Laçınla bağlı müdhiş iddia İDDİA

Laçınla bağlı müdhiş iddia

Binəqədi rayonunda baş verən dəhşətli hadisə yanğın təhlükəsizliyi tədbirlərini yenidən gündəmə gətirib. Məlumat üçün bildirək ki, "Yanğın təhlükəsizliyi haqqında" Qanun Azərbaycan Respublikasında insanların həyatının və sağlamlığının, milli sərvətlərin, mülkiyyətin bütün növlərinin yanğından qorunması məqsədilə fəaliyyət göstərən dövlət yanğından mühafizə və dövlət yanğın nəzarəti sisteminin təşkilinin hüquqi əsasını və prinsiplərini müəyyən edir.

Qanun yanğınların törənməsi və yayılması səbəblərinin və şəraitinin aradan qaldırılmasında dövlət orqanlarının, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların, eləcə də vətəndaşların iştirakına hüquqi zəmin yaradılması, yanğınların qarşısının alınması və söndürülməsi, insanların həyatının və sağlamlığının mühafizəsi, mülkiyyətin bütün növlərinin və vətəndaşların şəxsi əmlakının, təbii sərvətlərin yanğında məhv olmaqdan qorunması, habelə bu sahədə qanunçuluğun möhkəmləndirilməsi üzrə ictimai münasibətləri nizama salır. Bu gün bəzi iri ictimai iaşə obyektlərində, ticarət mərkəzlərində yanğın təhükəsizliyi ilə bağlı görülən tədbirlər o qədər də yüksək səviyyədə deyil. Müşahidələr göstərir ki, son illər ticarət mərkəzlərində bir-birinin ardınca təhlükəli yanğın hadisələri qeydə alınıb. Xoşbəxtlikdən insan itkisi baş verməyib. Amma yanğın təhlükəsizliyinə riayət olunmaması bəzi ticarət mərkəzlərində hər an yanğın hadisəsinin baş verməsinə, eyni zamanda kütləvi insan tələfatına səbəb ola bilər.


Xatırlayırsınızsa, bir müddət əvvəl Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının Nizami rayonunda yerləşən "Laçın" Ticarət Mərkəzinin fəaliyyətinə müvəqqəti qadağa qoyması haqda xəbər vermişdik. Buna səbəb kimi ticarət mərkəzində aparılan təmir-tikinti işləri zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl edilməməsi göstərilib. Qeyd edək ki, aradan bir neçə gün keçdikdən sonra "Laçın" fəaliyyətini yenidən bərpa etdi. Dünən etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, mərkəz işə başlasa da, təhlükəli vəziyyət hələ də sovuşmayıb: "Bura paytaxtın ən böyük alış-veriş mərkəzlərindən biri hesab olunur. Bu yaxınlarda mərkəzin daxili hissəsində, konkret olaraq birinci mərtəbədə yerləşən dükanlarda yenidənqurma işləri aparıldı. Onu deyim ki, mərkəz fəaliyyətə başlayan gündən indiyə qədər yanğın əleyhinə avadanlıqlar quraşdırılmayıb. Təmir işləri aparılan vaxt Fövqəladə Hallar Nazirliyinin rəsmiləri bir neçə dəfə gəlib xəbərdarlıq ediblər. Bildiriblər ki, yanğın təhlükəsizliyi qaydalarına uyğun olaraq hər mərtəbədə yanğın əleyhinə balonlar və digər ləvazimatlar olmalıdır. Amma obyektin rəhbərliyi buna heç bir əhəmiyyət verməyib. Ticarət mərkəzində minlərlə dükan fəaliyyət göstərir. Əksər dükanların elektrik naqilləri hörümçək torunu xatırladır. Həmçinin naqillərin həddən artıq yüklənməsi tez-tez qəzaların baş verməsinə səbəb olur.

Hər gün bura yüzlərlə insan gəlib-gedir. Əgər yanğın hadisəsi qeydə alınsa, o zaman bu qədər vətəndaşın, habelə satıcıların həyatı təhlükə altına düşə bilər. Təəssüf ki, bazarın sahibi Maqsud müəllim belə məqamları nəzərə almır. O bəzi şəxslərin yardımı ilə "Laçın"ın fəaliyyətini bərpa etməsinə nail oldu. İndi də rahat oturub pulunu qazanır. Təhlükəli durum isə davam edir. Müvafiq tədbirlərin görülməsi vacibdir". Ticarət və ictimai iaşə müəssisələri, bazalar və anbarlar üçün yanğın təhlükəsizliyinin əsas tələbləri müəyyənləşdirilib. Bu qaydaların tələblərinə riayət edilməsi təşkilati hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq bütün dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, təşkilatlar, müəssisələr, birliklər, digər hüquqi və fiziki şəxslər üçün məcburidir. Qüvvədə olan qanunvericiliyə müvafiq olaraq ticarət, ictimai iaşə müəssisələrinin yanğın təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyəti bu obyektlərin rəhbərləri, inzibati heyəti və ya sahibkarlar daşıyırlar. Odur ki, "Laçın" ticarət mərkəzinin sahibi Maqsud adlı iş adamı yanğın təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyət daşıyır.

Qarşı tərəfin də münasibətini işıqlandırmağa hazırıq.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
971 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...