Azərbaycan üçün böyük qürur ANI Bakı Avropa Oyunları

Bizə 1-ci Bakı Avropa Oyunları lazımdırmı? Etiraf edək ki, bu gün bu sual üzərində də düşünənlər var. Və hətta «Avropa Oyunlarına xərclənən pulları millətə versinlər, camaat problemlərini həll etsin» deyənlər də var.
Təbii ki, bu, ibtidai və qaragüruh yanaşmanın tərəfdarı olduqca azdır. Amma bir daha vurğulayırıq ki, var…
Onlara isə izahat verilməlidir. Yəni izah olunmalıdır ki, 1-ci Bakı Avropa Oyunları kiminsə - konkret bir şəxsin və yaxud da bir toplunun deyil, birbaşa olaraq Azərbaycan dövlətinin və Azərbaycan xalqının maraq və mənafelərinə xidmət edən əlahiddə bir hadisədir.
Ona görə əlahiddədir ki, belə bir törəni düzənləmək hər dövlətin işi deyil və hətta Azərbaycan dövləti də hər gün belə tədbirləri düzənləmək iqtidarında deyil.
O ki, qaldı Avropa Oyunlarına ayrılan vəsaitin, xərclənən pulların kimlərəsə hansısa probleminin həlli üçün ayrılması kimi absurd-qaragüruhçu yanaşmaya… Həmin zatlara bir sadə cavab vermək olar: Sizin məntiqlə, millət heç Qarabağın azadlığını qarantiləyən Milli Ordumuza da pul xərcləməməlidir… Eyni məntiqdir. Bu məntiqə görə, nə yollar, parklar salınmalı, nə körpülər, binalar tikilməlidir, nə də digər ümumidövlət maraqları həyata keçirilməlidir.
1-ci Bakı Avropa Oyunları təkcə mövcud hakimiyyətin yox, bütünlükdə olaraq Azərbaycan xalqının DÖVLƏTİMİZ adına dünya qarşısında verəcəyi bir imtahandır.
Hər bir dövləti insana bənzətsək, o zaman 1-ci Bakı Avropa Oyunlarını Azərbaycan insanının müstəqil həyata başlama anı kimi, müstəqil həyatda ilk sınaq məqamı kimi dəyərləndirmək olar.
Doğrudur, biz buna qədər də bir sınaqdan keçmişik. Amma məğlub olmuşuq. Söhbət 1-ci Qarabağ Savaşından gedir.
Biz həmin savaşı uduzduq. Çünki hələ müstəqil həyata hazır deyildik. Bu gün isə Azərbaycan güclüdür və 1-ci Qarabağ Savaşından fərqli olaraq 1-ci Bakı Avropa Oyunlarında özünün MÜSTƏQİL DÖVLƏT olduğunu bütün parametrləri ilə ortaya qoymağa çalışacaq.
Bu zaman bizim dövlətimizin yanında olmağımız gərəkir. Eynən müharibədə olduğu kimi.
Əks səngərdə yer alanlar açıq xəyanətə getmiş olurlar.
Eynən müharibədə olduğu kimi…
Məhəmməd ƏRSOY - DİA.AZ
426 dəfə oxundu