SUMQAYIT SƏHİYYƏSİNDƏ TALAN

SUMQAYIT SƏHİYYƏSİNDƏ TALAN

Şəhər Səhiyyə İdarəsinin müdiri Ələkbər Tağıyevlə icra başçısı Eldar Əziziovun birgə «əməliyyat»ı dövlətə milyonlara başa gəlir

Sumqayıt Şəhər Səhiyyə İdarəsi ilə bağlı olduqca maraqlı məlumatlar üzə çıxıb. Bu idarənin ərzaq məhsullarının satın alınması adı altında həyata keçirdiyi əməliyyatlar nəticəsində, təkcə ötən il 1,85 milyon manata yaxın büdcənin vəsaiti xərclənib. Demokratiya.info xəbər verir ki, ilkin mərhələdə bu rəqəmin Sumqayıt kimi bir şəhər üçün elə də böyük olmadığı təəssüratı yaranır. Çünki hazırda sözügedən səhiyyə şöbəsinə 7 xəstəxana, 2 Doğum evi, 5 Dispanser, 3 şəhər poliklinikası, "Kimyaçı" poliklinikasi, 2 Tibbi Sanitar Hissə, 5 uşaq poliklinikası, 2 təsərrüfat hesablı stomatoloji poliklinika, Uşaq stomatoloji poliklinikasi və Uşaq sanatoriyası daxildir. Amma real vəziyyətlə xərclənən pulların arasındakı tərs mütənasiblik ortaya çıxdıqda bu deyilənlərin heç də əbəs olmadığı aydınlaşır.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, təkcə 2012-ci ildə Sumqayıt Şəhər Səhiyyə Şöbəsinə ayrı-ayrılıqda təkcə ərzaq məhsullarının alınması üçün 2 milyon manata yaxın pul ayrılıb.

O pulun 451401 manatı "İdeal Təchizat kommersiya 2012" MMC və "Ayan- 2012" MMC şirkətləri vasitəsi ilə digər ərzaq məhsullarının satın alınmasına «sərf» olunub. "Qızıl Torpaq Kəndli-Fermer" MMC-nin yardımı ilə alınmış ət, süd və kənd təsərrüfatı məhsullarına isə 743000 manat «xərclənib».
Xəstəxanalara çörək alınması işləri isə fiziki şəxs Ruslan Namazova həvalə edilib ki, bu məqsədlə də 64990 manatın «başına daş salınıb».

Deyilənlərə görə, Sumqayıt səhiyyəsinə rəhbərlik edən Ələkbər Tağıyevin tender işlərində böyük səriştəsi var. Belə ki, onun uzun illərdən bəri böyük pullar qazana bildiyi bu işləri də elə yaxın adamları vasitəsi ilə həyata keçirir. 2012-ci ildə 1,85 milyon manatlıq «ərzaq oyunu» isə onun uğurlu «tapıntı»larından sayılır. Təbii ki, Sumqayıt xəstəxanaları üçün ərzaq alınması vacib şərtdir. Lakin indiyə qədər ölkənin ikinci sənaye şəhərindəki tibb ocaqlarında hansı xəstələrə yemək verildiyi müşahidə olunub? İndiyə qədər Sumqayıt xəstəxanalarında müalicə almış və bu məqsədlə palatalara yerləşdirilmiş elə bir şəhər və qeyri-şəhər sakini tapılmadı ki, orada onlara yemək verildiyini təsdiq etsinlər. Məlumatlarda iddia edilir ki, Ələkbər Tağıyev bu oyunlarda təkbaşına deyil və onun ən əsas dəstəkçisi məhz Sumqayıtın icra başçısı Eldar Əzizovdur. Bu barədə gələn xəbərlərdə vurğulanır ki, şöbə müdiri ilə arası «saz» olan icra başçısı təkcə səhiyyədəki ərzaq oyunlarında deyil, digər tender «biznes»lərində də «güclərini» sınayırlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
432 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...