Dekan müavinin məhkəməyə veri - tələbə ölkəni tərk etdi

Bakıda tələbə ilə dekan müavini arasındakı məhkəmə çəkişməsinin növbəti prosesi keçirilib.
Musavat.com xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadə fakültənin tələbəsi olan Zəka Mirağayevə qarşı iddiasına Yasamal Rayon Məhkəməsində baxılıb.
Məhkəmədə Nigar İsmayılzadənin vəkili Kamandar Nəsibov tələbə haqqında həbs-qətimkan tədbirinin seçilməsini təklif edib: "Həbs-qətimkan tədbiri seçilməsə, mümkün deyil. O adam bu məhkəmə prosesində bizi avara eləmişdi. Müxtəlif bəhanələrlə prosesi uzadır".
Dekan müavini də vəkili ilə həmrəy olduğunu deyib.
Tələbənin vəkili Elçin Sadıqov isə etiraz edib. Bildirib ki, məhkəməyə gəlməyən şəxs haqqında öncə məcburi gətirilmə qərarı çıxarılmalı, sonra başqa tədbirlərə əl atılmalıdır.
Qısa müşavirədən sonra hakim Zəka Mirağayevin axtarışa verilməsi haqda qərarı elan edib. Qərarın icrası Yasamal Rayon Polis İdarəsinə həvalə olunub. Zəka Mirağayev tapılıb gətirilənə qədər məhkəmədə bu işin icraatı dayandırılıb.
Qeyd edək ki, ötən prosesdən sonra musavat.com Zəka Mirağayevlə əlaqə saxlamışdı.
Zəka Mirağayev məhkəmənin ədalətli qərar çıxarmayacağına əmin olduğu üçün ölkəni tərk etdiyini demişdi.
Xatırladaq ki, Nigar İsmayılzadə Zəka Murağayevin Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddəsi ilə də cəzalandırılmasını istəyir. Xüsusi ittihamçı “anaxeber” saytında yer almış yazıdakı “Nigar İsmayılzadə “İlahiyyat” fakültəsinin adına layiq deyil” cümləsini təhqir hesab edir.
Qeyd edək ki, dekan müavini Azərbaycanın Yaponiyadakı səfiri Gürsəl İsmayılzadənin bacısıdır.
365 dəfə oxundu