Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edir

2018-ci ilin yanvar-iyul aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 170 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 101 ölkəyə məhsul ixrac olunub, 162 ölkədən idxal olunub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 17 474,7 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 11 698,5 milyon dollar, idxalın dəyəri 5776,2 milyon dollar təşkil edib, nəticədə 5922,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2017-ci ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 35,6 faiz, real ifadədə isə 0,7 faiz, o cümlədən ixrac 0,8 faiz, idxal 0,5 faiz artıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 24,8 faizini İtaliyaya, 8,0 faizini Türkiyəyə, 7,6 faizini İsrailə, 5,3 faizini Hindistana, 4,7 faizini Tayvana (Çinin əyaləti), 4,3 faizini İndoneziyaya, 4,0 faizini Kanadaya, 3,9 faizini Almaniyaya, hər biri 3,7 faiz olmaqla Portuqaliya və Çexiyaya, 3,6 faizini Rusiyaya, 3,2 faizini Gürcüstana, 3,0 faizini Fransaya, 2,6 faizini İspaniyaya, qalan 17,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 15,9 faizi Rusiya, 15,3 faizi Türkiyə, 10,2 faizi Çin, 6,7 faizi Almaniya, 4,9 faizi ABŞ, 4,1 faizi Ukrayna, 3,3 faizi İtaliya, 2,7 faizi İran, hər biri 2,5 faiz olmaqla İsveçrə və Yaponiya, 2,4 faizi Britaniya, 2,2 faizi Belarus, 27,3 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2018-ci ilin yanvar-iyul aylarında 968,6 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2017-ci ilin yanvar-iyul aylarına nisbətən faktiki qiymətlərlə 13,5 faiz, real ifadədə isə 3,8 faiz çoxdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
307 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...