə mənsubiyyəti yoxdur. Kimlərsə bu məsələni anlamırsa və ya anlamaq istəmirsə, günahı özündə axtarmalıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1042 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...