QƏLƏBƏ BİZİMLƏDİR!

QƏLƏBƏ BİZİMLƏDİR!


VAXT GƏLDİ, QƏLƏBƏ ÇALDI ORDUMUZ!

İlham Əliyev: "Mən özümü xoşbəxt insan hesab edirəm ki, bu sevincli xəbərləri doğma xalqıma çatdırıram..."

Bu gün xalqımıza Güvən, İlham, İnam verən, yeni tarix yazan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişaf və tərəqqi yolu ilə mətin addımlarla irəliləyir. Çox keçməz, böyük Qələbə xəbərini- Azərbaycanın dilbər guşəsi olan Dağlıq Qarabağımızın, Şuşanın, Xankəndinin, Laçının, Qubadlının, Kəlbəcərin alınması xəbərlərini də eşidərik.

Vaxt gəldi Qələbə çaldı Ordumuz!
Azadlığa çıxdı Doğma Yurdumuz!
Yenilməz Aslana döndü Qurdumuz!
Dağıldı düşmənin bərəsi-bəndi...
QƏLƏBƏ BİZİMLƏDİR!

AZƏRBAYCAN - BİZİM VƏTƏNDİR!

Hər gün cəbhədən xoş xəbərlər gəlir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də xalqa müraciətində işğaldan azad edilmiş Füzuli, Cəbrayıl, Xocavənd, Zəngilan rayonlarının 24 kəndinin və Zəngilan şəhərinin düşmən tapdağından azad olunması barədə möhtəşəm Qələbə xəbərini verdi.
"Zəngilan bizimdir! Qarabağ bizimdir!" - deyən möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin möhtəşəm qələbə xəbərləri ürəyimizi qürur hissi ilə doldurur.
Prezident İLHAM ƏLİYEV: "Bir daha demək istəyirəm ki, biz xoşbəxt insanıq, bizim nəslimiz xoşbəxtdir ki, bu sevincli günləri görə bilirik. Mən özümü xoşbəxt insan hesab edirəm ki, bu sevincli xəbərləri doğma xalqıma çatdırıram. Ali Baş Komandan kimi bütün işlərə rəhbərlik edirəm və Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da öz fəaliyyətimdə ölkəmizin, xalqımızın milli maraqlarını qorumaq üçün əlimdən gəlini əsirgəməyəcəyəm. Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz. Bizim işimiz haqq işidir. Biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik.
Yaşasın Azərbaycan Ordusu!
Yaşasın Azərbaycan xalqı!
Qarabağ Azərbaycandır!"
QƏLƏBƏ BİZİMLƏDİR!

Qazanılan hərgünkü qələbələr, şübhəsiz, dövlətimizin başçısının natiqlik məharəti, diplomatik təcrübəsi, dünya miqyaslı siyasi lider olduğunu, nitqinin məntiqi ardıcıllığı, hər bir fikrini dəlillərlə əsaslandırmaq bacarığı heç kimdə onun dediklərinə şübhə yeri qoymur. Belə ki, cənab İlham Əliyev öz ölkəsinin mövqeyini aydın şəkildə ifadə edərək, Ermənistanın təxribatlarını, mülki şəxslərə qarşı müharibə apardığını faktlar əsasında diqqətə çatdırdı. Paşinyan isə fikri dağınıq, sualı başa düşməyən, mövcud vəziyyəti ayıq başla qiymətləndirmək imkanından məhrum olmuş, sanki təzyiq altında olan və sualın cavabını bilməyən bisavad birinin təəssüratını bir daha təsdiqlədi.

Möhtərəm Prezidentimiz bir daha bu məqamlara aydınlıq gətirdi ki, işğalçı dövlətin baş nazirinin hakimiyyətə gəldiyi ilk gündən danışıqların formatını dəyişmək cəhdi, qondarma «Dağlıq Qarabağ respublikası»nın qondarma “rəhbərinin” danışıqlarda tərəf kimi iştirakında maraqlı olması, onun ardınca «Qarabağ Ermənistandır» bəyanatı, daha sonra isə Livandan, Suriyadan erməniləri işğal altında olan ərazilərimizdə məskunlaşdırması Nikol Paşinyanın sülh danışıqları masasında oturmaqdan yayındığını, yeni ərazilər uğrunda müharibə planı hazırladığını konkret faktlar əsasında ortaya qoydu. Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən başlanan hərbi əməliyyatlar, sonra dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara yalvarışları əsasında nail olduğu humanitar atəşkəsi pozaraq cəbhə bölgərindən uzaq ərazilərimizi intensiv raket atəşinə tutması Paşinyanın bu razılaşmanı terrorla əvəzlədiyinə işıq saldı.

Müsahibədən də göründüyü kimi, dövlətimizin başçısı aydın şəkildə münaqişənin sülh yolu ilə həlli mexanizmini tam açır və xalqların sülh şəraitində yaşamasını təmin edəcək model təklif edir. Ermənistanın baş naziri isə yenə də eyforiyaya qapılaraq kompromis variant kimi xalqların öz müqəddəratını təyin etməsini, sonra isə bu müddəanı “qırmızı xətt” kimi göstərir. tapır. Və bir daha onu da təsdiq edir ki, beynəlxalq hüququn mövcudluğunu belə inkar edən tərəflə danışıqlar aparmaq, bundan müsbət nəticə gözləmək əbəsdir.
QƏLƏBƏ BİZİMLƏDİR!

İstər bügünədək cərəyan edən proseslərdən, istərsə də bir müsahibə çərçivəsində ünvanlanan suallara yanaşmadan bu fərq daha aydın nəzərə çarpır ki, bir tərəfdə müasir, güclü, innovasiyalar ölkəsi olan Azərbaycana davamlı uğurlar qazandıran qalib lider, digər tərəfdə öz ölkəsini və xalqını fəlakətə sürükləyən, iqtisadi böhran içərisində çabalamasını şərtləndirən yalançı və avantürist, rəzil bir rəhbər dayanıb: Bu fərqlilik hər iki tərəfə ünvanlanan «Bu müharibənin qəddarlığı artıq tarixə düşüb. Siz də bu müharibə tarixinin bir hissəsisiniz. Tarixdə necə qalmaq istəyərdiniz» sualına cavabdan da aydın görünür.

Dövlətimizin başçısı İlham Əliyev bütün müharibələrin qurban tələb etdiyini və qəddarlıq olduğunu göstərməklə yanaşı, böyük auditoriyanın diqqətinə Azərbaycanın və Ermənistanın apardığı müharibənin fərqlərini çatdırdı. Azərbaycan üçün bu, azadlıq müharibəsi, Ermənistan üçün isə bu, işğalçı müharibədir.
Prezident onu da diqqətə çatdırdı ki, tarixdəki rolu haqqında fikirləşməyib və əsas vəzifəsini Azərbaycan xalqının etimadını doğrultmaqda, verdiyi vədləri yerinə yetirməkdə görür. Bu suala cavabı iradəsini ifadə etdiyi xalq verə bilər. Paşinyan isə erməni xislətinə sadiq qalaraq bu suala cavabında da acizliyini göstərdi.
Siyasətdən, tarixi reallıqlardan bixəbər olan bir şəxsin Ermənistan kimi kəskin təzadlar ölkəsinə rəhbərlik etməsinin özü uçurumun astanasında dayanmaqdır. Sərbəst sual hər iki ölkənin rəhbərinə həqəqətlərə həqiqətin dili ilə cavab vermək şəraiti yaratdı. Cənab İlham Əliyev tarixə, Azərbaycan həqiqətlərinə faktların dili ilə müraciət etdiyi halda, N.Paşinyan bu imkandan öz avantürasını davam etdirmək üçün fürsət kimi bəhrələndi. Müsahibələr, ümumilikdə, bu qənaətə əsas verdi ki, Rusiya auditoriyası cənab İlham Əliyevin simasında bir tərəfdə təcrübəli, fikirlərini auditoriyaya məntiqi ardıcıllıqla çatdıran və izah edən, özünə güvənli və hərəkətlərinin düzgünlüyünə əmin olan dünya səviyyəli lideri, digər tərəfdə isə özünü itirmiş, zəif mövqe və məhdud potensiala, dar düşüncəyə malik, həqiqəti adekvat qiymətləndirmək əvəzinə avantürist fərziyyələr və uydurmalar səsləndirən, cılız və miskin Paşinyanı görür.
Ermənistan bu gün təxribatları ilə nəyəsə nail olacağını düşünsə də, bunun sabun köpüyündən başqa bir şey olmadığını dərk edir. Çünki Azərbaycan dövlətinin qətiyyəti, xalqın iradəsi, ordumuzun gücü Azərbaycanın işğal altında olan bütün torpaqlarının azad olunacağına əminliyi artırır və o gün uzaqda deyil.

AzərbaycanRespublikasının Prezident İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına verdiyi
müsahibəni yadımıza salırıq. Müsahibədə Ermənistanın işğalçı siyasətinən, törətdikləri cinayətdən, terordan və Türkiyə-Azərbaycan dostluğundan söhbət getdi.
Qeyd olundu ki, Ermənistan tərəfi, adətən, döyüş meydanında məğlubiyyətə uğrayanda mülki şəxslərə atəş açır. Bu birinci Qarabağ savaşında da müşahidə edilib. Məhz Xocalı soyqırımını törədənlər həmin mənfur Ermənistandır. Bu, insanlığa qarşı cinayətdir, bir daha Ermənistanın yırtıcı xislətini göstərir. Ancaq bir də onu göstərir ki, bu namərd hücumlar Azərbaycanı yolundan döndərə bilməz, Azərbaycan xalqının iradəsini qıra bilməz.

Mülki şəxslər arasında insan itkisi davam edir, Azərbaycan ordusu heç zaman mülki şəxslərə qarşı atəş açmır, baxmayaraq ki, Gəncəyə, Tərtərə hücumlar oldu. Azərbaycan vətəndaşları öz torpağında qürurla yaşayırlar və bütün bu çətinliklərə dözürlər. Onları birləşdirən bir amal var – Qarabağın qaytarılması, Azərbaycan bayrağının işğal edilmiş bütün torpaqlarda qaldırılması və ərazi bütövlüyünün bərpa edilməsi.

Ancaq görünür ki, Ermənistan bu atəşkəsdən istifadə etmək istəyir, bir gün keçməmiş qədim Gəncəyə namərd hücumları təşkil etdilər. Ondan sonra digər şəhərlərimizi, Mingəçeviri, hətta Xızını..., əslində heç bir münaqişə zonası olmayan torpaqlarımızı vurmağa başladılar və faktiki olaraq bu atəşkəsi kobudcasına pozdular.

Ermənistan Azərbaycanın təbii sərvətlərini də talan edir. Kəlbəcərin qızıl yataqlarını qanunsuz olaraq istismar edir, oradan çıxarılan qızılları Ermənistan aparır, xaricə satır və pul qazanır. Onların əsas məqsədləri bu torpaqları əbədi Ermənistanın tapdağı altında saxlamaq idi. Amma onlar buna da nail ola bilmədilər.

Qardaş Türkiyə və Pakistan Azərbaycana ilk dəstək olan ölkələrdir. Onlardan sonra Əfqanıstan açıq dəstək göstərdi. Bosniya və Herseqovina, ondan sonra digər ölkələr dəstək göstərdilər. Ən çox dəstək göstərən qardaş Türkiyə olmuşdur. Bu Azərbaycanı daha da ruhlandırdı. Fransa həmsədr kimi bitərəf olmalıdır. Hər bir ölkənin başqa ölkə ilə xüsusi əlaqələri ola bilər. Ancaq həmsədrlik artıq başqa bir mexanizmdir. Bu, həmsədr olan ölkələrin üzərinə böyük məsuliyyət qoyur. Ona görə də, onlar bu mandat çərçivəsində gərək bitərəf olsunlar. Bu günə kimi Fransanın addımları və yanaşması müsbətdir.
İran və Gürcüstan öz hava məkanını və quru yollarını Ermənistana silahların daşınmaması üçün bağladı. Buna görə, İran və Gürcüstan hökumətlərinə bir daha təşəkkür edirik.

Hazırda Türkiyənin gücündən narahat olan dairələr var. Türkiyə artıq 20 il əvvəlki Türkiyə deyil. Bunu bilirik, Türkiyədə yaşayan qardaşlarımız da bilirlər. Heç kim Türkiyəyə nəyi isə diktə edə bilməz, nəyi isə məcbur edə bilməz. Türkiyə öz maraqlarını, öz müttəfiqlərinin maraqlarını dünyada layiqincə müdafiə edir, öz təhlükəsizliyini bildiyi kimi təmin edir, beynəlxalq aləmdə söz sahibidir.
Rəcəb Tayyib Ərdoğan dünya lideridir . O, Türkiyəni böyük zirvələrə qaldırdı. Türkiyəni ləyaqətli, qürurlu dövlət kimi bütün dünyaya tanıtdırdı.
Bu gün Türkiyəni onun kimi sevən, onun maraqlarını müdafiə edən, öz sinəsini irəli verən ikinci bir insan yoxdur Türkiyədə. Azərbaycanda bunu hər kəs bilir. Onun sözləri, onun addımları, onun varlığı bütün türk dünyası üçün önəmlidir və türk dünyasının birləşməsi, işbirliyinin dərinləşməsi istiqamətində bundan sonra da böyük səylər göstəriləcək.

"Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar" - deyən Prezident İlham Əliyevi ən çox kədərləndirən Azərbaycanın itkiləridir. - Həm mülki vətəndaşlar arasında, həm də əsgərlər arasında. Gənc əsgərlərimiz fədakarlıq, rəşadət göstərərək doğma torpaqları uğrunda şəhid olurlar. Bu, böyük faciədir, xalqımız üçün, onların yaxınları üçün, valideynləri üçün böyük faciədir. İstər mülki vətəndaş olsun, istər hərbçi olsun, fərq etməz, onların hamısı soydaşlarımızdır, övladlarımızdır, qardaşlarımızdır.

Şübhəsiz, Azərbaycan xalqı iradəlidir, mərmi altında yaşayan insan yerindən tərpənmir. Tərtəri Ermənistan Stalinqrada çevirir. İndiki Azərbaycan o Azərbaycan deyil. İndiki Azərbaycan güclü dövlətdir və özünü qoruya bilən bir dövlətdir. İnsanlar mərmi altında yaşayır, oranı tərk etmir, evləri yanır, malları batır, amma deyirlər ki, təki “Vətən sağ olsun!”

Prezident İlham Əliyev hər zaman Ulu Öndərin yoluna sadiqdir. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı ona etimad göstərəndə seçkilərdən əvvəl demişdi ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Böyük layihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır.
Azərbaycan Respublikasının Prezident, Ali Baş Komandanımlz İlham Əliyevin liderliyi ilə tariximizin ən parlaq dövrünü yaşayırıq.
Cənab Prezidentimiz İlham Əliyev, demək olar ki, hər gün dünyanın tanınmış telekanallarına verdiyi müsahibələr vasitəsilə Azərbaycan həqiqətlərini dünyaya çatdırır. Dünya ölkələrinin əksəriyyəti Ermənistanın işğalçı və terrorçu dövlət olduğunu bilməlidir.
Bilməlidir ki, Qarabağ Azərbaycandır!

Bu gün çox qürurverici haldır ki, Azərbaycan Ordusu üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə qadir olduğunu hər gün nümayiş etdirir.
Son əks-hücum əməliyyatlarının nəticələri Azərbaycan Ordusunun əməliyyatının daha da uğurlu olmasına şərait yaradır.
Düşmənin təxribatlarının qarşısını layiqli cavab tədbirləri ilə alan ordumuz hansı imkanlara malik olduğunu bir daha işğalçı dövlətə göstərir. Düşmən müzəffər Azərbaycan Ordusundan aldığı cavabı, zərbəni uzun müddət unutmayacaq. Azərbaycan xalqını heç zaman məğlub etmək mümkün deyil, millətimiz mərd və yenilməzdir. “Mən əldə edilmiş uğurlar münasibətilə Azərbaycan xalqını, Azərbaycan Ordusunu təbrik edirəm!
Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!”, - söyləyən dövlətimizin başçısı cənab İlham Əliyev daim çıxışlarında ermənilərin təxribatı nəticəsində Azərbaycan hərbçilərinin, mülki şəxslərin həlak olduğunu önə çəkərək onların qanının yerdə qalmayacağını bəyan edir.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında möhkəm surətdə birləşmək, qəhrəman ordumuza hərtərəfli dəstək vermək müqəddəs borcumuzdur. Xalqımız ürəkdən inanır ki, Prezident İlham Əliyevin apardığı ədalətli və qətiyyətli siyasət qalib gələcəkdir. Həmin günü səbirsizlikə gözləyirik!

Qələbə bizimlədir!
Bizim işimiz haqq işidir.
Biz qalib gələcəyik!
Milli Ordumuz tezliklə zəfər çalacaq, qələbə sevincini Azərbaycan xalqına yaşadacaq!

Hər qələbə yeni nəfəs,
Hər qələbə salacaq səs,
Qoyma yağı alsın nəfəs.
Yor, qoluna qurban olum!
Vur əsgərim.
Vur, qoluna qurban olum!

Çox keçməz, üçrəngli, ayulduzlu bayrağımız gözəl Şuşamızda, Xankəndidə, Laçında, Qubadlıda, Kəlbəcərdə... dalğalanar.
O günə lap az qalıb...

Nurlanə Əliyeva,
YAP Qaradağ rayon təşkilatı Siyasi şurasının üzvü, Qadınlar şurasının sədr müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
366 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...