Mərdəkan Dendrarisində özbaşnalıq - MÜHİM

Mərdəkan Dendrarisində özbaşnalıq -

Mərdəkan Dendrarisi Abşeron yarımadasının ən tanınmış yerlərindən biridir. Burada çox sayda subtropik ağaclar, kollar, çiçəklər, efiryağlı, yerli və yad floralara mənsub olan bitki növləri toplanmışdır. Xüsusilə son illər introduksiya işləri olduqca genişləndirilmişdir. Buradakı işlərin elmi mahiyyəti ilə yanaşı, Abşeronun yaşıllaşdırılmasında və xalq təsərrüfatında yeni dekorativ subtropik ağaclar və kollar, efiryağlı və çiçəkli bitkilər də tətbiq olunur. Onun mövcudluğunun ilk illərindən Cənubi və Şimali Qafkazın , Orta Asiyanın, Krımın və Cənubi Ukraynanın yaşıllaşdırma təşkilatları buradan mübadilə yolu ilə şitillik material əldə etmişlər. Təəssüflər olsun ki, bu gün Mərdəkan Dendrarisində baş verənləri nə bu müəssisənin illərdən bəri formalaşmış nüfuzuna, nə də Milli Elmlər Akademiyasının struktur bölməsi olaraq bir elmi tədqiqat mərkəzinə yaraşdırmaq olmur. Redaksiyamıza daxil olan məlumatlarda da bildirilir ki, artıq neçə müddətdir ki, bu müəssisənin rəhbərliyi dendraninin bütün fəaliyyətini yalnız şəxsi qazanc əldə etmək məqsədlərinə yönəltmişdir. Məlum olduğu kimi Mərdəkan Dendrarisinə 1996-cı ildən Tofiq Məmmədov rəhbərlik edir. İlk baxışdan belə zənn etmək olar ki, bu müəssisənin bütün problemlərini də Tofiq müəllimdən daha yaxşı başa düşən insan olmamalıdır. Çünki hələ 1986-1996-cı illərdə T.Məmmədov Azərbaycan MEA-nın Mərdəkan Dendrarisində baş mühəndis, direktor müavini vəzifələrində çalışmışdır. Lakin görünür zamanın dəyişkənliyi bu elm məbədinə də öz təsirlərini göstərmişdir. İlk növbədə dendrarinin fəaliyyətində belə bir məqam diqqəti çəkir ki, buraya giriş pulludur. Əlbəttə düşünmək olardı ki, yığılan pullar müəssisənin inkişafına, məsələn elə yeni bitki növlərinin alınmasına və yetişdirilməsinə yönəldilir. Lakin müşahidələr belə qənaətə gəlməyə əsas verir ki, hər giriş üçün alınan 2 manatın müqabilində ziyarətçilərə nə bilet təqdim olunur, nə də qəbz yazılır. Başqa sözlə desək, burada yığılan pulların heç bir hesabatı aparılmır. Daxil olan məlumatlarda diqqət yönəldilən ikinci bir məqam isə dendrarinin ərazisində fəaliyyət göstərən iki kafe ilə bağlıdır. Bu xüsusda mənbələr bildirirlər ki, həmin iaşə obyektlərində kef məclisləri düzənləyənlər özlərini müəyyən müddətə planetin ən ekzotik guşələrində hiss etməkdən böyük zövq alırlar.

Digər tərəfdən isə, dendrariyə mənəvi qida arxasınca gələn başqa vətəndaşların, əsil təbiət vurğunlarının bu mənzərədən razı qaldıqlarını düşünmək ən azından sadəlövhlük olardı. Lakin dendrarinin “kommersiya fəaliyyəti” bununla da bitmir. Aldığımız məlumatlarda bildirilir ki, Tofiq Məmmədov bu müəssisənin ərazisində Ağdam rayonundan gəlmiş bir məcburi köçkün ailəsinə məskunlaşmaq üçün yer də ayırmışdır. Soltan Qəmbərov və onun həyat yoldaşı Şəlalə Rəhimova isə Tofiq müəllimin bu “səxavətindən” maksimum yararlanaraq özləri üçün bu cənnətməkan guşədə xudmani bir kottec inşa ediblər.Qeyd etməliyik ki, bu yaxınlarda redaksiyamıza zəng edən Tofiq müəllimin mətbuat katibi və adı çəkilən Soltan Qəmbərov dərc etdiyimiz tənqidi materiala özünəməxsus tərzdə reaksiya vermişdi. Belə ki, irəli sürülən ittihamlardan heç birini təkzib edə bilməyən müəssisə rəhbəri, həmçinin adı çəkilən şəxs bunun müqabilində ünvanımıza bolluca təhdid və hədə-qorxular ünvanlamışdı. Yazılanları təkzib etməyəcəyimiz halda isə Tofiq müəllim bizi daha sərt tədbirlər görəcəyi barədə xəbərdar da etmişdi... Bu barədə növbəti sayımızda daha geniş məqaləni oxuya bilərsiniz. \\ bizimdovr.az \\



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
598 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...