Deputatla vitse-prezident arasında "soyuq müharibə" başlayıb

Deputatla vitse-prezident arasında "soyuq müharibə" başlayıb

Ağsu ölkəmizin ən səfalı və turizm üçün əlverişli hesab edilən rayonlarından biridir. Elə buna görədir ki, bəzi yüksək rütbəli məmurlar rayonda hegemon qüvvəyə çevrilmək üçün bütün imkanlarını səfərbər edir, lazımi əlaqələrini işə salırlar. Hazırda rayon üzərində bəzi vəzifəli şəxslərin nəzarəti var. Onların arasında gedən mübarizə yekun nəticədə yerli əhalinin başında çatlayır.

Belə ki, həmin adamlara yaxın olan şəxslərdən savayı, yerdə qalan vətəndaşlar sosial problemlərin məngənəsində boğulur və rahat dolana bilmirlər. Heç kimə sirr deyil ki, bu gün Milli Məclisdə oturan deputatların yetərli hissəsi mandatından əhalinin xeyrinə yox, öz şəxsi maraqlarının təmin olunmasından ötrü istifadə edir. Belə deputatlar aylarla parlamentdə danışmır, heç bir fəallıq nümayiş etdirmirlər. 87 saylı Ağsu-İsmayıllı seçki dairəsini Milli Məclisdə təmsil edən deputat Ərəstun Cavadov da həmin şəxslərin sırasındadır. Vurğulayaq ki, o deputat seçilənə qədər paytaxtın ən böyük ticarət mərkəzlərindən birinə - Mərkəzi Univermağa sahiblik edib və bu gün də qeyri-rəsmi olaraq həmin müəssisəyə nəzarət etdiyi deyilir. Deputat kimi aktiv fəaliyyəti nəzərə çarpmayan millət vəkili mətbuatdan da qaçaq düşən deputatların siyahısında yer alır. Son vaxtlar millət vəkili ilə bağlı bəzi heyrətamiz ittihamlar irəli sürülüb. Bu barədə az sonra məlumat verəcəyik. İlk öncə isə bildirmək istəyirik ki, deputatın adı bir neçə il əvvəl, daha dəqiq desək 2011-ci ildə qalmaqallı məsələdə hallandırılıb. "Modalar Atelyesi"nin keçmiş müdiri Hidayət Abbasov mətbuata müraciət edərək millət vəkilinin onun pulunu mənimsədiyini deyib: "Özəlləşmə zamanı Ərəstun Cavadov Mərkəzi Univermağın nəzdində fəaliyyət göstərən "Modalar Atelyesi"ni də ələ keçirmək istədi. Bu məqsədlə o, əvvəlcə məni ixtisar adı altında işdən çıxardı.

Daha sonra kollektivi də nəzərə almayan deputat atelyeni özəlləşdirdı. İşdən çıxarılandan sonra mənə atelyedə biçici vəzifəsi təklif etdi. İşsiz qalmamaq üçün müvəqqəti olaraq təkliflə razılaşdım. İki-üç ay atelyedə biçici işləyəndən sonra deputatın təzyiqləri ilə üzləşdim. Mənim üstümə adamlar göndərirdi, işimə mane olurdu. Başa düşdüm ki, burada işləməyimi istəmir. Çünki özəlləşdirmə məsələsində iddialı olduğumu bilirdi. Uzun müddət Mərkəzi Univermağın parça satışı şöbəsində işləyən oğlumun özəlləşdirmə zamanı həmin işini itirməməsi üçün ona 2500 dollar pul və 11 özəlləşdirmə çeki verdim. Həmin dövrlərdə özəlləşdirmə çekinin birinin dəyəri 100-150 dollar civarında idi. O həmin çeklərin yalnız birini bizim adımıza yazdı. Dedi ki, narazılıq etsəniz ikinizi də işdən çıxaracam. O zaman mən "Modalar Atelyesi"ndə işləyirdim. 800 dollar isə oğlumun işlədiyi parça satışı şöbəsinin mebelinə vermişəm. Lakin sonradan onun təzyiqləri nəticəsində oğlum işini itirməyə məcbur oldu. Beləliklə də bu adam faktiki olaraq müdiri olduğum "Modalar Atelyesi"ni, 3300 dollar pulumu və 11 çekimi mənimsədi". Mətbuatda yayılan digər məlumatlara görə, Ə.Cavadov 2005-ci ildə Ağsu rayonunun deputatı olduqdan sonra rayonda yerli əhalinin, fermerlərin, iş adamlarının günü qaralıb: "Belə ki, o Mərkəzi Univermaqdan əldə etdiyi milyonlarla kifayətlənməyərək rayonun yerli məmurları ilə birləşib Ağsuda bir çox biznes sahələrini ələ keçirib. Obyektini ucuz qiymətə satmaqdan imtina edən sahibkarları vergi və digər orqanların əli ilə müflisləşdirib. Çıxılmaz duruma düşən sahibkar görəndə ki, obyektini işlətməsi mümkün deyil, millət vəkilinin təklifilə razılaşmalı olub. Rayondakı ticarət, iaşə obyektlərinin əksəriyyəti onun nəzarəti altındadır. O təkcə müəssisələri, ticarət obyektlərini deyil, əhalinin, fermerlərin üzüm plantasiyalarını da ələ keçirib". Onu da deyək ki, bir müddət əvvəl Ağsu Rayon İcra Hakimiyyətinin başçısı ilə deputatın yola getməməsi haqda xəbərlər yayıldı. Bu barədə etibarlı mənbənin dedikləri: "Son vaxtlara qədər icra başçısı ilə deputat arasında ciddi ixtilaflar olmasa da, bir neçə aydır ki, tərəflər arasındakı münasibətlər öz gərginliyi ilə seçilir. Buna səbəb isə icra başçısının deputatın onun əleyhinə fəaliyyət göstərməsindən şübhələnməsidir. Rayon rəhbəri hesab edir ki, onun əleyhinə ölkə mətbuatına ötürülən informasiyaların kökü millət vəkilinə gedib çıxır.

Buna görə də başçı rayon məmurlarını, ziyalılarını və ağsaqqallarını bir araya toplayaraq onlardan bu il keçiriləcək parlament seçkilərində biznesmen deputatı müdafiə etməməyi tapşırıb". Bu arada, mötəbər qaynaqlardan aldığımız informasiyaya əsasən, Ağsuya nəzarət uğrunda mübarizə gün keçdikcə daha da qızışır: "Bildiyiniz kimi, Dövlət Neft Şirkətinin vitse-prezidenti Mikayıl İsmayılovun Ağsuda böyük biznes şəbəkəsi fəaliyyət göstərir. Son illər millət vəkilinin rayona olan marağının artması vitse-prezident tərəfindən narazılıqla qarşılanıb. Bu məqsədlə Neft Şirkətinin ikinci əsas söz sahibi deputatın nəzarətindəki biznes obyektlərinin sıradan çıxarılması üçün göstəriş verib. Bu isə qarşı tərəfin marağına uyğun olmayıb və nəticədə deputatla vitse-prezidentin arasında "soyuq müharibə" başlayıb". Bundan başqa, deputatın qızıl bazarını inhisara alması, zərgərlik məmulatları hazırlayan zərgərlik sexlərinin olması, Mərkəzi Univermaqdan əldə olunan gəlirlərin bir hissəsinin vergidən yayındırılması haqda bu günə qədər kifayət qədər ciddi ittihamlar səsləndirilib. Maraqlıdır ki, deputat bunların heç birinə reaksiya verməyib. Əksinə, biznes ələqələrini gündən-günə daha da genişləndirməkdədir. Sonda bir məsələni də qeyd edək ki, bir ara deputatın adı hazırda həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovla əlaqədə hallandırılırdı. \\ gundelik-baku.com \\


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
699 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...