Kredit "üyüdən"lərin dişləri niyə sındırıldı? ARAŞDIRMA

Kredit "üyüdən"lərin dişləri niyə sındırıldı?

"PNN Group" şirkətinin rəhbəri Nizami Piriyev, "Azərinşaat" MMC-nin rəhbəri Mehdi Əliyev, Şəkinin sabiq icra başçısı, "BakFen" MMC sahibi Murad Cabbarlı, sabiq deputat, "Globus Plaza"nın sahibi Dünyamin Xəlilov, "Avesta" holdinq və "Xəzər İsland"ın rəhbəri Hacı İbrahim Nehrəmli, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi, "Azİmport" şirkəti sahibi Rəşad Məmmədov...

Bu şəxslərin tutulmaları və polis idarələrinə aparılaraq ifadələrinin alınmaları barədə xəbərlər mediada ilk əvvəl ildırım sürətilə yayıldı, sonra geniş müzakirələrə səbəb oldu.
Nə baş verir? Onlar niyə tutuldular? Qanunları pozmuşdularsa, niyə indiyədək tutulmurdular? Saxlanan adamlar günahsızdır və onlar repressiyalara məruz qalıblar?

Suallar çoxdur və onlara cavab verməyə çalışaq.

Nə baş verir?

Tutulan indiki və sabiq məmurlar, iş adamları külli miqdarda maliyyə vəsaitini mənimsəməkdə şübhəli bilinirlər. Onların suçlu və ya günahsız olduqlarını birmənalı şəkildə iddia etmək istəməzdik. Araşdırmalar aparılır, təhqiqat gedir və məhkəmənin qərarı açıqlananadək sözügedən şəxslərlə bağlı rəy söyləmək yanlış olardı.
Amma...

Kredit "üyüdən"lərin dişləri niyə sındırıldı?

Olanlar var və onlar Azərbaycanda bir para məmurlarla iş adamlarının reallıq hissini itirmələrindən ibarətdir. Camaat belələrinə "gözləri ayaqlarının altını görməyən"lər deyir. Bahalı avtomobillər, lüks villalar, şəhərin mərkəzində apartamentlər, daha sonra xaricdə şirkətlər, evlər və yenə də villalar, malikanələr, maşınlar. Daha sonra özəl reaktiv təyyarələr, dəbdəbəli həyat tərzi, bu adamların övladlarının superbahalı avtomobillərlə Bakı küçələrində o maşınların mühərriklərindəki at güclərindən vəcdə gələrək at oynatmaları, restoranlar və gecə klublarında əyləncələr.

Saxlanılan şəxslərin nə işlərlə məşğul olduğunu anlamaq üçün onların "ciyərpara"larının İnstagram-dakı akkauntlarına baxmaq yetər.
Sanki paralel kainatda yaşayan bu gənclər ifrat eqoizmi, mənəm-mənəmlikləri, mənəviyyat hədləri və əxlaq çərçivələrini çoxdan keçmiş davranışları, adi vətəndaşları ayaq altındakı qarışqa saymaları, yekəxanalıq və təkəbbürləri - bir sözlə, zəngin ataların "dəyərli" balalarının pulları sel kimi səpələməkləri ilə qürrələnmələri.

Belə həyatın təminatçısı isə zəhmət, istedad və ya bilik yox, maliyyə vəsaitlərinin həzm-rabedən keçirilməsi, bank kreditlərinin sonradan yalnız kağız üzərində olan şirkətləri arasında paylaşdırılaraq yoxa çıxarılması idi.
Son həbslərin çox sadə açması var: bu adamlar müxtəlif vaxtlarda kommersiya banklarından kreditlər götürüblər və həmin kreditləri də sənədlərdə göstərilən "meqalayihələr"ə sərf etmək əvəzinə, mənimsəyiblər.
Bu qədər bəsit.
Daha doğrusu, çox primitiv.

Onlar niyə tutuldular?

Tutulan şəxslər bu yaxınlaradək özlərini Azərbaycanın yeni formasiyalı iş adamları, ölkə iqtisadiyyatına çoxsaylı xarici investisiyaları cəlb edən şəxslər, qeyri-neft sektorunu sürətlə inkişaf etdirəcək fiqurlar kimi təqdim edirdilər.
Pulla ələ aldıqları və ya şirnikləndirdikləri media strukturları da həmin adamları az qala yerli miqyaslı Pol Allen, Bill Geyts, Çezare Mondi kimi təqdim edir, bəh-bəhlə tərifləyirdilər.

Bu minvalla adamlar gərgin və ən başlıcası, effektiv fəaliyyət illüziyası yaradırdılar.
Halbuki fəaliyyət sxemi sadədən də sadə idi.
Əvvəlcə kiçik nizamnamə kapitalına malik şirkət yaradılır, daha sonra həmin şirkətin affilə olunduğu daha bir neçə "cırtdan" şirkət offşor adalarında qeydiyyatdan keçirilirdi. Məsələn, Bakıda yaradılmış və rəsmi qeydiyyatdan keçirilmiş "X" şirkəti bu minvalla Kayman adaları, Trak və Keykos, Dominikan, İspaniya və ya Monakoda qurulmuş virtual şirkətlə "yeni layihə ilə bağlı əməkdaşlıq memorandumu" imzalayırdı.

Kredit "üyüdən"lərin dişləri niyə sındırıldı?

Layihə Bakıda fənərli qaloş istehsalı və ya Xəzərin ortasında süni adalar yaradılmasını nəzərdə tuturdu.
Həmin layihə ilə bağlı reklam kampaniyası başlanır, təbliğat aparılırdı.
Bir qədər keçən kimi kommersiya bankından o layihənin biznes-planına əsaslanan kredit götürülürdü.
Kreditin məbləği milyonlarla manat olurdu.
Layihə ilə bağlı illüziya davam etdirilir və axırda kreditlərin ümumi məbləği onlarla, yüzlərlə milyon manata çatdırılırdı.
Bəhs etdiyimih kreditlərin hansısa layihəyə xərcləndiyini, ölkə iqtisadiyyatına real xeyir verdiyini düşünməyin.
Əsla.

Kreditlər götürülən kimi ilk əvvəl bahalı maşınlar alınırdı - imic əsas məsələdir axı.
Daha sonra Bakının mərkəzində və ya yaxın həndəvərində dəbdəbəli ofis binası tikilirdi, orada nəyisə harasa aparan adamlar işə götürülürdü. Haradasa nəyinsə əsası qoyulur, özülü qazılır, genişmiqyaslı tikinti görüntüsü yaradılırdı.
Halbuki bütün bünlar kreditlərin çox cüzi qismi idi. Əsas məbləğ xaricdəki offşor şirkətlərinə, bank hesablarına, daşınmaz əmlaka köçürülmüş, çevrilmiş, yatırılmışdı.

Düyna bazarlarında xam neftin qiymətlərinin yüksək olduğu, Azərbaycana neft dollarlarının sel kimi axdığı dönəmdə belə "kredit yırtıcıları"nın fəaliyyəti ümumi biznes aktiviliyi fonunda ziyadə nəzərə çarpmırdı.
Amma neftin qiyməti ucuzlaşanda, manatın dollara olan kursu aşağı düşəndə, Mərkəzi Bank "üzən kurs"a keçərək devalvasiya qərarı verəndə və ölkədəki kommersiya banklarının kredit siyasətinə nəzarəti sərtləşdirəndə "ölülərin xortlaması" başlandı.

Kredit "üyüdən"lərin dişləri niyə sındırıldı?

Yəni kommersiya banklarının "ölü" saydıqları, uzunmüddətli və ödənişləri yubadılan kreditlər, ən başlıcası isə onların hansı layihələrə nə üçün verildiyi yoxlananda fırıldaqlar, qanun pozuntuları, mənimsəmələr aşkarlandı.
Zahirən səbatlı biznes planı, dayanıqlı və ölkə iqtisadiyyatı üçün gəlirli layihə təsiri bağışlayan işin əslində illüziya, yalan, ilğım olduğu bilindi.

O da bəlli oldu ki, özlərini "hakimiyyətə yaxın" iş adamları kimi təqdim edən şəxslər əslində banal fırıldaqçılar, yerli Ostap Benderlərmiş.

Qanunları pozmuşdularsa, niyə indiyədək tutulmurdular?

Tutulanların kreditləri mənimsədikləri, dövlət vəsaiti hesabına multimilyonçulara çevrildiyi, özləri, ailələri, qohumları və yaxınları üçün lüks yaşam səviyyəsini təmin etdikləri şübhə doğurmur.
Şübhəsi olanlar həmin adamların evlərinə, maşınlarına, çoxsaylı qohumlarının cah-cəlallı həyat tərzini göstərən atributlarına diqqətlə nəzər sala bilərlər.

Bu adamların hüquq-mühafizə orqanlarını indiyədək maraqlandırmamalarının səbəbi fəaliyyətlərini "intensiv biznes fəaliyyəti" ilə ustalıqla pərdələmələri idi.
Yenə də həmin illüziya - sözügedən şəxslər özləri ilə bağlı yanlış təsəvvürlər yaratmaqda əsl peşəkarlardı. Onların təbliğatı, piarı çox keyfiyyətli olmaqla yanaşı, "cib mediası" da aktiv çalışırdı və kütlə həmin şəxsləri istedadlı iş adamları kimi qəbul edirdi.
İndisə yoxlamalar başlanıb və maliyyə əməliyyatlarının əksəriyyətinin qanun pozuntuları ilə aparıldığı görünüb.

Nehrəmli İbrahim və "Kuinsli Berni"

1938-ci ilin aprelin 29-da Nyu-Yorkun Kuins səmtində doğulmuş Bernard Lourens Meydoff ABŞ ilə bahəm, dünya tarixində də qalacaq adamdır. Çünki NASDAG fond birjasının direktorlar şurasının sabiq sədri Birləşmiş Ştatların, bəlkə də dünyanın tarixi ərzində ən böyük maliyyə fırıldağını gerçəkləşdirə bilmişdi.

1960-cı ildə Uoll-Stritdə "Bernard L. Madoff Investment Securities LLC" şirkətini yaratmış Meydoff ta 2008-ci ilin dekabrın 11-dək bu quruma başçılıq etmişdi.
2008-ci ilin dekabrın 11-də Meydoff həbs olunanda ABŞ-ın maliyyə sistemi lərzəyə gəldi. Çünki bu adam on milyardlarla, yüz milyardlarla dolları mənisəmiş, dağıtmışdı.

Kredit "üyüdən"lərin dişləri niyə sındırıldı?

Onun qurbanlarının dəqiq sayı bilinmir. Hələ də deyilir ki, Meydoffun aldatdığı adamların sayı ən azı 120 min nəfərdir.
2009-cu ilin iyunun 29-da Nyu-York Məhkəməsinin qərarı ilə 150 il müddətinə azadlıqdan məhrum edilmiş Meydoffın fırıldaqları hələ də araşdırılır.

Amerikalı maliyyə fırıldaqçısı Bernard Meydoffun qurbanı olmuş maliyyə qurumları və onları itkiləri:

BBVA bankı (İspaniya) - 400 milyon dollar
"Man Group" (Britaniya) - 300 milyon dollar
"Royal Bank of Scotland" (Britaniya) - 599,3 milyon dollar
"Banco Santander" (İspaniya) - 2,3 milyard dollar
"UniCredit" (İtaliya) - 75 milyon dollar
"BNP Paribas" (Fransa) - 460 milyon dollar
HSBC (Britaniya) - 1 milyard dollar
"Nomura Holdings" (Yaponiya) - 302 milyon dollar
"Societe Generale" (Fransa) - təqribən 10 milyon dollar

Azərbaycanda tutulan, saxlanılan və ifadələri alınan milyonçular, multimilyonçular, məmurlar, ən müxtəlif vəzifə sahiblərinin yaratdıqları şirkətlər, çoxsaylı qurumlar və strukturların fəaliyyəti daha çox maliyyə piramidalarını xatırladır.
Onların yaxşı "müəllim"ləri olub. Birləşmiş Ştatlardakı Çarlz Ponsi və Robert Allen Stenford, Türkiyədəki Cem Uzan, Rusiyadakı Sergey Mavrodi...

Saxlanan adamlar günahsızdır və onlar repressiyalara məruz qalıblar?

Adlarını çəkdiyimiz iş adamları saxlanandan az sonra radikal müxalifət hərəkətə gəldi. Əvvəlcə Cəmil Həsənli yenə virtual zirehli maşının üzərinə çıxaraq özünü Petroqraddakı Finlandiya vağzalında bolşeviklərə xitab edən Vladimir Ulyanov saydı və "günahsız insanları tuturlar, repressiyalara məruz qoyurlar" dedi.
Daha sonra Əli Kərimli açıqlama ilə çıxış etdi və bildirdi ki, sən demə, tutulanların istisnasız olaraq hamısı az qala Vətən cəfakeşləri, millət qəhrəmanlarıdır.

Bir qədər keçdi və sosial şəbəkələrdə Əli Kərimli ilə Cəmil Həsənlinin tərəfdarları haray qaldırdılar, "Qoymayın, həbslər dalğası, repressiyalar fırtınası yaşanır" dedilər.
Belədirmi?
Əli Kərimli və Cəmil Həsənlinin dediklərinə inansaq, bəli və şübhəsiz.

Kredit "üyüdən"lərin dişləri niyə sındırıldı?

Fəqət, bir dəqiqə: Rəsul Quliyev Milli Məclisin spikeri olanda onu ən çox tənqid edən Əli Kərimli idisə, Quliyev işindən kənarlaşdırılandan və ABŞ-a tələsik yollanıb canını həbsdən qurtarandan sonra onu ən qızğın müdafiə edənlərdən biri də elə Əli Kərimli oldu.

Əli İnsanov səhiyyə naziri, Fərhad Əliyev iqtisadi inkişaf naziri olanda bu şəxsləri "amansız" tənqid edərək onları "qəddar məmurlar" adlandıranlar sonradan, yəni Ə.İnsanov və F.Əliyev həbsə atılandan sonra mövqelərini diametral dəyişərək tutulanlara mədhiyyələr söyləməyə başladılar.
Çünki...
Həmin adamların pullarına, maddi imkanlarına göz dikməklə yanaşı, bu şəxsləri "əzabkeş, hakimiyyət təqiblərinə məruz qalan adamlar" təki təqdim etməklə siyasi dividendlər qazanmağa çalışırlar.
Bir qədər sonra Əli Kərimli ilə Cəmil Həsənli indi saxlanılan şəxsləri "siyasi mövqelərinə görə repressiyalara məruz qalan mətin vətənpərvərlər" adlandırsalar, təəcüblənməyin.

Özlərini "müxalifət liderləri" adlandıran fiqurlar həmişə merkantil maraqlarını önə çəkiblər və bu, absurd təsiri bağışlayır.
Necə ki, ABŞ-da iqtidarda olan Demokrat Partiyasına müxalifətdəki siyasətçilər günlərin birinda Bernard Meydoffla bağlı bəlağətli çıxışlar edərsə, müdafiə kampaniyasına başlayarsa, amerikalılar heyrətlənərlər.

Azərbaycanda isə həbs edilən şəxs vəzifəli, pulludursa - əmin olun ki, o adamı "müxalifət lider"ləri mütləq "rejimin qurbanı" elan edəcəklər.

Və bu davranışda da nə məntiq, nə mənəviyyat axtarmayın...

Elçin Alıoğlu


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1619 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...