Binəqədidə yanan binanı üzləyən iş adamı nazirlə ortaqdır?

Miryusif Mahmudovla FHN şefi Kəmaləddin Heydərovla ortaq biznes sahibi olduğuna dair məlumatlar yayılıb. Məlum olduğu kimi, Bakıda baş vermiş dəhşətli yanğınla əlaqdar artıq Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, 308.2-ci - vəzifə səlahiyyətlərindən sui-istifadə və 314.2-ci - ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanılıb. JAM.AZ xəbər verir ki, bundan əlavə Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Qulluq mənafeyi tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməyən və istehsal etdiyi keyfiyyətsiz üzlüklərlə həmin binada fasadlama işləri aparmış “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov iş üzrə şübhəli şəxs qismində tutulub.
Bu işin rəsmi tərəfidir. Amma bir də işin görünməyən tərəfi də var. Mənbə xəbər verir ki, yanğından sonra günahkar axtarışına çıxmış hakimiyyət dairələri bunu sosial şəbəkələrin və ictimaiyyətin gələcəyi qənaətə uyğun etmək istəyirlər. Səbəb də budur ki, baş vermiş hadisə bütün ölkə boyu ciddi narazılıq mənbəyinə çevrilib və atılacaq hər hansı bir yanlış addım etirazlara çevrilə bilər. Elə dünən keçirilən müşavirədən də aydın şəkildə hiss olunurdu ki, artıq «günah keçisi» üzrə axtarışlara başlanılıb.
Bu siyahıda kimlərin adı olacaq və ya ola bilər? Bu suala cavab vedikdən sonra maraqlı bir nüansı diqqətinizə çatdıracağıq. Mənbə xəbər verir ki, hələlik adları aktiv çəkilənlər sırasında Bakı meri Hacıbala Abutalıbov, Binəqədinin icra başçısı Xaləddin İsgəndərov, FHN şefi Kəmaləddin Heydərov, prezidentin köməkçisi Əli Əsədov var. Bu siyahıya sonradan kimlərin əlavə olunacağı məlum deyil və bu cəmiyyətdə aparılan müzakirələrdən sonra bəlli olacaq.
Ancaq maraqlı məqam odur ki, istər sosial şəbəkələrdə, istərsə də bəzi mətbuat orqanlarında yanğından sonra FHN rəhbəri Kəmaləddin Heydərovun aktiv şəkildə, yeri gəldi, gəlmədi təriflənməsi, müdafiə edilməsi prosesi yaşanır. Ehtimal olaraq onu demək mümkündür ki, nazir narahatlıq keçirir və bu olayın onun «başını yeyəcəyi» qənaətinə gəlib. Çünki yanan binaya tezyanan üzlüyün çəkilməsi barədə müsbət rəyi məhz bu nazirlik verib. Üstəlik, binanın söndürülməsi zamanı işlərin lazımi səviyyədə olmadığı üzə çıxıb. Məsələn, yanan binaya vertalyotla suyun səpilməsinin yanlış yolla həyata keçirilməsi və binanın deyil, boş ərazinin sulanması açıq şəkildə videolardan da görünür. Və ya yanğınsöndürənlərin istifadə etdikləri su kəmərlərinin dəlik olması da fotolardan «göz çıxarır».
Amma belə bir məlumat da yayılıb ki, Heydərovu narahat edən təkcə bu məsələ deyil. Həmçinin başqa bir məqam daha var. Jam.az ictimaiyyət arasında yayılmış məlumatlara istinadən xəbər verir ki, yanan binaya görə həbs olunan iş adamı Miryusif Mahmudov Kəmaləddin Heydərovun ən yaxın adamlarından biri sayılırmış. Elə bu bazarı nəzarət altına alıb, tək monopolisti kimi çıxış etmək məqsədi ilə onun adına zavod açılıb və məhsul istehsalına başlanılıb. Deyilənlərə görə, FHN şefi məhz bu səbəbdən ciddi təşviş keçirir və bu səbəbdən də özü ilə bağlı müsbət rəy yaradan fikirlərin daha geniş şəkildə yayılması üçün çalışır.
Məsələ ilə bağlı araşdırmamız davam edir.
3373 dəfə oxundu