7230 şəhid ailəsi üzvünə 12846 istiqamət üzrə sosial ödəniş təyin olunub

Postmüharibə dövrü üzrə sosial dəstək tədbirləri çərçivəsində artıq 2850 şəhidin 7230 ailə üzvünə 12846 istiqamət (Prezidentin aylıq təqaüdü, pensiya və müavinət) üzrə sosial ödəniş təyinatı aparılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə mətbuata müsahibəsində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd edib.

Nazir bildirib ki, təyinatlar şəhid ailələri üzvlərinin müraciətinə, zəruri sənədləri təqdim etmələrinə ehtiyac olmadan aparılır. Yəni bu sənədlər aidiyyəti qurumlardan alınaraq toplanılmaqla elektron sistem üzərindən proaktiv qaydada sosial ödənişlər təyin olunur. “Artıq bu proses yekunlaşmaq üzrədir. 83 mülki şəhidin 206 ailə üzvünə də 400 sosial ödəniş təyin edilib”,- deyə nazir vurğulayıb.

O bildirib ki, Nazirlər Kabinetinin Qərarı ilə yaradılmış komissiya hərbi qulluqçuları birgə əyani müayinədən keçirir. Onların sənədlərini sürətlə rəsmiləşdirir, e-sistemə daxil edir, ümumilikdə, əyani müayinə əsasında əlilliklərini qiymətləndirir:

“Artıq 200-ə yaxın qazimizə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb. Bu təyinatla əlaqədar onlara birdəfəlik sığorta ödənişi edilir, Prezidentin aylıq təqaüdləri, əlilliyə görə aylıq pensiya və ya müavinətlər də proaktiv qaydada, yəni elektron sistem üzərindən təyin olunur”.

Sahil Babayev deyib ki, təyin olunmuş sosial ödənişlər barədə şəhid ailələrinə, qazilərimizə məlumatlar verilir. Bir çox hallarda isə təqaüd kartları onlarla görüşlər zamanı elə evlərində təqdim olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
565 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...