“Kim prezidentə kömək etmirsə, Azərbaycanın çörəyi ona haram olsun”

“Kim prezidentə kömək etmirsə, Azərbaycanın çörəyi ona haram olsun”


Yevda Abramov: “Tənqiddən inciyən nazirlər salamımızı almırlar”

“Milli Məclisdə səsləndirilən tənqidlərdən inciyən nazirlərdən bəziləri salamımızı da almırlar”. Modern.az saytı xəbər verir ki, bu sözləri Milli Məclisdəki büdcə müzakirələri zamanı deputat Yevda Abramov deyib. Onun fikrincə, buna görə incimək lazım deyil.

“Mən şəxsən canımı, həyatımı partiyam üçün verməyə hazıram. Oqtay müəllim, əgər bilsəm ki, bu işin öhdəsindən siz gəlirsiniz, gəlib sizə yalvarardıq. Yaşayış minimumu bu gün yaşamaq üçün əl vermir. Amma nə etmək olar, həyat belədir. Bu gün Azərbaycan nefti elə bir səviyyədədir ki, xalqın alın təri ilə çıxarılan neft başqa ölkənin bir kağız parçası ilə dəyişdirilir. Bu gün dünya hansı oyunlardan keçir, bunu hər bir deputat bilir. Kim cənab prezidentə kömək etmirsə, onun yanında olmursa, Azərbaycanın çörəyi ona haram olsun. Qarabağ məsələsində müxalifətçilik, iqtidarçılıq olmamalıdır”.

Deputat Azərbaycan-Rusiya sərhədində müəyyən miqdardan ağır yükün gətirilməsinə olan qadağa barədə də danışıb: “Rusiyadan istənilən qədər məhsul gətirməyə icazə verilir. Amma Azərbaycan sərhədindən 10 kilodan artıq nəsə keçirməyə qoymurlar. Niyə icazə verilmir? 10 kilodan çox olanda nə olar ki? Bu sənin insanındır. Sərhəddə balıqların başı kəsilir, kolbasalar kəsilir, artıq yüklər orada yerə atılır. Eyni zamanda, bu il “Kənd təsərrüfatı ili”dir. Rayonların çoxunun deputatı buna çıxışında toxunmadı, yəqin hiss etməyiblər. Şəmkirdən xiyarı aparıb Rusiyada satmaq istəyir, amma neçə gündür sərhəd məntəqəsindən keçə bilmir, nəticədə onu 2 qəpiyə verir. Bu il qara gavalının qiyməti 10 qəpikdən yuxarı qalxmadı. Mən də deyirəm ki, iş yerləri açılsın. SSRİ dövrünün tədarük məntəqələri bərpa edilsin”.

Deputat təklif edib ki, İqtisadiyyat və Sənaye Nazirliyi zonalar üzrə müşavirə keçirsin və onlar təkliflərini versinlər: “Biz seçkilərlə bağlı seçicilərlə zallarda görüş keçirik. Onlar qeyd edirlər ki, heç olmasa, siz gələndə bura isidilsin. Sayğac olan yerdə niyə mavi yanacaq az verilir. Ver qazı, al pulunu. Bu gün biz başqa ölkələrə qaz satırıq. Amma özümüz qazsız qalmışıq. Bir dəfə bunu demişdim: “Aləmi bəzər, özü lüt gəzər”. Müxalifət saytları yazdı ki, iqtidarın deputatı müxalifətə keçdi. Bunun müxalifətçiliklə nə əlaqəsi?”

Deputatın çıxışına cavab olaraq Oqtay Əsədov bildirib ki, Rusiyaya gedən malların saxlanılmasının obyektiv səbəbləri var və bu orada rublun aşağı düşməsi ilə əlaqəlidir: “10 kilodan artıq yükə qadağanın qoyulması məsələsini də səsləndirdiniz və bunu biz qaldırarıq. Səndən hansı nazirin incidiyini bilmirəm, burada yoxdular. Büdcənin müzakirəsini 3 gün yox, 5 gün də etmək olar. Amma Milli Məclisin deputatları seçki kompaniyasındadır və tələsirlər ki, öz təbliğatlarını aparsınlar. Artıq 7 gündən çoxdur büdcə layihəsi 3-4 saat komitələrdə müzakirə olunub və deputatların artıq deməyə sözü yoxdur. Təklif olundu ki, çıxışlar kəsilsin və gördüm təkrara gedilir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1036 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...