Ağsu camaatı Rövnəq Abdullayevin müavinindən şikayətçidir

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) əsas söz sahiblərindən biri də ümumi məsələlər üzrə vitse-prezident Mikayıl İsmayılovdur. Onun barəsində bu vaxta kimi yerli mətbuat vasitələrində dəfələrlə araşdırma yazıları dərc olunub, biznesi haqda ilginc faktlar açıqlanıb. Yayılan məlumatlara əsasən, vitse-prezident vəzifəsinə təyin olunduqdan sonra biznes imkanlarını inkişaf etdirməyi bacaran məmur Bakının bir sıra ərazilərində iri obyektlərin sahibinə çevrilib.
Belə ki, "Cadillac Bakı Mərkəzi", "Chevrolet Azerbaijan", "Repsol", "Dew", "Ekcellent", "Maqnium" motor yağlarının satış bazarının vitse-prezidentin nəzarəti altında olması haqda iddialar var. Neft Şirkətində idarə və şöbə müdirlərinin xidməti maşınlarının əksəriyyətinin "Chevrolet", yaxud "Cadillac" markalı olması deyilənlərin həqiqiliyini daha da artırır. Bundan başqa, Ağsu rayonundakı "Azgranata" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) də Mikayıl İsmayılovun biznes şəbəkəsinə daxil olduğu söylənilir. Diqqətinizə çatdırmaq istəyirik ki, MMC-nin baş ofisi Dərnəgül qəsəbəsində, zavodu isə Ağsu rayonunun Pirhəsənli kəndində yerləşir. Ağsuda yerləşən zavod 8.8 hektar ərazidə salınıb. Zavodun örtülü əsas sahəsi 20500 kvadratmetrdir. İstehsalat sahəsi 15000 kvadratmetr olan zavodun örtülü köməkçi sahəsi 5500 kvadratmetrdir. Zavodun su ehtiyacını qarşılamaq üçün 6 ədəd artezian quyusu istifadəyə verilib. Burda 2 ədəd 2000 kV-lıq transformator, 1 ədəd 1750-lik generator. 800 kV-luq UPS sistemi və 7 km elektrik xətti var. "Azgranata" şirə və şərab istehsalat sexləri, 5 mərtəbəli inzibati bina və ziyarətçiləri qonaqlaması üçün 3 mərtəbəli və 13 qonaq otaqlı hotel binasından ibarətdir. Zavodun istehsal sexləri meyvə qəbulu, meyvə emalı, konsentrat hazırlama, şərab emalı və saxlanılması, şərabın qablaşdırılması, spirt emalı, aseptik saxlanma, meyvə şirəsi hazırlama, şüşə dolum və qablaşdırma, tetra-pak dolum və qablaşdırma bölmələrindən ibarətdir. "Azgranata" şirkəti meyvə sularını "Vita1000" brendi adı altında istehlakçılara təqdim edir. Bakı şəhərində yerləşən satış mərkəzində 2 milyon litrlik hazır məhsul anbarı mövcuddur. Zavodun şərab xəttində isə Qırmızı Kəmşirin, Qırmızı Kəmturş və Ağ Turş növləri üzrə şərab istehsal olunmaqdadır. Zavod nar və üzüm ehtiyatını tərkibində olan 700 hektar bağlardan təmin edir.
Ağsu camaatı vitse-prezidentdən şikayətçi düşüblər...
Etibarlı mənbənin bildirdiyinə görə, Mikayıl İsmayılov "Vita1000" meyvə şirələrinin bazarda yer tutmasına və yerini möhkəmlətməsinə hər cür dəstəyi göstərib. Özəl mənbələrin redaksiyamıza ötürdüyü məlumatlara əsasən milyonlara sahib olan Neft Şirkətinin ikinci nüfuzlu adamı Ağsudakı biznesini daha da genişləndirmək iddiasındadır. Yerli camaat onu həmçinin rayonun gözəgörünməz sahibi kimi də xarakterizə edir. Xatırladaq ki, hələ ötən saylarımızda vitse-prezidentin Ağsu aşırımında obyektlərinin, həmçinin rayonda böyük torpaq sahələrinin olmasını yazmışdıq. Bu günlərdə mətbuatda ARDNŞ-in vitse-prezidenti ilə bağlı maraqlı informasiya yayılıb. Bildirilir ki, onun yaxın adamları camaatın istifadəsində olan torpaq sahələrini qeyri-qanuni şəkildə ələ keçirməyə başlayıb. Məmura güvənən şəxslər yerli əhaliyə qan uddurur: "Ağsu rayonunda Mikayıl İsmayılovun adamları tərəfindən torpaqları əllərindən alınmış sakinlərin dövlət başçısına ünvanladıqları şikayət məktubları bu məsələlərin araşdırılmasına rəvac verib. Hacıqədirli kəndinin 20-dən çox sakini vitse-prezidentin adamları tərəfindən icarə adı altında mənimsənilən torpaqlarının geri qaytarılması üçün prezidentə müraciət ediblər". Sakinlərin bildirdiklərinə görə, məmura yaxın olan şəxslər onları aldadaraq guya ki, torpaqlarını icarəyə götürdüklərini, orda iş yerlərinin açılacağını, onların da orda işləyəcəklərini deyiblər. Ancaq heç bir iş yeri açılmayıb və sakinlərin əkin torpaqları əllərindən çıxıb. Rayonun Axundlu kənd sakini Səfa İsmayılovun da torpaq sahəsi adıçəkilən məmurun adamları tərəfindən zəbt olunub. Səfa İsmayılov isə mətbuata müraciətində bildirib ki, onun illərlə əziyyət çəkib ərsəyə gətirdiyi fermer təsərrüfatı uzun sürən sifarişli məhkəmə süründürməçiliyi ilə əlindən alınaraq məhv edilib. Rayon sakininin sözlərinə görə, M.İsmayılovun yaxın qohumları onun fermasını onlara satmaq üçün görüşüblər. O torpağını satmağa razı olmadığı üçün ciddi problemlərlə üzləşib. Vətəndaşın dediyinə görə, içində 3 tövlə, çoban evləri olan 137 hektar torpaq sahəsi vitse-prezidentin adamları tərəfindən zorla əlindən alınıb və traktorun qarşısına salınaraq uçurulub. Bu təzyiqlərə dözməyən şikayətçinin oğlu ağır xəstəliyə tutularaq dünyasını dəyişib.
Rayon sakini onu da deyib ki, oğlunu İran İslam respublikasına müalicəyə apardığı zaman orda eşidib ki, ferması SOCAR-ın vitze-prezidentinin tapşırığı ilə sökülüb. Bundan sonra onun həyat yoldaşı da ağır xəstəliyə düçar olaraq yatağa düşüb. Mikayıl İsmayılov haqqında olan çoxsaylı şikayətlərdən sonra Prezident Administrasiyasından şikayət ərizələrinə baxılması üçün Ağsu Rayon İcra Hakimiyyətinə göstəriş verilib. İcra hakimiyyəti bu məsələləri diqqətə alıb. Deyilənə görə, şikayətçilər icra hakimiyyətinə çağırılıb və aidiyyəti şöbənin əməkdaşları tərəfindən dinlənilərək problemlərinin həll ediləcəyi barədə vəd verilib. Yayılan digər xəbərlərə görə, rayonun mərkəzi hissələrində bu məmurun qohumlarından başqa heç kimə ticarət obyekti işlətməyə icazə verilmir. Məsələni araşdırmaq məqsədilə Ağsu Rayon İcra Hakimiyyəti ilə əlaqə yaratmağa çalışdıq. Lakin 020 226 51 86 nömrəli telefona cavab verən tapılmadı. Sonda Mikayıl müəllimə demək istəyirik ki, belə işlərin axırı yoxdur. Vətəndaşla iqtidar arasında uçurum yaratmaq istəyən, buna cəhd edən məmurlar kimliyindən asılı olmayaraq cəzalandırılır. Odur ki, vitse-prezident də həyata keçirdiyi özbaşına əməllərin cavabını ala bilər.
2323 dəfə oxundu