“Avropa dərin iqtisadi və mənəvi böhran içərisindədir” – yeniləndi

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çox sərt danışıb.
AzNews.az xəbər verir ki, prezident iclasda bir çox məsələlərlə bağlı problemləri sadalayıb və onların həll edilməsi üçün aidiyyəti üzrə tapşırıqlarını verib. Ölkə başçısı xüsusi olaraq qeyd edib ki, Azərbaycanda sahibkarlığın inkişafı ilə bağlı problemlər hələ də aktualdır. İlham Əliyev son günlər daha çox müzakirə mövzusuna çevrilən AZAL-da biletlərin qiymətlərin bahalılığı məsələsinə də toxunub. Bildirib ki, biletlər həddindən artıq bahadır və bu məsələ tez bir zamanda nizama salınmalıdır. Prezident eyni zamanda ölkədə fəaliyyət göstərən otellərdəki qiymətlərin xidmət səviyyəsinə uyğun gəlməməsini və bunun da turizmin inkişafına mənfi təsirini göstərdiyini də vurğulayıb.
İ.Əliyev Azərbaycanın Xarici İşlər Nazirliyinin fəaliyyətini də tənqid edib. Prezident bildirib ki, bundan sonra Azərbaycanın xarici siyasəti ölkələrin bizə qarşı münasibətinə adekvat qurulmalıdır.
“Bu ilin 6 ayının yekunları çox müsbətdir və Azərbaycan uğurla inkişaf edir”.
APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bunu bu gün Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Dövlət başçısı bildirib deyib ki, son 6 ayda iqtisadiyyat 5,7 faiz, qeyri-neft sektoru 9,2 faiz artıb, sənaye istehsalı təxminən 4 faiz, qeyri-neft sənayesi 1 faizdən çox artıb: "Ölkədə infilyasiya 3,5 faiz, əhalinin pul gəlirləri 6,2 faiz olub, kənd təsərrüfatında 7,3 faiz artım qeydə alınıb. Son 6 ayda ölkəmizə 12,7 milyard manat sərmayə qoyulub. Hazırda dünyanın müxtəlif yerlərində xoşagəlməz proseslər müşahidə edilir, Yaxın Şərqdə qanlı toqquşmalar dayanmayıb, Avropa dərin iqtisadi və mənəvi böhran içərisindədir, bütün bunlar bizi düşünməyə vadar edir. Azərbaycan bütün ölkələrlə, bütün beynəlxalq təşkilatlarla bərabərhüquqlu münasibətlər qurur, biz fəaliyyətimizi bu prinsip üzərində davam etdiririk”.
Prezident İlham Əliyev bildirib ki, Avropa İttifaqı ilə əməkdaşlıqda da Azərbaycanın milli maraqları əsas götürülür.
358 dəfə oxundu