"Cənnət" MTK sakinlərin həyatını cəhənnəmə çevirib - FOTOLAR
"Cənnət" MTK-ya məxsus Bakı şəhəri, Xətai rayonu General Şıxlinski küçəsi 2942/V ünvanda yerləşən kooperativ yaşayış binasının sakinləri "Cənnət"in rəhbəri Sədrəddin İsmayıldan şikayətçidirlər. Sakinlər S.İsmayılı dələduzluqda və kooperativə üzvlük haqqında müqaviləni pozmaqda ittiham edirlər. Qarşıdan soyuq fəsillərin gəldiyini bildirən sakinlər təbii qaz tələb edirlər.
"Sakini olduğumuz "Cənnət"də əsas problem qazın olmaması ilə bağlıdır. Sədrəddin camaata göz verib, işıq vermir. Ötən il evlərin qazla təmin olunması üçün hər mənzildən 2 min manat yığdı. Bir müddət öncə yenidən 1000 manat yığmaq istəyib.
Kommunal xərc adı ilə mənzilimizin hər kvadratmetri üçün 40 qəpik yığır. Ötən gün liftdə problem yaranmışdı. Komendant da buradaydı. Bilmədən dilindən çıxdı ki, Sədrəddin bizdən yığdığı pulla vergiyə olan borcunu ödəyir və binamızın qeyri-yaşayış sahəsində özünə mağaza açıb fəaliyyət göstərir.
Biz Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə və Prezident Administrasiyasına müraciət etmişik. Amma müraciətimiz nəticəsiz qaldı. Onun adı bircə İnterpolda yoxdur.
Dövlət başçısından xahiş edirik, biz vətəndaşları onu əlindən alsın",-deyə sakin Musaxan Feyzullayev bildirdi.
Kooperativ yaşayış binasının üzvü olan Həsən Həsənov, Məmməd Kərimov, Mahir Muradov, Polad Zamanlı, İsmayıl Bayramov, Bayram Məmmədov, İbrahim Abbasov və Elçin Cabbarov da MTK rəhbərinin özbaşınalığından şikayətçi olduqlarını bildirərək hüquq mühafizə orqanlarının onun barəsində tədbir görməsini və mənzillərin qazla təmin olunmasını tələb etdilər. Sakinlər həmçinin "Cənnət" MTK-nın rəhbəri Sədrəddin İsmayılı vergidən yayınmaqda ittiham etdilər. Belə ki, müqavilə arayışında S.İsmayıl mənzilin dəyərini dəfələrlə aşağı məbləğdə göstərib. Halbuki sakinlərin ödədiyi məbləğ dəfələrlə çoxdur. Payçılar MTK-ya mənzilə görə 65-75 min manat arasında vəsait ödəsə də, müqavilədə bu məbləğ 13-15 min manat arasında dəyişir.
"Sakinlərin suya borcu yox idi. MTK-nın isə "Azərsu"ya borcu olduğu üçün binanın su ilə təminatı dayandırılmışdı. Biz problemin həll olunmasını tələb edəndə Sədrəddin sakinlərdən xahiş etdi ki, ona kömək edək. Biz məcburiyyət qarşısında ona 2 min manat verdik. Niyə məcburiyyətdən? Çünki su həyatın mənbəyidir. MTK-nın borcu olması səbəbindən bizim suyumuz kəsilmişdi. Axı burda o deyil,biz yaşayırıq. İki həftə öncə isə mənzillərin qazla təmin olunması üçün Sədrəddin sakinlərdən ümumi olaraq 60 min manat istədi",-deyə Faina Məmmədova bildirib.
Sakin Aydın Bağırov isə dedi ki, mənzillər sayğacla təmin olunsa da, bina hələ də qazlaşdırılmayıb. Sakinlərin müvafiq orqana etdiyi müraciətə cavabda bildirilir ki, onlara sakinlər deyil "Cənnət"in rəhbərliyi müraciət etməlidir.
1573 dəfə oxundu