Gənclər və İdman Nazirliyindən 1,6 milyonluq müəmmalı tender - Təfərrüat

Gənclər və İdman Nazirliyindən 1,6 milyonluq müəmmalı tender -
Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azəridmanservis” MMC “Qaya Construction” MMC (VÖEN – 2304060671) ilə satınalma müqaviləsi imzalayıb.

Yeniavaz.com xəbər verir ki, nazirlik müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında imzalayıb.
Müqavilənin şərtlərinə görə, “Qaya Construction” MMC nazirliyin sifarişi əsasında Şəki şəhər stadionunda cari təmir işlərini həyata keçirəcək və qarşılığında 1 milyon 650 min 549 manat 34 qəpik alacaq.
Qeyd edək ki, “Qaya Construction” MMC 25 dekabr 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Quliyev Rauf Məhyəddin oğludur. Şirkətin hüquqi ünvanı Gəncə şəhəri, Dədə Qorqud, ev 7A, m. 19-da yerləşir.
Məlumat üçün bildirək ki, açıqlanan rəsmi məlumatlarda müqavilədə nəzərdə tutulan işlərin icrasına 21 avqust 2025-ci il tarixində başlanılacağı qeyd olunub. Lakin təxminən bir ay əvvəl sosial şəbəkələrdə Şəki şəhər stadionunda təmir işlərinin aparılmasına dair görüntülər yayılıb.
Onu da qeyd edək ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
“Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir. Qanunun tələblərindən də göründüyü kimi, tikinti ilə bağlı işlərin görülməsi məxfi məlumat hesab oluna bilməz.
Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:
- Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
- Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
- Satınalma predmetinə təcili tələbat yarandıqda;
- Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
- Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Bu səbəbdən də, nazirliyin satınalma prosesini bu şəkildə keçirməsi başa düşülən deyil.
Nazirliyin satınalma müqaviləsi imzaladığı “Qaya Construction” MMC-nin dövlət büdcəsinə vaxtında ödənilməyən 13 min 386 manat 92 qəpik vergi borcu da var.
“Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində göstərilir ki, vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olan şirkətlərin tender müsabiqəsində iştirakına yol verilmir.
Rəsmi açıqlmada “Qaya Construction” MMC-nin “Azəridmanservis” ilə imzaladığı satınalma müqaviləsinin icrasına avqust ayının 21-dən başlayacağı bildirilir. Belə görünür ki, MMC-nin müqavilə imzalayan zaman vergi borcu olmayıbsa, o zaman 13,4 min manatlıq borc son 6 gün ərzində yaranıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
91 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...