SOCAR Türkiyədə ikinci neft-kimya layihəsini 2023-cü ilə qədər həyata keçirmək niyyətindədir

SOCAR Türkiyədə ikinci neft-kimya layihəsini 2023-cü ilə qədər həyata keçirmək niyyətindədir

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İzmirin Petkim yarımadasında inşa olunan “STAR” neft emalı zavodu layihəsi tamamlandıqdan sonra ikinci neft-kimya layihəsinə başlayacaq.
“Report” xəbər verir ki, bunu “Anadolu” agentliyinə müsahibəsində SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.
“Neft emalı zavodundan sonra 3 mlrd. dollar investisiya dəyəri olan ikinci neft-kimya layihəsinə başlayacağıq. Bu layihənin 2023-cü ilə qədər həyata keçirilməsi üçün əlimizdən gələni edir və işlərimizə vaxt itirmədən davam edirik. Türkiyənin neft-kimya məhsullarından qaynaqlanan 11,5 mlrd. dollarlıq cari kəsiri var. Biz də Türkiyədə həyata keçirməyi planlaşdırdığımız bu yeni layihələrlə neft-kimya sektorundakı cari kəsiri təxminən 3 mlrd. dollar azaltmağa çalışırıq”, - deyə R.Abdullayev bildirib.
Qeyd edək ki, SOCAR-ın Türkiyə ərzisində həyata keçirdiyi ilk neft-kimya layihəsi isə "Petkim" neft-kimya kompleksidir və Azərbaycan tərəfi bunun əsas səmdarıdır.
SOCAR prezidenti qeyd edib ki, "STAR" neft emalı zavodunda işlərin 90%-i icra olunub. Onun sözlərinə görə, ən geci 2018-ci ilin sentyabr ayında zavodda istehsala başlanacaq: “Artıq Zavodda istehsal olunan məhsulların Türkiyədə satışına başlanacaq. Bu da Türkiyənin cari kəsirinin azalmasında böyük rol oynayacaq. “STAR” Türkiyənin 2,5 mlrd. dollarlıq cari kəsirini örtəcək”.
O, Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsindən də danışaraq vurğulayıb ki, bu layihə sürətlə və problemsiz irəliləyir və bunda Azərbaycan və Türkiyənin sağlam münasibətlərinin önəmli rolu var. SOCAR prezidenti hazırda TANAP üzrə işlərin 77,3%-nin icra olunduğunu və Türkiyəni qazla təchiz edəcək Əskişəhərə qədər hissənin gələn il işə düşəcəyini qeyd edib: “TANAP-ın ikinci hissəsi (Yunanıstan sərhədinə qədər) bizim tərəfdə 2019-cu ildə hazır olacaq, amma Avropa tərəfi proqramdan bir az geridə olduğu üçün 2020-ci ildə hazır olacaq. Sevindirici haldır ki, Türkiyə hökumətinin böyük dəstəyi nəticəsində layihə vaxtından əvvəl və böyük qənaətlə tamamlanacaq. Bu cür böyük layihələrdə belə müsbət nəticələr əldə etmək çox çətindir. Hazırda TANAP-ın dəyəri 8,5 mlrd. dollardır”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
403 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...