İcra başçısının vəzifədən gedəcəyi xəbəri yayıldı

İcra başçısının vəzifədən gedəcəyi xəbəri yayıldı

Qəzənfər Ağayev yaxın günlərdə yola salınacaq

Editor.az-ın redaksiyasına Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin vəzifədən azad olunacağına dair informasiya daxil olub.

Rayon İcra Hakimiyyətindəki mənbənin sözlərinə görə, artıq bununla bağlı icra başçısına xəbərdarlıq da olunub:

“Bilirsiniz ki, Qəzənfər Ağayev istər Yardımlıya, istər Masallıya, istərsə də Astaraya rəhbərlik etdiyi dövrlərdə həmişə yarıtmaz fəaliyyəti ilə “fərqlənib”. O, işlədiyi bütün rayonlarda vətəndaşları narazı salaraq, onlarda özünə qarşı dərin inamsızlıq yaradıb. Rayonda sahibkarların qəniminə çevrilən başçı dövlət hesabına təmir olunası yolları və digər tikinti işlərini sahibkarların boynuna qoyur. Ən xırda ticarətlə məşğul olan sahibkarlardan belə aylıq “haqq alınır”.

İcra başçısının yarıtmaz fəaliyyəti ilə bağlı dəfələrlə ölkə rəhbərliyinə şikayət olunduğunu deyən mənbə bildirir ki, Hesabalama Palatasının apardığı son yoxlamalar rayonda ciddi yeyintilərin olması faktını ortaya çıxarıb:

“Bundan sonra məsələ ən yüksək səviyyədə müzakirə olunub və Qəzənfər Ağayevin işdən azad olunması qərarı verilib. O, hökumətdə təmsil olunan və dostluq münasibətində olduğu nazirlərdən birini məsələyə qatmaq istəsə də, sonuncu bu dəfə onu müdafiə etməkdən imtina edib. Özü də bu dəfə Qəzənfər Ağayevin digər rayona başçı göndərilməyəcəyi, ümumiyyətlə “vurulacağı” gözlənilir”.

Mənbə qeyd edir ki, icra başçısı artıq özü də bu vəziyyətlə barışıb və işdən azad olunması ilə bağlı sərəncamı gözləyir.

Editor.az məsələyə Astara rayon İcra Hakimiyyətinin mövqeyini öyrənmək istəsə də, İcra Hakimiyyətinin web-saytında yerləşdirilən (+994 025-22) 5-16-97 telefona cavab verən olmayıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
589 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...