Bankir deputat bu il mandatı ilə vidalaşır

Bankir deputat bu il mandatı ilə vidalaşır

Qanunun qadağan etməsinə baxmayaraq, ölkəmizdə bəzi məmurlar biznes fəaliyyəti ilə məşğul olur. Bu haqda mətbuat vasitələrində indiyə qədər saysız-hesabsız yazılar dərc olunub. Qeyd edək ki, "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunun 9.3 maddəsində göstərilir ki, vəzifəli şəxsin bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul olması korrupsiyaya şərait yaradan hüquqpozması sayılır.

Ölkədə korrupsiyanın qarşısının alınması üçün müvafiq qanunlar qəbul etmək əvəzinə korrupsiyanın çiçəklənməsinə, məmurların daha da varlanmasına şərait yaradan bəzi deputatların özləri də həmin məmurlardan geri qalmır. Belə ki, millət vəkillərinin bir neçəsi iri şirkətlərə və biznes obyektlərinə sahibdirlər. Onlar qanunun tələblərini pozaraq biznes fəaliyyəti ilə məşğul olurlar. Bir müddət öncə Milli Məclisin 90 saylı Ağdaş seçki dairəsindən seçilən deputatı Çingiz Əsədullayevin biznesi haqda maraqlı məlumatlar yayılıb. Əvvəlcə isə bildirək ki, adıçəkilən millət vəkili 1960-cı ildə Sumqayıt şəhərində anadan olub. Ali təhsilini Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda, "Maliyyə və kredit" fakültəsində alıb. 1981-ci ildə Dövlət Bankında iqtisadçı vəzifəsində işləməyə başlayıb.

1981-1983 illərdə Sovet Ordusu sıralarında hərbi xidmətini tamamlayıb. Ordudan tərxis olunduqdan sonra, 1983-cü ildə Dövlət Bankındakı işinə qayıdaraq kənd təsərrüfatının kreditləşməsi idarəsində işləməyə başlayıb. 1984-cü ildə həmin idarədə aparıcı iqtisadçı vəzifəsində işləyib. 1987-1989-cı illərdə "Azərittifaq"da işləyən deputat əvvəl Plan-iqtisad idarəsində rəis müavini, sonra isə Maliyyə-iqtisad idarəsində rəis müavini vəzifələrində çalışıb. 1990-cı ildə Bakı Şəhər İstehlak Cəmiyyətinin Plan-iqtisad şöbəsinin rəisi təyin olunub. Daha sonra "Turan" SC-nin vitse-prezidenti təyin olunan deputat 1992-ci ildə "Azəriqazbank" ASC-nin (indiki "AGBank") İdarə Heyətinin sədri, 1997-ci ildə isə bankın Müşahidə Şurasının sədri seçilib. 2005-ci ildən Milli Məclisin deputatıdır. Aparılan araşdırmalar göstərir ki, Çingiz Əsədullayev parlamentin fəal deputatlarından deyil. Yəni o nadir hallarda hansısa müzakirələrə qatılar, ya qatılmaz. Heç seçiciləri də onun fəaliyyətindən razılıq etmir. Vaxtilə ona səs verib deputat mandatı qazanmasına səbəb olan insanlar indi millət vəkilinin qəbuluna düşə bilmirlər. Ona görə ki, hörmətli deputat vaxtının çox hissəsini biznes işlərinə ayırır. Onun bank rəhbərliyində təmsil olunması isə açıq-aşkar göstərilir. Məlumata görə, "AGBank"ın 23.096 faiz payı millət vəkilinə məxsusdur. Qeyd edək ki, Çingiz Əsədullayevin sayəsində "AGBank" Azərbaycanın aparıcı banklarından birinə çevrilməyi bacarıb. Bankın səhmdarları sırasında iki böyük təşkilat mövcuddur: Beynəlxalq Maliyyə Korporasiyası və "Kazimir İnvestment LTD" Amerika Sərmayə Fondu. Özəl sektora sərmayə yatıran Beynəlxalq Maliyyə Korporasiyası Dünya Bankı Qrupunun təşkilatlarından biridir və 2006-cı ildən etibarən ASC " AGBank "-ın 17.5% həcmində səhmlər paketinin sahibidir. "Kazimir İnvestment LTD" Amerika Sərmayə Fondu 2008-ci ildən etibarən ASC "AGBank"-ın 10% səhmlər paketinə malikdir. Hazırda, "AGBank" çoxsaylı müasir bank xidmətlərini, o cümlədən hesablaşma-kassa xidmətləri, istehlak və biznes kreditləri, korporativ kreditlər, depozitlər, plastik kartlar, pul köçürmələri, sənədli əməliyyatlar, səyahət çekləri və kommersiya çekləri xidmətlərini göstərir. Etibarlı mənbələrdən aldığımız məlumatlara görə, "AGBank"ı de-fakto idarə edən deputatın maliyyə imkanları xeyli genişdir: "Bildiyim qədərilə onun paytaxtın ən bahalı küçələrində mağazaları, mülkləri, həmçinin Ağdaş rayonunda sayı-hesabı dəqiq bilinməyən ticarət obyektləri var. O deputatlığa ikinci, üçüncü dərəcəli iş kimi baxır. Onu maraqlandıran əsas məsələ biznes şəbəkəsinin daha da genişlənməsidir. Səhv etmirəmsə, deputatın xarici ölkələrdən birində də biznesi var". Bildiyiniz kimi, Milli Məclisdə bir neçə dəfə sahibkarlıq fəaliyyəti ilə məşğul olan deputatların məsələsi müzakirə olunub.

Hətta millət vəkili Elmira Axundova "modern.az" saytına müsahibəsində biznesmen deputatları tənqid edib: "Bizim aramızda iri biznes adamları var. Mənə elə gəlir ki, onlar deputat kimi öz fəaliyyətlərini səmərəli qura bilməz. Onlar adətən susur. Bir-iki nəfər istisna olmaqla. Çingiz Əsədullayev aktivdir, sağ olsun. Qalan biznes strukturunun nümayəndələri passivdir. Bəlkə də səviyyələri olmadı, bəlkə də, siyasət aləmində tanınmadıqlarına görə utandılar danışmağa". Yazının əvvəlində vurğuladığımız kimi, bəzi deputatlar, o cümlədən adını qeyd etdiyimiz millət vəkili qanunlara məhəl qoymayaraq biznes fəaliyyəti ilə məşğul olur. Konstitusiyamızın 89-cu maddəsinin 4-cü bəndində isə konkret olaraq göstərilir ki, Milli Məclisin deputatı sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatından məhrum edilir. Amma bu vaxta kimi ölkə təcrübəsində belə hal baş verməyib. Yəni bizneslə məşğul olan deputatlardan heç biri mandatdan məhrum edilməyib. Özəl qaynaqların məlumatında isə bildirilir ki, ötən 10 ildə seçicilərinin etimadını doğrultmağı bacarmayan Çingiz Əsədullayevin qarşıdan gələn parlament seçkisində şansları azdır: "Onun yenidən deputat seçiləcəyi bir qədər müəmmalıdır. Çünki seçiciləri artıq deputatdan üz döndəriblər. Belə ki, o 2005-ci ildən bu yana seçicilərin problemləri ilə yaxından maraqlanmayıb, onlara köməklik göstərməyib". \\ gundelik-baku.vom \\



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
985 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...