Cəlilabadda hektarlarla torpaq sahələri zəbt edilib- Qarabağ əlilləri fəryad edir-FOTO

Cəlilabadda hektarlarla torpaq sahələri zəbt edilib-
Cəlilabadda illərdir ki, qanunsuz torpaq zəbtlərinin qarşısını almaq hələ də mümkün olmayıb. Problem yerində qaldıqca, narazılıqların da sayı artır. Hektarlarla torpaq sahələri məmur qohumları və yaxınları tərəfindən zəbt edilib. Rayonda torpaq əkmək üçün haqqı olduğunu deyən şəhid və qazi ailələri kənarda qalıb. Onlara ancaq yalan vədlər verilir.

Redaksiyamıza üz tutan Qarabağ veteranı Sarvan Xudaverdiyev və Qarabağ əlili Bəxtiyar Qürbətov da bu qanunsuzluqlardan cana doyduqlarını və yerli məmurların isə onların xahişini eşitmədiyini bildirirlər. Sarvan Xudaverdiyev Cəlilabadın Maşlıq, Bəxtiyar Qürbətov isə Muğan kənd sakinidir. Sağlamlıqlarını torpaq uğrunda qoyduqlarını deyən hər iki döyüşçü, o torpaqdan əkib-becərə bilmədiklərindən gileyləniblər.

Onlar məsələylə bağlı İcra başçısı hörmətli Rafiq Cəlilovun da qəbulunda olduqlarını deyirlər. Bəxtiyar Qürbətov icra başçısıyla görüşünü belə xatırlayır:

Cəlilabadda hektarlarla torpaq sahələri zəbt edilib- Qarabağ əlilləri fəryad edir-FOTO
“Bələdiyyə sədri icra başçısının göstərişini vecinə almır?”

“İcra başçısı Rafiq Cəlilovun qəbulunda oldum. Mən də torpaq əkib-becərmək istədiyimi bildirdim. İcra başçısı Muğan bələdiyyəsinin sədri Vasif Həsənova göstəriş verdi, amma problem həll edilmədi. Belə məlum olur ki, bələdiyyə sədri icra başçısının tapşırıqlarını vecinə almır. Amma Vasif Həsənovun atası Rasif Həsənov 100 hektardan çox ərazini öz himayəsində saxlayır. Bir sözlə, qanunsuz torpaq zəbtlərinə bələdiyyə sədri Vasif Həsənovla atası Rasif Həsənov himayədarlıq edir. Çünki onlar həmin şəxslərlə şərikdirlər”.

Sarvan Xudaverdiyev isə beş il iki ay birinci Qarabağ savaşında döyüşdüyünü, 44 günlük Vətən müharibəsində isə oğlanlarının döyüşdüyünü deyir:
“Bələdiyyə sədri rayon rəhbərinin tapşırığını eşitmirsə...”

“Beş dəfə icra başçısının birinci müavini Qalib Xudaverdiyevin qəbulunda olmuşuq. Sonuncu dəfə isə icra başçısı Rafiq Cəlilovun qəbulunda olduq. Beş il iki ay Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Zəngilanın Mincivan kəndində ayağımdan ağır yaralanmışam. 44 günlük Vətən müharibəsində isə oğlanlarım-Atakişi və Novruz Xudaverdiyevlər döyüşüblər. Bütün bunları icra başçısının diqqətinə çatdırdım. İcra başçısı da mənə torpaq verilməsi üçün bələdiyyə sədri Vasif Həsənova göstəriş verdi. Amma binadan ayrılan kimi problemimiz həll edilmədi. Bir sözlə, bələdiyyə sədri Vasif Həsənov rayon rəhbərinin tapşırığını eşitmirsə, biz onda məcburuq ölkə başçısından kömək istəyək”-deyə Xudaverdiyev bildirib.

Hər iki Qarabağ veteranı torpaqları zəbt edən şəxslərin siyahısını də redaksiyamıza təqdim ediblər. Onlar təklif edir ki, aidiyyatı qurumlar ərazidə araşdırma aparsın və görsünlər ki, bu şəxslər nə qədər yerləri zəbt ediblər. Həmin şəxslərin adlarını və zəbt etdikləri torpaq sahələrinin hektarlarını təqdim edirik:

Maşlıq kənd sakini Şahbazov Əşrəf üç il öncə dünyasını dəyişib, amma 25 hektar torpaq zəbt edib. Ə.Şahbazovun Rusiya vətəndaşları olan oğlanları-Fərail və İntizam Şahbazovlar hər biri ayrı-ayrılıqda 25 hektar yer zəbt ediblər. Onlar Azərbaycanda yaşamadıqları üçün ümumilikdə 75 hektar torpaq sahəsini Uzuntəpə kənd sakini Fariz Nəsirova icarəyə veriblər.

Bundan əlavə Muğan, Maşlıq və Söyüdlü sovetliyinin icra nümayəndəsi Rövşən Həsənovun atası Allahverdi Həsənov 25 hektar yer zəbt edib.
Nəsirov Tural 15, Hüseynov Tahir 5, Hacı Xudu adlı şəxs 5, Zeynal adlı şəxs (Uzuntəpə) 10, Kamran adlı şəxs (Uzuntəpə) 10, Maşlıq sakini Vahid Əliyev 15, Maşlıq kənd sakini Məhərrəmov Həmzəxan 25, Alxas adlı şəxs 40, Eldəniz Novruzov 110 hektar torpaq sahəsini zəbt edib. Qeyd edək ki, haqqında danışdığımız torpaq sahələri Maşlıq kəndinin örüş sahələridir.

Ən sensasion xəbər isə ondan ibarətdir ki, bələdiyyə sədri Vasif Həsənovun atası Rasif Həsənov 110 hektar örüş sahəsini zəbt edib və öz nəzarətində saxlayır.

Cəlilaba icra başçısı təyin edilən Rafiq Cəlilov rayonda işlər görür, problemlərin həllinə çalışır. Şəhid ailələrini ziyarət edir, onların problemləriylə maraqlanır. Bəs görən haqlarında danışdığımız bu iki veteranın niyə probleminin həllinə çalışmır?! Axı bu cür şikayət yazıları rayon adına müsbət göstərici deyil. Ümid edirik ki, hər iki veteranın şikayətinin həll xəbərini də eşidib buna görə icra başçısına təşəkkür edəcəyik.
Mövzu diqqətimizdədir. Yazıda adları hallanan şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.
Araşdırma qrupu.//siam.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
816 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...