Cavanşir Feyziyevin biznesinə zərbə BİZNESİ ƏLİNDƏN ÇIXIR

Cavanşir Feyziyevin biznesinə zərbə

Dərman bazarına nəzarət deputatın əlindən çıxır

Nazirlər Kabinetinin son qərarı "Avromed"in bu sahədəki hegemonluğuna son qoya bilər

"Təəssüflə qeyd etmək istəyirəm ki, dərman bazarı müəyyən dərəcədə nəzarətdən kənar qalıb. Bu, dözülməz haldır. Bizə məlum oldu ki, bu sahədə çox ciddi pozuntular, uyğunsuzluqlar var. Mənin narazılığım dərman preparatlarının baha olması ilə bağlı idi. Bəzi hallarda dərmanlar apteklərdə 10 dəfə artıq qiymətə satılır. Bu sahədə özbaşınalıq və anarxiya hökm sürür.

Mən Səhiyyə, İqtisadiyyat və Sənaye nazirliklərinə göstəriş vermişəm. Yeni mexanizm işlənilir. Ümid edirəm ki, bir neçə ay sonra insanlar bunu öz həyatlarında hiss edəcək". Bu sözləri prezident İlham Əliyev Nazirlər Kabinetinin bu ilin birinci rübü ilə bağlı keçirdiyi toplantısında deyib. Ölkə başçısı dərman bazarında qiymətlərin baha olmasından narazı olduğunu bildirib. Prezidentin tapşırığından sonra dərman bazarındakı vəziyyətin nizama salınması istiqamətindəki işlərə start verilib. Bu məqsədlə Nazirlər Kabineti "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"nda dəyişiklik edib. Milli Məclis tərəfindən 16 dekabr 2014-cü ildə "Dərman vasitələri haqqında" Qanuna dəyişikliklər edilib və dəyişiklik dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsini nəzərdə tutub. "Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" prezidentin 2015-ci il 18 mart tarixli fərmanına əsasən Tarif (qiymət) Şurasına qanuna uyğun olaraq dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsini üç ay müddətində təmin etmə tapşırılıb. Nazirlər Kabineti də buna müvafiq olaraq "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"nda dəyişiklik edib. İndiyə qədər dərman preparatlarının sınağının keçirilməsi xidmətlərinin qiymətləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənib. Dəyişikliyə əsasən, bundan sonra dərman preparatlarının sınağının keçirilməsi xidmətləri deyil, dərman vasitələrinin ekspertiza xidmətləri, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri Tarif Şurası tərəfindən tənzimlənəcək. Başqa sözlə, Nazirlər Kabinetinin bu qərarından sonra Tarif Şurası dərman vasitələrinin ekspertiza xidmətləri, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərini tənzimləmək üçün müvafiq qərar qəbul edə biləcək. Sözsüz ki, bu dəyişiklik dərman bazarında hegemonluq edən qüvvələrə mənfi təsir göstərəcək. Qeyd edək ki, hazırda ölkəmizdə dərmana olan tələbatın böyük hissəsi idxalatın hesabına ödənir. Araşdırmalar göstərir ki, respublikaya xarici ölkələrdən dərman idxal edib onun satışı ilə məşğul olmaqla bağlı lisenziyası olan 10-larla distribütor var. Lakin dərman idxalının həcminə görə öndə gedən şirkət kimi "Avromed" MMC-nin adı çəkilir. Məlumat üçün bildirək ki, "Avromed" şirkəti dünyanın 40-dan çox ölkəsində yerləşən 200-dən artıq tanınmış əczaçılıq şirkətləri ilə işbirliyi qurub. Şirkətin bölgələrdə 10 regional ofisi var. "Avromed" MMC-nin infrastrukturunda çalışan əməkdaşların sayı 1150 nəfərdən çoxdur. Şirkətin təsisçisi deputat Cavanşir Feyziyevdir. Ekspertlər hesab edir ki, bu sahədə qiymətlərin bahalaşmasının əsas səbəbkarı məhz deputata məxsus şirkətdir: "Eyni dərman müxtəlif apteklərdə müxtəlif qiymətlərə satılır. Manatın devalvasiyasından sonra isə bəzi apteklər istehlakçılara dərman olmadığını bildirirlər. Bu sahədə böyük qeyri-şəffaflıq var. Dərman satışı ilə məşğul olan distribütorların apteklərə çıxışına maneələr var. Monopolist şirkətlər öz tabeliyində olan apteklərə dərmanları ucuz, digərlərinə isə xeyli baha satır. Bu yolla həmin aptekləri sıradan çıxarmaq istəyirlər. Həmin şirkətlər karter razılaşması edərək hamısı eyni addımı atırlar". Özəl mənbələrdən əldə etdiyimiz məlumatlara görə, Nazirlər Kabinetinin məlum qərarı dərman bazarındakı inhisarlaşmanı aradan qaldıra, o cümlədən Cavanşir Feyziyevin biznesinə böyük zərbə vura bilər: "Bundan sonra dərman qiymətlərini Tarif Şurası tənzimləyəcək. Bu isə o deməkdir ki, ölkənin əsas dərman idxalçısı olan "Avromed" öz apteklərində dərmanları ucuz, digər apteklərdə baha sata bilməyəcək. Bir sözlə, deputatın monopoliyaya aldığı sektorda təmizləmə prosesinə başlanıb. "Avromed"in sıxışdırılıb bazardan çıxarılması istisna deyil". Hesab edirik ki, Nazirlər Kabinetinin sözügedən qərarı düzgün və yerindədir. Ümidvarıq ki, bundan sonra "Avromed"in bazardakı hegemonluğu sona çatacaq, vətəndaşların cibinə girənlər isə layiq olduqları cəzanı alacaqlar.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1118 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...