İcra başçısının bacısı oğlu əlilin evinə basqın edib?

İcra başçısının bacısı oğlu əlilin evinə basqın edib?

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin bacısı oğlu keçmiş polis işcisi və Qarabağ döyüşçüsü Vüqar Musəviyə məxsus evə basqın edib. Basqında iki idmançı şəxs də iştirak edərək başçının bacısı oğluna dəstək veriblər. Redaksiyamıza daxil olan məlumatda bildirlir ki, başçının bacısı oğlu ilə Qarabağ döyüşçüsünün mübahisəsi yolda başlayıb. Beləki icra başçısının bacısı oğlu maşınla avtoşluq edərək Vüqar Musəvinin idarə etdiyi maşını yol kənarına sıxışdıraraq qəza şəraiti yaradıb. Maşını qəzadan xilas edən Vüqar icra başçısının bacısı oğluna irad bildirərək maşını belə sürməsinin səbəbini soruşub. O da deyib ki, ”əcəb edirəm, biz beləyik, belə sürürük”. Bu cavabdan sonra hər iki şəxsin arasında mübahisə yaranıb. Ağayevin bacısı oğlu maşının açarlarını Vüqarın başına vurub və taksiyə oturaraq hadisə yerindən uzaqlaşıb. Bu hadisədən bir neçə saat sonra Vüqarın yaşadığı Potu kəndindəki mənzilinin qapısı döyülüb. Qapını açan Vüqar Musəvi icra başcının bacısı oğlu ilə rastlaşıb. Onun yanında tanımadığı idmançı görkəmli 2 nəfər də olub. Onlardan biri əlindəki kağız parçasını göstərərək deyib ki, 2 saatdı polisdə sənin ünvanını axtarırıq.

Onun sözündən belə çıxıb ki, onlar Vüqarın maşın nömrəsini verib yaşadığı ünvanı polisdən öyrəniblər. Bu vaxt idmançılardan biri Vüqarın əllərini tutaraq qışqırıb ki, “vurun bunu”. M.Ağayevin bacısı oğlu və digər gələn idmançı Vüqara zərbələr endiriblər. Səs-küyə küçəyə çıxan yoldaşı və baldızı Vüqarı xilas etməyə çalışıblar. Vüqarın əlini tutan idmançı bu vaxt ona zərbə endirib. Zərbədən yerə yıxılan Vüqarı hər üçü təpikləməyə başlayıblar. Qadınların köməyi sayəsində Vüqar qaçıb yaşadığı evə daxil olub və evin qapısını arxadan bağlayıb. İcra başçısının bacısı oğlu qapını sındıraraq evə girib. Vüqarı otaqların birində tutaraq başına zərbələr endirməyə başlayıblar. Zərbələrdən hüşunu itirən Vüqar yerə yıxılıb. Onlar sonra Vüqar Musəvinin qadın qohumlarını da döyüblər. V. Musəvinin həyat yoldaşı 102-yə etdiyi zəngdən 1 saat sonra Vüqarı Göyçay Polis Şöbəsinə çağırıblar. Qaynağımız deyir ki, V.Musəvi onu döyən şəxslərin şöbədə sərbəst gəzdiklərinin də şahidi olub: “Polis rəisi İslam Hümbətov Vüqarın ağır xəsarət aldığının şahidi olduqdan sonra deyib ki, ona yanlış məlumat veriblər. Vüqara izahatında hadisənin olduğu kimi yazmasını xahiş edib və bu işi düzgün aparılacağını bildirdikdən sonra onu evə buraxıblar. Səhəri gün Vüqarın vəziyyəti pisləşib və onu xəstəxanaya aparıblar. Müayinədən keçdikdən sonra məlum olub ki, onun başının bir neçə yerində sümük çatı yaranıb. Həkim rəyindən qorxuya düşən icra başcısı döyülən Vüqar Musəvinin dayısı, Zaqatalanın keçmiş polis rəisi İlhamı təcili rayona çağırtdırıb və işin yoluna qoyulmasını xahiş edib.

Qaynağımız deyib ki, hazırda V.Musəvi ağır vəziyyətdə ev şəraitində müalicə olunur, onun sağ qalıb-qalmayacağı bilinmir: “Əgər sağ qalarsa, başına vurulan zərbələrdən heç bir əngəl qalmayacağı sual altındadır. Deyilənlərə görə, Vüqarın anası bu işi belə qoymayacağını, ölkə prezidentinə, Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə müraciət edəcəyini deyib. Qadın oğlunun qanını pula dəyişməyəcəyini bildirib. Dünən bazar günü olduğundan məlumatla bağlı rəsmi qurumların, o cümlədən Göyçay İH başçısının mövqeyini öyrənə bilmədik. Buna baxmayaraq yazıda adları hallanan şəxsləri dinləməyə, mövqelərini çap etməyə hazırıq.(aztoday.az) Hadisə barədə dəqiq məlumat əldə etmək üçün Göyçay Rayon Polis İdarəsinin təhqiqat şöbəsinin rəisi Elsevər Məmmədova müraciət etdik. Elsevər Məmmədov Qafqaz Xəbər Agentliyinə (qafqaznews.az) açıqlamasında bildirdi ki: “Orada 3 nəfər vətəndaş olub. Onlardan biri deyir ki, mən vurmuşam. Amma vuranın kimin qohumu olması barədə izahatda heç nə yazılmayıb. Ekspertiza təyin etmişik. Ekspertiza başa çatdıqdan sonra hüquqi qiymət veriləcək. Mən şəxsən burada yaşayıram, onu döyən şəxsi icra başçısının bacısı oğlu kimi tanımıram”. Potu kənd icra nümayəndəsi Vəliyev Nizami isə agentliyimizə açıqlamasında belə bildirdi: “ Vüqar Müsəvi həqiqətən də döyülsəydi, mənim bu barədə məlumatım olardı. Mənə bu barədə heç bir məlumat çatmayıb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
585 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...