"Ömür" Klinikası bağlanacaq?

"Ömür" Klinikası bağlanacaq?

Gülnara Məmmədovanın rəhbərlik etdiyi tibb ocağında vergi qanunlarına əməl edilmir

Hazırda ölkədə fəaliyyət göstərən özəl klinikaların bir çoxu möhtəşəm xarici görkəmə, eləcə də müasir avadanlıqlara malik olsa da, onların bir qismi pasiyentlərə yüksək səviyyəli tibb xidmət göstərə bilmir. Bundan başqa, o da qeyd olunmalıdır ki, bu cür tibb müəssisələrində qiymətlər olduqca bahadır. Misal kimi, Gülnara Sultan qızı Məmmədovanın direktoru olduğu "Ömür" klinikasını göstərmək olar.


Məlumat üçün bildirək ki, 1986-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu (indiki Tibb Universiteti-red.) bitirən Gülnara Məmmədova 1986-1987-ci ildə Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında internatura keçib. 1988-2002-ci ildə Bakı Aeroportunda Tibbi-sanitar xidmətin Aviasiya poliklinikasında həkim-ginekoloq vəzifəsində işləyib. O, 2002-ci ildə "Ömür" klinikasını təsis edib və həmin ildən də klinikanın direktoru vəzifəsində çalışır.

Keçək mətləbə. Əldə etdiyimiz bilgilərə görə, "Ömür" klinikasında qiymətlər çox yüksəkdir. Belə ki, bu və digər məqamlarla bağlı redaksiyamızı məlumatlandıran mənbə iddia edir ki, xəstənin yaxınları öz adamlarının normal müalicəsini həyata keçirmək üçün ən azı 800-900 manatlarından keçmək məcburiyyətində qalırlar: "Üstəlik, "Ömür"ün yazdığı dərmanların da əksəriyyəti firmalara məxsusdur. Çünki həmin firmalarla anlaşan həkimlər bunun müqabilində pul alırlar. Ümumiyyətlə, bu gün Azərbaycanda reklam kompaniyası xüsusilə güclü təşkil olunmuş "Ömür" klinikasının fəaliyyətində ciddi nöqsanlar müşahidə olunmaqdadır. Məsələn, burada tibbi xidmətlərə görə müəyyən edilmiş qiymətlər, bir çox özəl klinikalarla müqayisədə olduqca yüksəkdir. Maraqlıdır ki, bu gün klinikanın təkcə USM mərkəzində 7 şöbə fəaliyyət göstərir. ABŞ, Almaniya, Yaponiya istehsalı olan aparatların köməyi ilə kompleks müalicədə böyük rol oynayan transkranial və doppler müayinə, exo-kardioqrafiya, orqanların müayinəsi, densitometriya, mammoqrafiya və s. müayinələr aparmaq mümkündür. Digər tərəfdən isə klinikanın müasir avadanlıqlarla təchiz olunmasına baxmayaraq, "Ömür"də həyata keçirilən müayinələrin dürüstlüyü, müalicə prosedurlarının isə effektivliyi ciddi şübhə doğurur". Tibbi xidmətlərə görə daha yüksək qiymətlərin məhz xaricdən dəvət olunan və ya xarici ölkələrdə iş təcrübəsi olan yerli həkimlərin qəbuluna görə müəyyən olunduğunu vurğulayan məlumatlı şəxsin sözlərinə görə, "Ömür" klinikasında əsasən ölkədən kənarda fəaliyyət göstərən ən müxtəlif səhiyyə ocaqlarında işləmiş və ya ixtisas kursları keçmiş tibb işçiləri çalışırlar: "Bu həkimlərin xaricdə hansı səviyyədə peşəkarlığa yiyələndikləri isə yalnız onların özlərinə məlumdur. Lakin bu həkimlərin potensialı barədə ümumi təsəvvürü, onlarla klinika rəhbərliyi arasında razılaşdırılmış faiz dərəcələrinə görə də əldə etmək olar. Belə ki, adətən bilik və təcrübəsi daha çox olan həkimlərə təklif olunan faizlər də yüksək olur. Lakin "Ömür" klinikasında həkimlərə verilən faiz dərəcələri onların klinikaya müştəri cəlb etmək bacarıqları ilə təyin edilir. Bundan başqa, Gülnara Məmmədovanın direktoru olduğu tibb müəssisəsində xəstələrə təyin olunan dərmanlar da əksər hallarda həkimlərin müqavilə bağladıqları şirkətlər tərəfindən təklif olunan çeşidlərdən seçilir. Təbii, bu da şirkətlər tərəfindən həkimlərə ödənilən faiz məbləğləri ilə stimullaşdırılır".

Bu arada, mövzu ilə bağlı əldə etdiyimiz digər informasiyada isə deyilir ki, "Ömür" klinikasının vergi, mühasibat işləri qaydasında deyil. Belə ki, adıçəkilən tibb ocağında xəstələrdən alınan pula görə müvafiq qəbzlərin verilmədiyi və vergi qanunlarının pozulması hallarının mövcud olduğu bildirilir. Həmçinin məlumatlı şəxs onu da iddia edir ki, Gülnara Məmmədovanın rəhbərlik etdiyi klinika müfaviq lisenziya olmadan fəaliyyət göstərir: "Əgər müvafiq qurumlar qeyd olunan məqamları ciddi şəkildə araşdırsalar, o zaman "Ömür" klinikası bağlanmaq təhlükəsi ilə üz-üzə qala bilər. Çünki bu tibb müəssisəsində vergi qanunlarına əməl olunmamasıyla ilə yanaşı, yanlış diaqnozun qoyulması da az qala adi hala çevrilib".

Məsələ ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

P.S. Növbəsi sayımızda "Ömür" klinikası tərəfindən bir müddət əvvəl 8 aylıq körpəyə qoyulmuş yanlış diaqnozun nə ilə nəticələndiyinə aydınlıq gətirəcəyik.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
714 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...