Davamlı inkişaf edən Mərkəzi Aranın mərkəzi rayonu - SABİRABAD
Mərkəzi Aranın ən böyük rayonlarından biri. Mərkəzi Aranın tam mərkəzində yerləşən rayondur Sabirabad...
... Muğan, Mil və Şirvan düzünün kəsişdiyi, Kür-Araz çaylarının qovuşduğu ərazidə yerləşir.
Sabirabad rayonu şimaldan Kürdəmir rayonu ilə, şimal şərqdən Hacıqabul rayonu, şərqdən Şirvan şəhəri ilə, cənub şərqdən Salyan rayonu ilə, qərbdən Saatlı rayonu ilə, cənubdan Biləsuvar rayonu ilə həmsərhəddir. Sabirabad rayonu okean səviyyəsindən 16 metr, dəniz səviyyəsindən 28 metr aşağıda yerləşir.
1934-cü ildə yaradılan rayonun 74 kəndi var. Bakıdan cəmi 170 kilometr aralıqda yerləşən rayonun əhalisinin sayı 172 min nəfərdən çoxdur. Kəndlərdə məskunlaşma son illərdə kifayət qədər sürətlə inkişaf edib. Rayon əhalisinin 80 faizi, 143 min nəfəri kənd sakinləridir.
Sabirabad rayonunun 2016-cı il üzrə büdcə proqnozu 37 milyon manata yaxındır. Cari ilin büdcəsi isə 9 milyon manat təşkil edir.
Azərbaycan prezidentinin sevimli rayonu
Ötən ilin sentyabrın 17-də Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev rayonda regional müşavirə keçirib. Cənab prezidentin Sabirabad rayonunda regional müşavirə keçirməsi təsadüfi deyildi. Prezident çıxışına başlayarkən ilk olaraq bunları demişdi: “1970-1980-ci illərdə Ulu Öndər Sabirabada və pambıqçılıqla məşğul olan digər rayonlara səfər edərkən məni də özü ilə aparırdı. Mən də o illərdə dəfələrlə onunla bərabər Sabirabadda olmuşam, o müşavirələrdə iştirak etmişəm. Pambıq tarlalarında, tarla düşərgələrində pambıqçılarla görüşü zamanı onunla bərabər olmuşam. Yəni, o xatirələr mənim ürəyimdə yaşayır və bu gün daha da aydın görünür ki, ulu öndər Heydər Əliyev nə qədər uzaqgörən və xalqa bağlı olan bir insan idi. Çünki o, yaxşı bilirdi ki, pambıqçılığın Azərbaycanın müttəfiq respublika kimi inkişafında və Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılmasında çox mühüm yeri var”.
Yəni Sabirabad rayonu Cənab Prezidentin əhalisinin fədakarlığına, zəhmətsevərliyinə güvəndiyi, doğma xatirələri olan bir rayondur. Və ötən ilin müşavirəsindən sonra rayon rəhbərliyi qarşısında qoyulan proqnoz tələblər, istər pambıqçılıq, istər baramaçılıq, istər quşçuluq, istərsə də maldarlıq və bir sözlə aqrar sektorun bütün sahələri üzrə işlər böyük uğurla həyata keçirilir.
Və bu günlərdə GUNDEMİNFO.AZ-ın əməkdaşlarının gördükləri, həqiqətən də rayonun nə qədər sürətlə inkişaf etdiyini, qarşıya qoyulan vəzifə və tapşırıqların nə qədər uğurla həyata keçirildiyini bir daha əyani olaraq isbatlayır.
Sovetlər dövründə, konkret olaraq 1981-ci ildə Azərbaycan üzrə tədarük edilən 1 milyon ton pambığın 110 min tonu təkcə Sabirabad rayonun payına düşüb. Elə məlum müşavirədə çıxış edən Sabirabad rayon icra hakimiyyətinin başçısı Cənab Nazim İsmayılov da bu barədə qeyd edirdi ki, rayonun pambıqçılıqla bağlı böyük perspektivləri var. İcra başçısı çıxışında bildirdi ki, 1969-1982-ci illərdə ümummilli liderimiz Heydər Əliyev rayonumuza 14 dəfə səfər edərək pambıq sahələrində işlərin gedişi ilə tanış olub, bu zalda 8 dəfə zona müşavirələri keçirib.
Və artıq rayonda pambıq əkinlərinin artması hesabına rayonun Axtaçı kəndində mövcud olan “MKT” İstehsalat Kommersiya Məhdud Məsuliyyətli Cəmiyyətinin pambıq zavodu işə salınıb və hazırda orada 90 nəfər işçi çalışır.
Ömrünü “Ağ qızıl”la bəzəyən qəhrəman qadın
Və Sabirabadda olarkən ötən il Cənab Prezidentin də pambıq sahəsinə baş çəkdiyi Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynovanın pambıq tarlasına getdik. Fatma xanım bizimlə söhbətində dedi ki, bu il həm iqlim, həm də suvarma imkanlarının daha da yaxşılaşdırılması səbəbindən pambıq tədarükümüz keçən illə müqayisədə daha da yüksək olacaq. Amma pambıq yığımı zamanı hava şəraiti də əlverişli olsa, yəni az yağıntı olsa sentyabrın sonlarından etibarən uğurlarımızın bəhrəsini görməyə başlayacağıq.
Havanın qızmar olmasına baxmayaraq Fatma xanım suvarlarla əkin sahəsindəydi. “Pambıqçılıq çətin və əziyyətli sahədir. Bütün ilboyu ömrünü tarlaya, əkinə, şüma, səpin., öambıq yığımına həsr edirsən. Buna baxmayaraq pambıqçılıq Azərbaycan üçün strateji bir məhsuldur. Pambıqdan 35 çeşiddə sənaye məhsulu əldə etmək olur. Bu baxımdan da Сənab Prezidentimizin bu sahəyə qayğısı təsadüfü deyil və pambıqçılığı inkişaf etdirməklə, ölkədə paralel olaraq 35 sənaye istiqamətində yeni iş yerləri, strateji müəssisələrin fəaliyyətini bərpa etmək mümkündür .Bu il 30 hektardan çox ərazidə pambıq əkmişəm. İndidən nə qədər məhsul yiğa biləcəyimi deyə bilmərəm. Amma əminəm ki, bu il daha yaxşı tədarük nəticələri göstərəcəyik. Cənab başçımız Nazim müaəllim rayonda pambıqçılıqla məşğul olanlara daha həssas və qayğı ilə yanaşır. Texniki olaraq heç bir problemimiz də yoxdur. Ən kiçik çətinliyimzlə belə çox yaxından maraqlanır. Bizə kömək edir. Təbii ki, bu il pambıq yığılan zaman əlavə olaraq qiymətə hər kiloqram üçün 10 qəpik dövlət dəstəyi olan subsidiyanın veriləcəyi də pambıq yığan işçilərimizi həvəsləndirib.” deyə həmsöhbətimiz bildirdi.
Dotasiya almayan rayonda sahibkarlar aqrar sektora böyük investitsiya yatırır
Hazırda Sabirabad rayonu 2017-ci ilin büdcəsindən dotasiya almayan rayonlardan biridir. Amma bu ildən Sabirabadda sahibkarlar tərəfindən investisiya qoyuluşu istiqamətində xeyli işlər görülüb. 2017-ci ildə Nizami kəndində quşçuluq fabrikinin, Nərimankənd kəndində istixana kompleksinin, Qaratəpə və Moranlı kəndlərində pambıq qəbulu məntəqələrinin tikintisi başlayıb.
Bu il Sabiarabadda 271 yeni müəssisə fəaliyyətə başlayıb. 2657 iş yeri açılıb. Rayonda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində xeyli işlər görülüb. 10 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 43 km olan Suqovuşan - Məmişlər - Qaralar - Qəfərli - Əhmədabad -Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisi başa catdırılıb.
Hazırda uzunluğu 60 km olan Qalağayın – Osmanlı- Çöl Beşdəli - Zalqaraağac - Çöl Ağaməmmədli - Azadkənd -Muğan Gəncəli avtomobil yolunun tikintis həyata keçirilir.
Rayonda baramaçılıq da xüsusi strateji sahə kimi inkişaf etdirilir. Sabirabad Rayon İcra Hakimiyyətindən saytımıza verilən rəsmi məlumata əsasən ötən il 3 ton barama istehsalına qarşı rayonda 3075 kq barama istehsal edilib. Yaxın gələcəkdə bu sahənin daha da inkişaf etdirilməsi məqsədilə 8 kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində 62,5 min ədəd tut tingi əkilib. Cari ildə 5 tona qarşı 5 ton 34 kq barama istehsal olunub.
Rayonda 24620 hektar sahədə taxıl əkilib, bu da ötən illə müqayisədə taxıl əkini sahəsinin həcminə görə 258 ha çoxdur. Taxıl biçini qısa müddətdə başa çatdırılıb və 95 min 720 ton taxıl istehsal edilib. Hər hektardan ümumi məhsuldarlıq 40 sentnerə bərbaər olub. Buğdanın məhsuldarlığı isə hər hektardan 40,3 sentner olub. Bu ilin ikinci yarısına olan məluamda qeyd edilir ki, 3302 hektar tərəvəz, 3181 hektar bostan, 1338 hektar kartof, 4274 hektar sahədə təzə yonca digər əkinlər aparılıb.
Şad xəbər - regionun ən böyük səhiyyə müəssisəsi inşa edilir – noyabrda əhaliyə xidmətə başlayacaq
Sabirabad rayonunda əhalinin həyat səviyyəsinin yüksəldilməsi məqsədilə müasir standartlara cavab verən Mərkəzi Xəstəxana Komleksinin inşası cari ildə xeyli sürətlənib. Rayonun baş həkimi Əziz Mikayılovun Gundeminfo.az-a verdiyi məlumata əsasən 205 çarpayılıq xəstəxana yalnız rayon əhalisinə xidmət göstərəcək. Xəstəxanada terapiya, cərrahiyə, burun-boğaz, göz müayinə, müalicə şöbəsi, nevralogiya, ginekologiya, doğum, pediatriya, dializ, infeksion və poliklinika şöbələri fəaliyyət göstərəcək. Noyabrda açılışı nəzərdə tutulan Sabirabad Mərkəzi Xəstəxanasında 300 nəfərə yaxın orta tibb işçisi, 80-ə yaxın həkim personalı əhaliyə xidmət göstərəcək.
Xəstəxanın istifadəyə verilməsi ilə rayonda yeni iş yerlərinin açılması da nəzərdə tutulur. Baş həkim bizimlə söhbətində bildirdi ki, hazırda fəaliyyət göstərən xəstəxana 1974-cü ildə inşa edilib. Həmçinin onu da öyrəndik ki, yaxın illərdə Sabırabad Rayon Mərkəzi Vərəm Dispanseri də inşa ediləcək. Hazırda yeni inşa edilməkdə olan Mərkəzi Xəstəxanaya yaxın ərazidə Vərəm Dispanserinin inşa edilməsi planlaşdırılır.




Sabirabad sakinləri deyir ki, 2011-ci ildən bəri Sabirabada cənab Nazim İsmayılovun başçı təyin edilməsindən sonra rayonda fundamental olaraq abadlıq, quruculuq işləri görülüb. İndi rayonda demək olar ki, ucqar kəndlərdə belə yollar safaltlanıb. Rayonun mərkəzi xeyli abadlaşdırılıb. Hazırda rayonda yeni Bayraq Meydanın inşası həyata keçirilir. Yaxın aylarda inşa işləri başa çatacaq. Sabirabad rayonunda həm də Mərkəzi Aran rayonlarını birləşdirən Asan Xidmət Mərkəzi də fəaliyyət göstərir. Rayon ərazisində bir çox idarələri regional olan Kənd Təsərrüfatı Nazirliyinin Sabirabad Rayon İdarəsi yerləşir. Burada bir sıra idarələr var ki, həm də regioanl statusdadır və 7 rayon üzrə əhaliyə xidmət göstərilir.
Bundan başqa 2016-cı ilin iyun ayında Sabirabad rayonunda “Azəravtoyol” ASC-nın 5 nömrəli avtomobil yollarının Yaşıllaşdırıması MMC fəaliyyətə başlayıb ki, bu idarə regional əhəmiyyətlidir. MMC Hacıqabul rayonunda Bəhrəmtəpə qəsəbəsinə qədər olan 203 kilometr ərazinin əhatə edir.
Sabirabad rayonunda Heydər Əliyev prospektində yaşayış binaları əsaslı olaraq təmir edilib. Binaların kommunal şəraitinin yaxşılaşdırılması üçün infrastrukturlar yenidən formalaşdırılıb. Bir sözlə Sabirabad artıq kiçik bir paytaxta çevrilib. Mərkəzi Aranın əksər rayonlarının əhalisinin yolu bu gün bu rayondan keçir.
Sabirabad rayonu ilk baxışdan turizm üçün əlverişli, iqliminə görə isti olması təəssuratı yaransa da, əslində rayonun Cavad kəndində yerləşən Kür və Araz çaylarının qovuşduğu ərazi olaraq kifayət qədər əlverişlidir. Xüsusilə də yaz və payız aylarında rayonda meyvə və tərəvəz tədarükü dövrü başlayır. Eyni zamanda hava şəraitinin əlverişli olması da rayonun turizm imkanlarını artırır. Son illərdə Kür və Araz çaylarında mühafizə bəndlərinin əsaslı möhkəmləndirilməsi həyata keçiriləndən sonra çay sahillərindəki gözoxşayan restoran və istirahət mərkəzləri yenidən qurulub və fəaliyyət göstərir. Bu da əlbəttə ki, yeni iş yerlərinin açılması deməkdir.
Sabirabad bu gün Azərbaycanda kənd təsərrüfatı rayonu olaraq sözün bütün mənalarında gözəlləşməkdə, davamlı inkişafda olan bir rayona çevrilməkdədir.
2009 dəfə oxundu