"Veqas"da sağlamlığınızdan ola bilərsiniz İDDİA

"Veqas"da sağlamlığınızdan ola bilərsiniz

Reklamı güclü olan idman kompleksində keyfiyyət çox aşağıdır

Sağlam bədəndə sağlam ruh olar deyiblər. Bu həqiqətən də belədir. İnsanın sağlam və gümrah qalmasının ilkin şərtlərindən biri də fiziki hərəkətlər etməsi, idmanla məşğul olmasıdır. Məlum olduğu kimi, son illər ölkəmizdə idmanın inkişafına xüsusi diqqət və qayğı göstərilir. Paytaxtda, habelə bölgələrdə insanların sağlamlığının qeydinə qalınması məqsədilə idman mərkəzləri tikilərək istifadəyə verilib.

Dövlət hesabına saxlanılan idman arenaları ilə yanaşı, özəl mərkəzlər də açılaraq fəaliyyətə başlayıb. Təəssüf ki, bəzi idman komplekslərinin sahibləri dövlətin bu sahəyə ayırdığı diqqətdən sui-istifadə edərək qanun pozuntularına yol verirlər. Paytaxtın Binəqədi rayonunda yerləşən "Veqas" İdman və Sağlamlıq Kompleksində də müxtəlif problemlər hökm sürür. Qeyd edək ki, bu obyekt həm sosial şəbəkələrdə, həm də müxtəlif televiziya vasitələrində reklam olunur. Vətəndaşlar məhz həmin reklam çarxlarına inanıb "Veqas"a üz tutur. Lakin burda həm vətəndaşlara təklif olunan xidmətlərin qiyməti bahadır, həm də keyfiyyətdən söhbət belə gedə bilməz. Yəni hər şey reklamda qeyd olunduğu kimi deyil, aysberqin görünməyən tərəfləri var. Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, idman və sağlamlıq mərkəzində cərəyan edən ən böyük qanunsuzluq vergidən yayınma ilə bağlıdır: "Belə ki, kompleksə müraciət edən insanlar trenajor, hovuz, sauna, buxar, kafe və digər xidmətlərdən istifadə müqabilində nəzarətçilərə pul ödəyirlər. Qanunla həmin məbləğ kassa nəzarət aparatına vurulmalı və müştəriyə qəbz verilməlidir. "Veqas"da kassa nəzarət aparatının olmasına baxmayaraq, işçilər pulu kassaya vurmur və vətəndaşlara ödəniş qəbzi təqdim etmirlər. Beləliklə külli miqdarda vəsait vergidən yayındırılır. Digər problem idman kompleksinin trenajor zalındakı sanitar vəziyyətlə bağlıdır.

Trenajor zalına hər gün yüzlərlə insan gəlib-getdiyi üçün burda natəməzlik qaçılmaz olur. Müvafiq qaydalara əsasən, zalda quraşdırılan idman avadanlıqları, eləcə də döşəmə hissəsi hər gün təmizlənməli, dezinfeksiya edilməlidir. Buna baxmayaraq, "Veqas"da sanitar qaydalara qətiyyən riayət olunmur. Bu isə kompleksin təklif etdiyi xidmətlərdən yararlanan insanların sağlamlığı üçün təhlükə yarada bilər". Məlumatlı mənbənin sözlərinə görə, mərkəzdə fəaliyyət göstərən böyüklər və uşaqlar üçün nəzərdə tutulan hovuzda da acınacaqlı vəziyyət yaşanır: "Hovuzun suyu vaxtında və tələb olunan şəkildə dəyişdirilmir. Suya o qədər xlor, digər kimyəvi maddələr qatılır ki, bu, insanda dəri xəstəliklərinin yaranmasına, saç tökülməsinə səbəb ola bilər. Hovuzun suyunun həftələrlə təmizlənməməsinə dair iddialar var. Nəzarət isə yox dərəcəsindədir. Üzgüçülük üzrə mütəxəssis olan şəxslər bura üzməyi öyrənməyə gələn insanlara istənilən formada yardımçı ola bilmirlər. Başqa sözlə desəm, camaatı başlarından eləmək üçün onlara xüsusi proqram verirlər və buna uyğun olaraq hərəkət etmələrini tapşırırlar. Əslində isə üzgüçülük müəllimləri üzməyi yenicə öyrənən insanlara ən xırda detalları ətraflı başa salmalıdır. Çünki vətəndaş bunun qarşılığında "Veqas" İdman və Sağlamlıq Kompleksində hər ay müəyyən miqdarda pul ödəyir. Reklamı güclü olan idman mərkəzində keyfiyyət çox aşağı səviyyədədir. Obyektin sahibi tanınmış şəxsləri, məsələn müğənniləri, idmançıları bura cəlb edir ki, reklamı güclü olsun. Təzə açılan zaman müştəri yığmaq üçün şərtlər tam başqa idi. Amma bu gün vəziyyət tamam ayrı cürdür". "Veqas" İdman və Sağlamlıq Mərkəzinin fəaliyyəti sosial şəbəkələrdə də dəfələrlə tənqid edilib. Belə ki, Ceyhun Şıxəliyev adlı vətəndaş öz statusunda yazıb: "Bu gün oğlumu 40 dəqiqə hovuzda üzəndən sonra qovublar. Deyiblər ki, yeni qaydalara görə 1 saat üzmək olar". Samir Abdullayev isə bunları deyib: "1 saat üzgüçülük olur. Üzgüçülük müəllimi heç bilmir üzmək nədi, bütün günü əlində telefonla oynayır".


Səsləndirilən fikirlərə aydınlıq gətirmək üçün (012) 568 00 17 nömrəsinə zəng vursaq da, rəhbərlikdən heç kimi yerində tapa bilmədik. Buna rəğmən, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

P.S. Masaj otağında baş verənlərdən də xəbərdarıq.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
3246 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...