Fərhad Qəribov oğlunu həbsdən qoruya biləcəkmi?

Fərhad Qəribov oğlunu həbsdən qoruya biləcəkmi?

Çətin vəziyyətə düşən deputat qudası Ərəstun Cavadovun köməyindən yararlanır

Milli Məclisin deputatı, biznes fəaliyyəti ilə daha çox gündəmə gələn Fərhad Qəribovun oğlu Elnur Qəribovun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması son günlərin ən çox müzakirə olunan mövzularından birinə çevrilib. Deputat oğlunun hansı səbəbdən saxlanılması barədə heç bir məlumat açıqlanmayıb. İddialara əsasən, Elnur Qəribov iş adamı kimi fəaliyyət göstərir. Onun adına bir sıra banklarda kreditlər olub.

Məmur oğlunun banklardan böyük miqdarda kredit götürdüyü təsdiqlənsə də, onun hansı səbəbdən saxlanılması, xüsusilə də məlum Beynəlxalq Bank işində dindirilib-dindirilməməsi ilə bağlı dəqiq məlumat yoxdur. Məmur oğlunun dindiriləndən sonra sərbəst buraxıldığı deyilir. Fərhad Qəribovun digər oğlu Zöhrab Qəribovun da axtarışa verilməsi barədə məlumat yayılıb. Xatırladaq ki, bu haqda ilk olaraq "Gündəlik Bakı" qəzeti hələ mart ayında xəbər yaymışdı. Bildirmişdik ki, deputatın oğlanlarından ikisi vergi cinayəti ilə bağlı axtarışa verilib: "Millət vəkilinin dörd oğlundan ikisi nəzarətlərində olan şirkətlərdə külli miqdarda vergidən yayınma halına yol veriblər. Atasının nüfuzuna arxayın olan qardaşlar qazandıqları böyük vəsaitlərdən dövlət büdcəsinə vergi keçirməyiblər. Beləcə, dövlətə külli miqdarda ziyan dəyib. Millət vəkilinin oğlanları açıq-aşkar şəkildə vergi cinayəti törədiblər. Məlum olduğu kimi, son vaxtlar vergi qanunvericiliyinin tələblərini pozan, vergidən yayınan şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu kontekstdə deputatın oğlanlarının barəsində vergi cinayəti ilə bağlı axtarış elan edilib".

Bununla yanaşı, bir müddət əvvəl Milli Məclis üzvünün adı 2 milyonluq maxinasiyada hallandırılıb. Yayılan məlumatlara görə, deputata məxsus "Debüt" Kommersiya Bankı vasitəsilə dövlətin 2.96 milyon manatı yoxa çıxarılıb. Hətta Baş Prokurorluq da bu barədə məlumat yaymışdı. Prokurorluğun məlumatında qeyd olunurdu ki, "Debüt" Kommersiya Bankı ASC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırma zamanı fonddan daxil olmuş materialda qeyd edilən xüsusatlar təsdiq olunmaqla büdcə vəsaiti hesabına müvəkkil kredit təşkilatı kimi "Debüt" Kommersiya Bankı ASC-yə 2006-2008-ci illərdə ayrılmış 2 milyon 961 min 500 manat güzəştli kreditin bankın vəzifəli şəxsləri tərəfindən qulluq mövqeyindən sui-istifadə etməklə ayrı-ayrı hüquqi və fiziki şəxslərdən saxta biznes planları, hesabat sənədləri qəbul etməklə külli miqdarda güzəştli dövlət kreditinin mənimsənilməsində şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 195.2 (külli miqdarda ziyan vurmaqla qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.

Həmin vaxt o da bildirilirdi ki, məsələ ilə bağlı F.Qəribov da qeyri-rəsmi olaraq dindirilib. Millət vəkilinin özü və oğlanları barəsində yayılan xəbərlər bununla bitmir. Araşdırmalar göstərir ki, deputatın oğlu Zöhrab Qəribov bir müddət əvvəl, daha dəqiq desək 2011-ci ildə atasına böyük problemlər yaradıb. Bu barədə 2011-ci ilin oktyabr ayının 6-da Kürdəmir Şirə Zavodunun qətlə yetirilən mühasibinin oğlu Kərim Mehdiyev "Yeni Müsavat"a göndərdiyi məktubda şok faktları açıqlayıb. Məhz həmin məktubdan sonra Nadir Mehdiyevin ölümü ilə bağlı yeni məqamlar üzə çıxıb. "İlk öncə onu qeyd edim ki, şirə zavodunun mühasibi Nadir Mehdiyev 2011-ci ilin aprel ayının 7-də səhər saatlarında Kürdəmir rayonunun Xırdapay kəndindəki evindən çıxıb və bir daha geri qayıtmayıb. Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları Nadir Mehdiyevin cəsədini aprelin 29-da Kür çayının Carlı kəndi ərazisindən keçən hissəsindən tapıblar. Onun oğlu bildirib ki, aprelin 7-si atası Nadir Mehdiyevə deputat Fərhad Qəribovun Kürdəmirdəki şirə zavodunun direktoru Şahid zəng edib, işə gəlməsini tapşırıb. Onun sözlərinə görə, atasını sonuncu dəfə Kürdəmir bazarının qarşısında Fərhad Qəribovun oğlu Zöhrab Qəribovun maşınına minən görüblər. Deputatın oğlu həmin vaxt "HENKEL-AZ KİMYA" MMC-nin direktoru idi. Zöhrab Qəribov vaxtilə Yasamal Rayon Polis İdarəsində polis zabiti işləyib. "Bəndatma adı ilə millət vəkili oğlunun şirkətinin hesabına külli miqdarda pul köçürdüb. Yeyinti izini itirmək üçün atamı qurban veriblər", deyə K.Mehdiyev vurğulayıb.


Əldə etdiyimiz məlumatlara görə, deputatın oğlunun adının çəkildiyi xoşagəlməz hadisələrin ört-basdır edilməsində F.Qəribovun qudası, Milli Məclisin digər üzvü Ərəstun Cavadovun böyük rolu olub. Deyilənə görə, Mərkəzi Univermağın rəhbəri hüquq-mühafizə orqanlarındakı əlaqələrini işə salaraq deputatın oğlu tərəfindən törədilən qanun pozuntularının üstünü ört-basdır etməyi bacarıb. Elnur Qəribovun həbsi haqda xəbərlərin intensivləşməsi onun atasının məsələyə münasibət bildirməsi ilə nəticələnib. "Oğlumun hüquq-mühafizə orqanları tərəfindən saxlanılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Yayılan məlumatların hamısı yalandır. Heç kimə borcu yoxdur. Elnur 8 il bundan əvvəl Cahangir Hacıyevlə şərikli iş qurub. Sonradan onların işi alınmayıb. Beynəlxalq Bank işi ilə bağlı cinayət işi başlanıb. İstintaq zamanı onunla birgə işləyən və vaxtilə şərik olan şəxsləri də çağırıb sorğu-sual edirlər. Bu məqsədlə Elnur Qəribovdan da bu şəriklik barədə soruşublar. Lakin bu o demək deyil ki, oğlum barədə istintaq başlanıb, yaxud onu saxlayıblar. Hazırda hər iki oğlum şəhərdədir. İnanmayan gəlib onları görə bilər", deyə deputat bildirib. Özəl qaynaqlardan aldığımız informasiyaya əsasən deputatın oğlu hələlik sərbəst buraxılıb: "Amma bu Elnurun tam olaraq məsuliyyətdən kənarda qalması demək deyil. İstintaqın sonrakı mərhələsində deputatın oğlunun yenidən dindiriləcəyi gözlənilir. Əgər onun maliyyə xəyanətində iştirakı sübuta yetirilsə, o zaman barəsində həbs qətimkan tədbiri seçilə bilər. Buna baxmayaraq, deputat oğlunun bu məsələlərdən kənarda qalması üçün ciddi cəhd göstərir. Bu işə görə hətta ən mötəbər əlaqələrini səfərbər etdiyi deyilir".

Fikrimizcə, deputatın oğlanlarının məlum bank qalmaqalında iştirakının olub-olmaması, həmçinin vergidən yayınma ilə bağlı irəli sürülən ittihamlar obyektiv şəkildə araşdırılsa, bir sıra qaranlıq məqamlara aydınlıq gətirilə bilər.

Qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

P.S. Deyəsən qudaların arası dəyib.

"Gündəlik-Bakı" qəzeti


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
4868 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...