Tərtərin icra başçısı rayonu necə talayır?

Bu gün ölkəmizin hər bir guşəsində aparılan möhtəşəm yenidənqurma və abadlıq işlərindən kənarda qalmağa üstünlük verən, dövlət tərəfindən ona verilmiş müstəsna səlahiyyətlərdən dövlətin və xalqın rifahı naminə deyil, öz maddi maraqlarının təminatı məqsədilə istifadə edən yüksək vəzifəli məmurların fəaliyyəti anlaşılmazlıq və böyük təəssüf hissi doğurur.
Belə ki, bəzi rayonlarda rəhbərlik tərəfindən şəhid ailələrinə qarşı sərgilənən qeyri-həssas, hətta təhqiramiz münasibət barədə tənqidi məqalələr qəzetimizdə dərc olunandan sonra, bir çox insanlar redaksiyamıza zəng vurub öz minnətdarlıqlarını bildirmişdilər. Amma əslində, bütovlükdə cəmiyyət şəhid vermiş və yaxud da Qarabağ uğrunda gedən döyüşlərdə rəşadət göstərmiş bu ailələrə minnətdarlıq etməlidir. Bunu hətta bəzi rayon rəhbərləri bilməsə də, biz yaxşı bilirik. Redaksiyamıza yeni daxil olmuş məlumatda Tərtər rayon sakinləri də bu bölgədə vəziyyətin son bir ildə olduqca arzuolunmaz bir duruma gəlib çıxdığını iddia edirlər. Məlumatda bildirilir ki, 2014-cü ilin may ayında Tərtər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuş Müstəqim Məmmədov ilk gündən rayon camaatına qarşı yolverilməz münasibət sərgiləməkdədir. Yerli sakinlərin sözlərinə görə, onlar rayonda kifayət qədər böyük hörmət və nüfuza malik insanlara qarşı nümayiş etdirilən ayrı-seçkiliyin və haqsızlığın şahidi olublar.
Bu xüsusda aldığımız açıqlamada bildirilir ki, Müstəqim Məmmədovun hədəfindəki ilk şəxs Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsinin əfsanəvi komandirlərindən olan Vəzir Orucovun oğlu Camal olub. Hələ Ceyhun Cəfərovun Tərtərin icra başçısı olduğu vaxt, Camal Orucov onun qəbuluna düşərək, bəzi problemlərinin həllində yardım istəyib. C.Cəfərov isə onun kimliyini öyrənəndən sonra birbaşa özünə köməkçi vəzifəsinə təyin edib. Hətta həmin vaxt Camal Orucovu işə götürdüyünə görə, Tərtər camaatı Ceyhun Cəfərovun qəbuluna axışaraq, ona təşəkkürlərini də bildiriblər. Bu xüsusda aldığımız məlumatda daha sonra deyilir: “Ceyhun Cəfərov hətta Kürdəmirə icra başçısı təyin olunandan sonra, Camal Orucova da onunla gəlməsini təklif edib. Lakin Camal Orucov öz rayonunda işləmək istədiyini, habelə Müstəqim Məmmədovun «mülayimliyini» nəzərə alaraq, bu təklifi qəbul etməyib. Camal Orucov bir müddət sonra hansı böyük səhvi etdiyinin fərqinə varıb. Nə Milli Qəhrəman, nə də Vəzir Orucovu tanımayan Müstəqim Məmmədov qısa müddətdən sonra köməkçisinə zülüm yaşatmağa başlayıb.
Az sonra isə C.Orucov vəzifəsindən azad olunub.” Camal Orucovun vəzifədən çıxarılma səbəbləri barədə isə redaksiyamıza olduqca maraqlı açıqlamalar təqdim edilib. İddiaya görə C.Orucov icra başçısının tamahının qurbanı olub. Bu barədə təqdim olunan təfərrüatlarda deyilir: “Qeyd edək ki, Tərtər rayon İcra Hakimiyyətində 11 vakant iş yeri olduğu halda, Milli Qəhrəmanın oğluna bir iş tapılmaması heç də səbəbsiz olmayıb. Əksinə, bu dəfə də Tərtərin icra başçısının konkret planı olub. Bu plan Müstəqim Məmmədovun Camal Orucovun yerinə vaxtıyla tərtərlilərə qan uddurmuş, Tərtər rayon icra başçısının birinci müavini işləmiş, lakin azyaşlı oğlunun “avtoşluğu” və avtomobil qəzası törətməsi üzündən işdən qovulmuş Vidadi Bəylərovun qardaşı, Bərdənin icra başçısının köməkçisi işləmiş Zaur Bəylərovun gətirmək istəyinə əsaslanıb. Tərtər camaatı isə Müstəqim Məmmədovun bu hərəkətindən təəccübləniblər. Onlar vaxtıyla camaata qan uddurmuş birinin qardaşını vəzifədə Milli Qəhrəmanın oğlunu əvəz edəcəyini heç cür qəbul etmək istəmirlər...”
771 dəfə oxundu