"Bizim marketlər" oyunu... Şəriklərin qənimi

"Bizim marketlər" oyunu...

Son günlər sosial şəbəkələrdə və KİV-lərdə iş adamı kimi tanınan və daha çox "Bizim marketlər" şəbəkəsinin və «8 KM maşın bazarı»nın sahibi kimi tanınan Rasim Salmanovla bağlı inanılmaz iddialar irəli sürülür. «Təzadlar» olaraq bu məsələlərə daha ətraflı aydınlıq gətirilməsi üçün bir müddətdir araşdırmalara start vermişik…

Neçə gün əvvəl isə Rasim Salmanovun ticari fəaliyyətini əhatələyən olduqca maraqlı bir məktub aldıq. Nazim Həsənov adlı oxucumuzun adından yazılmış məktuba, həmçinin bəzi sənədlər də əlavə olunub… Şikayətçinin məktubundan məlum olur ki, Rasim Salmanov özünü Bakının Xətai rayonu, Babək prospektində yerləşən məşhur "8-ci kilometr maşın bazarı"nın sahibi kimi təqdim etsə də, əslində, məsələ heç də belə deyil… N.Həsənovun məktubundan sitatat: «…Mətbuatda Rasim Salmanovla bağlı məsələlərdə bəzi anlaşılmazlıqlara yol verilir. İstədim ki, «Təzadlar» olaraq bu məsələdə fərqli və dəqiq mövqeni siz ortaya qoyasınız. R.Salmanovun sahibkarlığının tarixçəsi çox müəmmalı və narahatlıq doğuran vəziyyətdədir. Bəli, o, indi özünü «Bizim marketlər» ticarət şəbəkəsinin və «8 km maşın bazarı» kimi tanınan məşhur maşın bazarının sahibi kimi təqdim edir. Əvvəla, bilməyənlər üçün deyim ki, Salmanovlar iki qardaşdırlar və «Bizim market» ticarət brendi hər iki qardaşın ortaq malı olub. Elə adından da görünür ki, «Bizim market», yəni hər iki qardaşın marketi.

Amma Rasimi daha çox tanıdığım üçün onun ədalətsiz iş tutduğunu yaxşı bilirəm. Sonradan Rasim Salmanov imkanlaşan kimi kiçik qardaşını bu iş birliyindən kənarlaşdırmağa başladı. İş o yerə çatdı ki, nüfuzlu şəxslər də Rasimə bata bilmədilər, onların məsləhəti keçmədi… Çünki Rasimin cibi pul görürdü… Nəticədə kiçik qardaş məcbur olub 3 marketi bağladı, düzdür, bildiymə görə, sonradan başqa yerlərdə, amma eyni marka ilə yeni marketlər açdı. Məhz Rasim Salmanovun bir qardaş kimi günahıdır ki, tərəflər-qardaşlar arasında iki ildən çoxdur məhkəmə çəkişməsi gedir. Bir sözlə, Rasim Salmanovun tamahı iki qardaşı məhkəmədə üz-üzə gətirib. Xətai rayon Məhkəməsində, sonra Bakı Apelyasiya Məhkəməsində araşdırılan bu mülki mübahisəyə nəhayət, Ali Məhkəmə ədalətli nöqtə qoymalıdır. Ən azı, birgə yaradılmış ailə marketi və digər ticarət brendlərinə aid vəsait bərabər bölgü ilə tərəflər arasında paylanmalıdır. Atalar əbəs yerə deməyib ki, «Gəl malımızı qardaş kimi iki yerə bölək!».

"Təkcə Rasim Salmanov qardaşı ilə birgə qazanılmış 10-15 ticarət obyektini qaynənəsi İsmayılova Xanımbacı Qasım Qızının adına özəlləşdirib"

Məsələ hüquqi müstəviyə çıxanda isə Rasim Salmanov təxribata keçdi. Özü də başqasına yox, doğma qardaşına qarşı… O, marketlərə mal gətirən tədarükçü firmalara təzyiq etməyə başladı ki, o biri qardaşın marketlərinə mal verməyin, yaxud güzəştli kampaniyaları ona şamil etməyin və s. Açıq-aşkar sabotajçılıq!

İkincisi, təkcə Rasim Salmanov qardaşı ilə birgə qazanılmış 10-15 ticarət obyektini qaynənəsi İsmayılova Xanımbacı Qasım Qızının adına özəlləşdirib. Onlardan biri də «8 km maşın bazarı»na aiddir… Halbuki bu bazar 1994-cü ildən fəaliyyət göstərir və torpaq ərazisi Bakı şəhər İcra Hakimiyyətinin müvafiq qərarı ilə bu iki qardaşların firmasına ayrılmışdı. Bu işin içində olan maraqlı şəxs kimi deyə bilərəm ki, qardaşlar əvvəllər xarabalığı xatırladan bu ərazini normal qaydaya salmaq üçün xeyli vəsait xərcləyərək burada asfaltlama işləri gördülər, ticarət dükanları açdılar və . Sonradan həmin bazarın fəaliyyətini tənzimləmək və idarə etmək üçün hələlik adını çəkmək istəmədiyim 5 tanınmış və nüfuzlu şəxs işə başladı, vəsait qoydular, nəticədə bazar fəaliyyətə başladı… Əvvəllər sahə böyük və tikinti-abadlıq işləri üçün böyük xərc çəkildiyindən, gəlir az oldu. Hamı buna razı idi, çünki vəziyyət göz önündə idi. Nəhayət, bazar gəlir gətirməyə başlayanda yenə də Rasim Salmanovun başı dumanlandı. O, həmin ortaqlarını buradan uzaqlaşdırmağa çalışdı, bunun üçün müxtəlif fırıldaqlara əl atmağa başladı. Ən «səmərəli yol» kimi, yalandan xərclərin artdığını bəhanə gətirdi. Lakin şəriklər bunu qəti etirazla qarşıladılar. Axı maşın bazarının qarışqa yuvası kimi qaynamasını hamı bilirdi və görürdü…

Rasim Salmanov isə deyəsən, zəif nöqtəni tapmışdı. Əvvəlcədən ümumi razılıq əsasında Rasim Salmanovu direktor seçən ortaqlar ona xəbərdarlıq etməyə başladılar ki, əgər bu kələk və fırıldaqlar bir də dövriyyəyə buraxılsa, biz səni direktorluqdan kənarlaşdıracağıq… R.Salmanov elə xərclər uydururdu ki, məsələn, onu qarşı tərəflə dəqiqləşdirə bilməzdilər. Məsələn, o, konkret ad çəkərək elə məmuru ünvan deyirdi ki, guya həmin məmura filan qədər pul verilib. Bunu isə öyrənmək, soruşmaq qeyri-mümkün idi. Amma R.Salmanov bunu əvvəldən nəzərə almışdı deyə, istədiyini də keçirə bilirdi… Bir gün etirazların son həddə çatdığını görən R.Salmanov ortaqlarına ultimatum göndərdi ki, «»Bazarın başı üzərində kabus dolaşır, bağlanmaq təhlükəsi var, əldən çıxır, təcili filan qədər pulu filan yerə vermək lazımdır…». Bu onun əks-hücumu idi. Ortaqlar onun bu dəfə də yalanlarını görüb ondan kənar durmağa başladılar. Sən demə, ona elə bu lazım imiş. Dərhal bəyan etdi ki, «Siz yaxanızı kənara çəkdiniz, mən başqasından külli imiqdarda pul götürüb verdim, bazarı xilas etdim… Nəzərə alın ki, vermədiyiniz həmin pulun üzərinə hələ bir faiz də gəlir…». Və vəziyyəti dəqiq proqnozlaşdıran R.Salmanov ortaqlara şərt qoydu ki, başqa yol yoxdur, sizə çatası gəlir həmin xərcin ödənilməsinə yönəldiləcək. Bir sözlə, ortaqlar pat vəziyyətinə gətirilir və nəticədə R.Salmanov bu bazarın da şəriksiz sahibinə çevrilir. Amma olduqca çirkin, ədalətsiz bir yol ilə…».
(Davamı var)
«Təzadlar»ın Araşdırma Qrupu


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1582 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...