"Mirəziz deyirdi ki, işlə, bizə də gətir" - MTN işi

APA-nın məlumatına görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçən prosesdə şahid qismində Elyar Abdullayev ifadə verib. O bildirib ki, Vidadiyə Mirəziz Əsgərovun zəng etməsinin şahidi olub: “Mirəziz deyirdi ki, işlə, bizə də gətir. Bunu mənə Vidadi telefonda danışandan sonra deyib. Vidadinin dediyinə görə, ondan 100 min manat istəyib. Vidadinin pul verməsinin şahidi olmamışam. Onu bilmişəm ki, Mirəziz Vidadiyə dəfələrlə zəng edib”.
Daha sonra şahid qismində ifadə verən Ziyad Rzayev bildirib ki, Vidadi Əzizovun xalası qızının həyat yoldaşıdır. Onun sözlərinə görə, Goranboy rayonunda yataq alıb və ferma salıb: “Həmin fermanın salınması üçün vəsaitin bir hissəsini Vidadi verib. Sonra Vidadi qoyunlar da aldı və ferma işə başladı. 2012-ci ildə Vidadiyə MTN-dən zəng gəlib. Həmin zənglərlə bağlı maraqlandım. Vidadi dedi ki, pul istəyirlər. Mən də dedim ki, pul ver, canını qurtar. Sonradan Vidadi fermada olan qoyunları satdı. Qoyunlar satılanda qızımın xəstə olması ilə bağlı Bakıda olmuşam”.
Hakim bildirib ki, iş üzrə dəvət olunan digər şahidlər MTN-in əməkdaşlarıdır. Həmin şahidlərin məxfi işlərlə bağlı ifadə verəcəyini deyən hakim prosesin bu hissəsini qapalı keçirilməsini təklif edib. Bundan sonra proses qapalı keçirilib. Qapalı prosesdə MTN zabiti Aydın Manafov və digərləri ifadə verib.
589 dəfə oxundu