Bu il Azərbaycan iqtisadiyyatına kredit yatırımları kəskin azalıb - HESABAT
Cari ilin avqustun 1-nə qədər Azərbaycanda kredit təşkilatları tərəfindən ümumilikdə 89 357,0 milyon manat məbləğində iqtisadiyyata kredit qoyuluşları həyata keçirilib.
Valyuta.az-ın Azərbaycan Mərkəzi Bankının yaydığı məlumatlar əsasında apardığı hesabalamalara görə, bu məbləğ ötən ilin müvafiq dövründə 105 895,9 milyon manat təşkil edib.
Bu da onu göstərir ki, bir il ərzində 16 538,9 milyon manat və ya 18,5 faizlik ciddi azalma baş verib.
Kredit qoyuluşlarının 19 849.9 milyon manatı dövlət banklarının hesabına həyata keçirilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1 739,6 milyon manat və ya 8,8 faiz çox olub. Belə ki, ötən ilin eyni dövründə dövlət bankları tərəfindən 18 110,6 milyon manat kredit qoyuluşu həyata keçirilib.
Özəl banklar tərəfindən yatırılan kreditlərin ümumi həcmi isə 82 043,9 milyon manat olub ki, bu da 2020-ci ili 7 ayı ilə müqayisədə 2 971,1 milyon manat və ya 3,7 faiz az olub. Belə ki, həmin dövrdə 85 015,0 milyon manatlıq yatırım baş verib.
Qeyd edək ki, cari ildə yatırımlarda dövlət banklarının xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə ciddi artıb. Özəl bankların xüsusi çəkisi isə diqqət çəkəcək həddə azalıb.
Yatırım həyata keçirən özəl banklar arasında xarici kapitallı banklar da mühüm rol oynayıblar. Belə ki, bu banklar tərəfindən 7 ay ərzində ölkə iqtisadiyyatının inkişafı üçün 23 181,7 milyon manat vəsait yatırılıb. Ötən ilin analoji dövründə isə bu məbləğ 24 343,1 milyon manat təşkil edir. Bu da onu göstərir ki, 1 161,4 milyon manat və ya 5 faizlik azalma baş verib.
584 dəfə oxundu