Azərbaycanlı milyonçuları Vera Mitrofanova ilə nə bağlayır? Moskvada səs-küylü həbslər:

Azərbaycanlı milyonçuları Vera Mitrofanova ilə nə bağlayır?
Rusiyanın Federal Miqrasiya Xidmətinin vətəndaşların və təşkilatların müraciətləri ilə iş idarəsinin rəisi Vera Mitrofanova və əri həbs olunub.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, İstintaq İdarəsinin müstəntiqləri cəmi ay yarım əvvəl rəis vəzifəsinə təyin olunmuş Vera Mitrofanovanı qanunsuz miqrasiyanın təşkilində ittiham edir. Onun əri, kommersiya strukturlarından birinin hüquqşünası olan Andrey də bu cinayət işində fiqurantdır.

“Kommersant” qəzetinə məlum olub ki, Vera Mitrofanova və əri hələ ötən həftənin sonu həbs olunublar. Həmin gün onların mənzilində axtarış aparılıb, sənədlər, elektron daşıyıcılar götürülüb.

Vera Mitrofanova

Bu həftə isə Moskvanın Mərkəz Dairəsi üzrə İstintaq İdarəsi məhkəməyə onların barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün vəsatət verib. Vəsatətə aprelin 20-də baxılıb və təmin olunub.

Məlum olub ki, Mitrofanovanın və ərinin həbsi Rusiya İstintaq Komitəsinin qanunsuz miqrasiyanın təşkilinə dair bir neçə aydır apardığı istintaqla bağlıdır. Bu işlə bağlı başqa həbs olunanlar da var, onların adları hələlik məlum deyil.

Federal Miqrasiya Xidmətindən bildirilib ki, Mitrofanovanın başçılıq etdiyi idarə bu strukturda ən aparıcı idarələrdən biridir. Xarici vətəndaşların Rusiya ərazisində iş icazəsi almasını təşkil edən təşkilatlara lisenziyanı bu idarə verir, habelə regionlar üçün xarici işçi kvotalarını müəyyən edir.

Federal Miqrasiya Xidməti yüksək vəzifəli əməkdaşının həbsini şərh etməyib, ancaq xidmətin əməkdaşları qeyri-rəsmi söhbətlərdə bildiriblər ki, Mitrofanovanın həbsi Çin və Vyetnamdan qanunsuz miqrantların Rusiyaya daşınmasına dair aparılan istintaqla bağlıdır.

Vera Mitrofanova Federal Miqrasiya Xidmətinin ən tanınmış simalarından biri hesab olunurdu. O, Krımın Rusiyaya birləşdirilməsindən sonra yarımada sakinlərinin pasport məsələlərinin həlli ilə bağlı uzun müddət medianın gündəmində qalıb. Onun həbsi xidmətin rəhbəri Konstantin Romadanovskinin imicinə böyük zərbə hesab olunur.

“The Moskow Post” qəzeti isə yazır ki, Mitrofanovanın həbsi Azərbaycandan olan yəhudi milyonerlər Januko Rafailovun və qardaşı Don Rafailovun barəsində qaldırılmış cinayət işi ilə bağlıdır. Bu günlərdə Rafailov qardaşları da daxil olmaqla 8 nəfərə Suriya, İraq və Vyetnamdan qanunsuz miqrantların Moskvaya gətirilərək qul kimi istismar edilməsi ilə bağlı yekun ittiham elan edilib.

İttihama görə, “AST-Cargo” şirkətinin keçmiş sahibi Januko Rafailov və digərləri Moskvadakı “İzmaylovo” idman kompleksində, habelə Qolyanovodakı anbarlarda qeyri-leqal miqrantlar üçün düşərgə yaradıblar, orada onları qanunsuz fəaliyyət göstərən tikiş sexində qul kimi işlədiblər.
Xatırladaq ki, Moskvada Vyetnamdan olan yüzlərlə miqrantın qul kimi istismar edilməsi qalmaqalı 2014-cü ildə baş verib. Bu iş üzrə Januko Rafailov və digərləri həbs olunublar.

İstintaq müəyyən edib ki, “Rafailov qruplaşması”ına yerli polislər və Federal Miqrasiya Xidmətinin vəzifəli əməkdaşları yardım ediblər. Bu qalmaqala görə iki polis rəisi və Federal Miqrasiya Xidmətiin vəzifəli şəxsi işdən azad edilib.

Rafailovun sahibi olduğu “AST Cargo” şirkətinin yəhudi əsilli digər azərbaycanlı oliqarx Telman İsmayılovun “AST” şirkətlər qrupuna bağlılığı haqda məlumatlar yayılsa da T.İsmayılov özü bu məlumatları təsdiq etmir.

Qəzet yazır ki, bu işin ucu lap yuxarılara - general Romadanovskiyə gedib çıxa bilər. Belə ki, Mitrofanovanın idarəsini Ramadonovskinin müavini, keçmiş KQB zabiti Sergey Kalyujin kurasiya edir. Lakin iddialar var ki, Mitrofanova əslində birbaşa Romadanovskinin kurasiyasında olub.

Ekspertlər hesab edir ki, Federal Miqrasiya Xidmətində bir-birinin ardınca baş verən korrupsiya qalmaqalları, həbslər Romadanovskiyə qədər uzanacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
584 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...