Güclü külək Göyçayda dağıntılara səbəb oldu

Güclü külək Göyçayda dağıntılara səbəb oldu


Ötən gecə saat 03:00 radələrində başlayan güclü külək və leysan yağışları Göyçay rayonunda ciddi fəsadlara səbəb olub.

APA-nın yerli bürosunun xəbərinə görə, iki saatdan çox əsən güclü külək nəticəsində şəhərin bir hissəsinə və bəzi kəndlərə elektrik enerjisinin verilişi dayanıb. Güclü külək bir neçə ağacı, elektrik və rabitə dirəyini aşırıb, naqillər qırılaraq sıradan çıxıb. Leysan yağışı və külək kənd təsərrüfatına da ciddi ziyan vurub. Ağaclardakı meyvələr zədələnərək yerə tökülüb, pomidor şitilləri tələf olub, evlərin zirzəmisini su və lil basıb.

Gecə saatlarında bir neçə yerdə irigövdəli ağaclar tövlələrin, yardımçı tikililərin, sahibkarlıq obyektlərinin üzərinə düşüb. Göyçay şəhərində və kəndlərdə 15-ə yaxın ağac aşıb, elektrik və rabitə naqilləri sıradan çıxıb, külək evlərin və yardımçı tikililərin dam örtüyünü qoparıb. Qasırğaya çevrilən külək saat 05.00-dək davam edib. Hazırda rayonda elektrik və rabitə xətlərinin bərpası üçün tədbirlər görülür, evlərin üstünə və küçələrə aşan ağaclar kəsilərək ərazidən götürülür. Rayon fövqəladə hallar komissiyasının nümayəndələri təbii fəlakətdən ziyan çəkən vətəndaşların müraciətlərini qəbul edir, evlərə, obyektlərə baxış keçirilir, dəyən ziyanın məbləği hesablanır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
930 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...