BVF yeni böhranın anonsunu verdi

BVF yeni böhranın anonsunu verdi


Qurum rəsmisinin sözlərinə görə, faizlər azaldılmasa, böhran qaçılmazdır: “İnkişaf etmiş ölkələrin bir çoxunda risk hələ də aşağı artımla bağlıdır”


Beynəlxalq Valyuta Fondu (BVF) rəhbəri Kristine Lagarde Perunun paytaxtı Limada keçirilən illik toplantıda Mərkəzi Bank rəhbərlərini xəbərdar edib. Lagarde banklara faizləri aşağı saxlamağı və iqtisadiyyatlarını canlandırmalarını məsləhət görüb: “Yoxsa yeni bir böhrana hazır olun. İnkişaf etmiş ölkələrin bir çoxunda risk hələ də aşağı artımla bağlıdır. Artımın dəstəklənməsi üçün pul siyasəti addımları genişləndirilməlidir”, - BVF rəhbəri deyib. Onun sözlərinə görə, faizlər azaldılmasa, böhran qaçılmazdır. Yerli ekspertlər isə bu açıqlamaya fərqli münasibət bildiriblər.

Ekspert Natiq Cəfərlinin sözlərinə görə, bütün dünya nəfəsini tutaraq ABŞ-da Federal Ehtiyat Sisteminin (FED) atacağı addımı gözləyir: “Əgər FED faiz artımına gedəcəksə, bütün dünyada likvidlik azalacaq, ucuz pul dövrü bitəcək, kreditlər bahalaşacaq, dolların məzənnəsi artacaq. Bu da inkişaf etməkdə olan ölkələrə daha ciddi təsir göstərəcək, çünki onlara gələn yatırımlar və ”sıcaq para" azalacaq, bu isə həmin ölkələrdə investisiyaların azalmasına səbəb olacaq. Xanım Lagardenin açıqlaması məhz buna işarətdir".

Ekspert Əkrəm Həsənov isə qeyd edib ki, açıqlamada yəqin ki, BVF inkişaf etmiş ölkələri nəzərdə tutur: “Orada normal bank sistemi var, faiz dərəcələrini bazar tənzimləyir, mərkəzi banklar isə korrektə edir. Onların dərəcələri onsuz da aşağıdır bizə baxanda. Yəni bu təklif bizə aid deyil. İnkişaf etmiş ölkələrdə mərkəzi bankdan bütün banklar kredit götürə bilir. Buna görə də mərkəzi bankın faiz dərəcəsi bütün bank sisteminin dərəcələrinə təsir edir. Bizim Mərkəzi Bankın dərəcəsi 3 faizdir. Yəni aşağıdır kifayət qədər. Amma nə olsun ki? Bankların hamısı götürə bilmir onsuz da. Buna görə də bizim Mərkəzi Bankdan kredit alan bank dərəcəsini endirmir. Amma hamısı bu krediti ala bilsəydilər, faizlər enərdi. Buna görə də bir təklifim var. Mərkəzi Bank kredit vermək istədiyi məbləği elan etməli və bütün banklar arasında bölüşdürməlidir. Yalnız bu halda faiz dərəcələri düşəcək və iqtisadiyyatımız inkişaf edəcək. Mərkəzi Bankın bu işdəki qeyri-şəffaflığı korrupsiya üçün zəmin yaradır və iqtisadiyyatı geriləyir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
916 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...