Prokuror jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərə cəza istəyib

Prokuror jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərə cəza istəyib


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edib. O, Elşən İsmayılov və Arif Əliyevin hər birinin 14 il, Camal Məmmədovun 12 il, Samir Məmmədov və Kənan Mədətovun hər birinin 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmələrini istəyib. Proses martın 1-də davam etdiriləcək.

Qeyd edək ki, Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyev orada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.

C. Hüseynovun üzvü olduğu "Qəbələ" futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.

Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inandığını qeyd edib, bunun ölkəmiz və idmanımızın imici üçün də çox vacib olduğunu vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
878 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...