İSMAYILLIDA FERMERLƏRİ MÜFLİS EDƏN KİMDİ?

İSMAYILLIDA FERMERLƏRİ MÜFLİS EDƏN KİMDİ?

Ölkə iqtisadiyyatının əhəmiyyətli hissəsini təşkil edən kənd təsərrüfatının yenidən dirçəldilməsi məqsədilə 2004-cü il tarixdə "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti yaradıldı.

Bu gün ASC-nin çoxşaxəli funksiyalarına alınmış texnikaların və texnoloji avadanlıqların məhsul istehsalçılarına lizingə verilməsi və ya lizinq yolu ilə satılması ilə yanaşı, həm də kənd təsərrüfatı məhsulları istehsalçılarının maddi-texniki bazasını möhkəmləndirmək, onlara aqrotexniki xidmətlər göstərmək, kənd təsərrüfatı texnikası, texnolojı avadanlıq, ehtiyat hissələri, mineral gübrələr, xəstəlik və ziyanvericilərə qarşı mübarizə preparatları ilə, tinglərlə, yüksək reproduksiyalı buğda toxumu və damazlıq heyvanlarla təmin etmək aiddir. Əlbəttə ki, bütün bunlar "Aqrolizinq" ASC-nin rəsmən tanınmış, necə deyərlər, görünən funksiyalarıdır.

Bu gün "Aqrolizinq" ASC-nin əhatəli struktur bölmələri şəbəkəsi mövcuddur. Cəmiyyətin tabeliyində Bakı mərkəzi təchizat bazası, Gəncə, Şirvan, Ucar rayonlararası təchizat bazaları, Sabirabad, Şəki, Şəmkir regional logistik bazaları və Xaçmaz rayonlararası təchizat və logistik bazası fəaliyyət göstərir. 55 rayonda təsərrüfat hesablı Aqroservis filialları və onların 100-dən çox mexanikləşdirilmiş dəstələri vardır. Lakin cəmiyyətin rayon filiallarının fəaliyyəti də yerli sahibkarlar tərəfindən qeyri-qənaətbəxş kimi qiymətləndirilir. Belə ki, rayonlarda əkin və biçin zamanı kombayn çatışmazlığı ucbatından rayonlarda "Aqrolizinq" ASC-nin rayon şöbələrinə qarşı əhalinin narazılığı haqlı olaraq artmış olur. Çünki dövlətin milyonlarla manat xərcləyərək aldığı müasir taxıl biçən kombaynların toplandığı "Aqrolizinq" ASC-nin rayon filiallarında sözün həqiqi mənasında özbaşınalıq hökm sürür. "Aqrolizinq" ASC-nin rayon filiallarının servislərində taxıl biçən kombaynlar ilkin olaraq varlı insanların, əsasən də məmurların əkin sahələrində çalışdırılır. Onsuz da kasıb olan yoxsul təbəqələrin isə sahələrinə kombaynlar verilmədiyinə görə, kasıbların məhsulları həddindən artıq yetişərək yerə tökülür. Bu sosial bərabərsizlik doğrudan da, kənd əhalisində hakimiyyətə və dövlətə olan inamı sarsıdır. Çünki onsuz da var-dövlətləri başından tökülən məmur təbəqəsinin bitib-tükənməyən tamahı yoxsul insanların son ümidlərinin məhv olmasına yol açır. Məsələn, hələ 2008-2009-cu illər üzrə qurumun Qusar və Ağcabədi rayonlarının filiallarında 123 min manat dövlət vəsaitinin mənimsənildiyi müəyyən edilmişdi. Nəticədə Qusar rayon filialının o vaxtkı müdiri buna görə doqquz il azadlıqdan məhrum edilmiş, Ağcabədi rayon filialının müdiri isə mənimsədiyi pulu dövlətə qaytardığından ona şərti cəza verilmişdi. Həmçinin "Aqrolizinq"in Bərdə filialının rəhbəri də bir müddət əvvəl 7 il azadlıqdan məhrum edilmişdi. Buna səbəb isə həmin filialda nə az, nə çox, düz 160 min manat dövlət vəsaitinin mənimsənilməsinin aşkara çıxması olmuşdu. Lakin qeyd edək ki, bu kimi faktlar kifayət qədər olsa da, hazırdı "Aqrolizinq" ASC-nin rayon filiallarında vəziyyət eyni olaraq qalmaqdadır. Və çox güman ki, bu durumdan yuxarı instansiyalar da xəbərdardır. Bundan əlavə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində "Aqrolizinq" ASC-nin Şəki rayon "Aqroservis" filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı aparılmış cinayət işi qaldırılıb. Məlumatda bildirilir ki, "Aqroservis" filialının rəhbəri Cavanşir Qurbanov 2005-2006-cı illərdə digər vəzifəli şəxslərlə qabaqcadan əlbir olaraq gübrə satışından əldə olunmuş 987 min manat məbləğində pulu mənimsəyib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə rəsmi sənədlərə yalan məlumatlar daxil edərək ASC-yə 360 min manat məbləğində zərər vurub.

Mətbuatın verdiyi məlumata görə, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı rayonunda yerləşən "Aqroservis" filialının fəaliyyətinə dair ciddi iradlar öz əksini tapmaqdadır. Təəssüflə də olsa qeyd etməliyik ki, bu gün cəmiyyətin İsmayıllı rayon filialının fəaliyyəti də yerli sahibkarlar və rayon ictimaiyyəti tərəfindən qeyri-qənaətbəxş kimi qiymətləndirilir. Verilən məlumatlarda filialın rəhbərliyi səriştəsizlikdə, işə məsuliyyətsiz yanaşma tərzində, cəmiyyətin fəaliyyət prinsiplərinin kobud şəkildə pozulması hallarına yol verməkdə ittiham olunur. Bildirilir ki, filialın müdiri Əliağa Həsənov texnikanın fermerlərə lizinglə verilməsi və ya lizinq yolu ilə satılması işində süni əngəllər yaradaraq vəziyyətdən şəxsi maraqlarının təminatı məqsədilə yararlanır. Mənbələr xəbər verir ki, rayonda lizinq yolu ilə texnika alan fermerlər texnikanın qiymətləndirilmiş məbləğlərindən əlavə pul vermək məcburiyyətində qalırlar. Filialın fəaliyyətində korrupsiya hallarının daha çox yer aldığı istiqamətlərdən biri də gübrə və pestisidlərlə təchizat xüsusundadır.

Fermerlərin ioddiasına görə İsmayıllı "Aqroservis" filialında məsələn, azot gübrəsinin hər 50 kq-lıq kisəsinə görə, əlavə 2 manat tələb olunur ki, bu da 1 tonda 40 manat təşkil edir. Sənədləşdirmə, məhsul qəbulu üçün adamlar o qədər "get-gəl"ə salınır ki, bəzilərinin əsəbi axıradək davam gətirmir. Bu vəziyyətdən istifadə edən Əliağa Həsənov isə yerli işbazlarla əlaqəyə girir və azot gübrəsinin 1 tonunu onlara 280 manata satır, hər tona görə 88 manat təmiz qazanc götürür. Büdcə vəsaiti hesabına alınmış məhsul beləcə "qara bazar"a çıxır, bürokratik əngəllərə görə fermerlərin bir çoxu onu elə buradan əldə edi. Bu işlərdə isə əsas iştirakçılar həm də yerli icra nümayəndələri və bələdiyyələrdir. Yəni anbardan çıxarılan gübrənin həcminə uyğun olaraq onların köməyi ilə saxta sənədlər tərtib edilir. Axı bu şəxslər güzəştli şərtlərlə gübrə və subsidiyaların verilməsi ilə bağlı yerli komissiyalarda təmsil olunur, əllərində məhsul yetişdirənlərin dövlət aktlarının surəti olur. Yerli icra və bələdiyyə orqanları dövlətdən güzəştli şərtlərlə gübrə və subsidiya qoparmaq üçün çox vaxt əkin sahələrini süni surətdə şişirdir. Bu şişirtmədə "Aqroservis" filialı ilə yerli icra nümayəndələri və bələdiyyə sədrlərinin maraqları üst-üstə düşür...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
369 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...