Abbas Abbasovla gizli biznes şəriki olan məmurlar İDDİA

Abbas Abbasovla gizli biznes şəriki olan məmurlar

Konstitusiyamızın 89-cu maddəsinin 4-cü bəndində konkret olaraq göstərilir ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatından məhrum edilir. Ölkəmiz müstəqillik qazanandan indiyə kimi hələlik bu təcrübənin şahidi olmamışıq.

Başqa sözlə desək, Milli Məclisin bəzi biznesmen deputatları qanunsuz fəaliyyətlərinə görə mandatdan məhrum edilməyiblər. Qanun isə birmənalı şəkildə deputatların özəl sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını qadağan edir. Buna rəğmən, hazırda parlamentdə təmsil olunan bir sıra millət vəkilləri aktiv biznes fəaliyyəti ilə məşğul olurlar. Bilirik ki, onların biznes fəaliyyəti rəsmi şəkildə təsdiqlənmir. Çünki müxtəlif biznes sahəsinə sərmayə yatıran millət vəkilləri sahibi olduqları obyektləri ayrı-ayrı qohumlarının, ailə üzvlərinin adına rəsmiləşdirirlər. Belə olan təqdirdə həmin şəxslərin biznesə qurşanmasını sübut etmək müşkülə çevrilir. 96 saylı Goranboy - Naftalan seçki dairəsindən deputat seçilən Mahir Aslanovun da adı biznesmen millət vəkillərinin sırasında çəkilir. Məlumat üçün deyək ki, adıçəkilən deputat Milli Məclisin aqrar siyasət komitəsinin üzvüdür və parlamentdə daha çox passivliyi ilə seçilir.

Məhz bu səbəbdən həm seçiciləri, həm də həmkarları onun fəaliyyətindən bir o qədər də razı deyillər. Apardığımız araşdırmalar nəticəsində millət vəkili ilə bağlı bəzi maraqlı məqamlara aydınlıq gətirə bildik. Əldə etdiyimiz məlumatlara görə, Milli Məclisdə 96 saylı Goranboy-Naftalan seçki dairəsini "təmsil edən" deputatın bəzi yaxın qohumları yüksək postlarda çalışırlar. Etibarlı mənbənin sözlərinə görə, deputatın əmisi oğlu Natiq Aslanov ölkənin ən gəlirli rayonlarından biri hesab edilən Naftalanın icra başçısıdır: "İcra hakimi Naftalan şəhərində doğulsa da, əslən Goranboyun Qaşaltı kəndindəndir və indi də orada yaşayır. Orta məktəbi hədsiz dərəcədə zəif oxuyub və onun Gəncədə yerləşən Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına necə daxil olduğu ciddi araşdırılmalıdır. Çünki rəsmi sənədlərdə onun bu ali məktəbə nə vaxt daxil olduğu göstərilməyib və 1993-1994-cü illərin qəbul sənədlərində də adına rast gəlinmir. Yalnız 1998-ci ildə ali məktəbi bitirdiyi qeyd olunub. Onun hərbi xidmətdən də boyun qaçırdığı haqda təkzibedilməz məlumatlar var. Belə ki, vaxtilə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının hərbi kafedrası olsa da, Natiq Aslanovun həmin hərbi kafedranı bitirib-bitirmədiyi haqda hər hansı məlumat verilmir. Deputat əmisi oğlu ilə birlikdə Naftalanda sayı-hesabı bilinməyən qanunsuz işlərə imza atıb. Onun rayonun ərazisində bir neçə iri ticarət obyekti və mülkü var. Millət vəkili həmçinin "Hafka" ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədovla da yaxın qohumdur. Onlar qudadır. Deputatın biznes şəbəkəsinin genişlənməsində məhz "Hafka"nın böyük rolu olub. Millət vəkilinin oğlu Məhəmmədəli Aslanov Hafiz Məmmədova məxsus "Bank of Azerbaijan"ın idarə heyətinin sədridir.

Mahir Aslanovun kürəkəni də həmin bankda pay sahibidir. Yəni Hafiz Məmmədov bankın səhmlərinin 42,97 faizini oğlanları Kənan və Sənanın adına, 13,31 faizini isə qardaşı Mübariz Məmmədovun adına rəsmiləşdirib". Məlumatlı mənbənin iddiasına əsasən, Milli Məclisin passiv deputatı nəhəng biznes imperiyasına sahibdir: "O, "Kəpəz Group"un sahibi kimi tikintidən tutmuş, mebel satışına qədər bir çox fərqli sahəyə nüfuz etməyi bacarıb. "Kəpəz Group" 1992-ci ildə fəaliyyətə başlayıb. "Kəpəz" tikinti, mebel (istehsalı və daşınması), daşıma, restoran (klub), mehmanxana biznesi, həmçinin, təmir və dizaynlaşdırma sahələrində fəaliyyət göstərir. Şirkət hazırda Almaniya, Türkiyə, BƏƏ, Gürcüstan , Rusiya və Rumıniya ilə güclü əlaqələr qurub. "Kəpəz" bir çox sahəni özündə birləşdirən geniş biznes əhatə dairəsinə sahibdir. Deputatın onlarla iri yük daşıma ilə məşğul olan TIR-ları var. Həmçinin İnqilab küçəsində yerləşən "Kəpəz Mebel Evi" də deputata məxsusdur. Deyilənə görə, Milli Məclis üzvünün Bakıda bir neçə hündürmərtəbəli binaları var. Digər tərəfdən, "Kəpəz" otel, "Happy İnn" otellər şəbəkəsinin də ona məxsus olması barədə məlumatlar yer almaqdadır.

Deputatın ən gəlirli obyekti isə Nəsimi rayonunun Abbas Səhhət küçəsində yerləşən "Happy İnn" oteli sayılır. Mahir müəllim bu otelin sayəsində il ərzində külli miqdarda gəlir götürür. Amma əldə olunan vəsaitin nə qədər hissəsinin vergi şəklində büdcəyə keçirilməsi müəmmalı məsələdir. Xüsusən ölkəmizə gələn idmançılar, başda futbol klubları olmaqla "Happy İnn"də yerləşdirilir. Araşdırmalar nəticəsində o da məlum oldu ki, söhbətini etdiyimiz millət vəkilinin baş nazirin sabiq müavini, hazırda Rusiyada yaşayan "Milyarderlər İttifaqı"nın üzvü Abbas Abbasovla da əlaqələri var: "Yayılan məlumatlara inansaq, deputatın keçmiş məmurla çox ciddi ortaq biznesi var. O, Abbas Abbasovla biznes əlaqələrinin hakim dairələrdə bərk narahatlıq yaratmasından ehtiyatlanır. Bildiyiniz kimi, sabiq məmur son illər Azərbaycan hökumətinə qarşı şübhəli davranışları ilə seçilir. Millət vəkili isə belə bir şəxslə biznes əlaqələri qurub. Yəqin ki, gec-tez bunun acısını çəkəcək". Xatırladaq ki, prezident İlham Əliyev bu günə kimi bir neçə dəfə cəmiyyətdə özünü apara bilməyən məmur övladlarına irad tutub. Ölkə başçısı vəzifəli şəxslərin oğlanlarının, yaxın qohumlarının ictimai asayişi pozacağı, avtoxuliqanlıq, qudurğanlıq edəcəyi təqdirdə sərt formada cəza alacaqlarını bildirib. Amma buna baxmayaraq, Mahir Aslanovun oğlu 2015-ci ilin yanvar ayında qanunları ayaq altına ataraq şəhər küçələrində "avtoşluq" edib.

Belə ki, avtoxuliqanlıq edən sürücünün 10 GV 888 dövlət nömrə nişanlı "Maserati" markalı bahalı avtomobili cərimə meydançasına aparılıb. Məlum olub ki, sürücü Famil Mahir oğlu Aslanovdur. Onun iş adamı, Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Mahir Aslanovun oğlu olduğu müəyyən edilib. Deputat oğlunun avtomobili cərimə meydançasına aparılsa da, bir neçə gündən sonra buraxılıb. Məsələ ilə bağlı danışan millət vəkili Famil adlı oğlunun olduğunu bildirsə də, onun idarə etdiyi "Maseratti"nin cərimə meydançasına aparılmasını təsdiqləməyib: "O, orqan işçisidir. Onun qayda pozması və maşınının cərimə meydançasına aparılması inandırıcı deyil. Ancaq hər birimiz qanun qarşısında cavabdehik və bu baxımdan əgər yol hərəkəti qaydalarını pozuruqsa, avtomobilimiz cərimə meydançasına aparıla bilər".

Parlamentin passiv üzvünün fəaliyyətindəki qüsurlar, qanuna zidd məqamlarla bağlı məlumatlar kifayət qədərdir. Gələn saylarımızda onun ARDNŞ-də yüksək vəzifə tutan qohumunun kimliyi, Naftalan və Goranboy rayonlarının ərazisindəki biznes obyektləri, xüsusən də Naftalandakı sanatoriyalar, ticarət mərkəzləri və restoranlar şəbəkəsi, eyni zamanda deputatın Nəsimi rayonundakı beşmərtəbəli imarəti haqda maraqlı məlumatları açıqlayacağıq. Qeyd olunan fikirlərə aydınlıq gətirmək üçün millət vəkili ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz uğursuz alındı. Bununla belə deputatın də münasibətini dərc etməyə hazırıq.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1465 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...